
Azərbaycanın aparıcı müxalifət partiyalarının fəalları prezidentliyə iddialı, müxalif Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyliyə dəstək verəcək. «Mən həmin şəxslərin adlarını çəkmək istəmirəm. Ancaq onlar mənim seçki fonduma müəyyən vəsait köçürəcəklər və seçkiyə hazırlıqla bağlı digər məsələlərdə mənə kömək edəcəklər», cümə axşamı Trend News-a Əlibəyli özü məlumat verib.
Əlibəyli vurğulayıb ki, artıq müxalifət partiyalarının fəalları onun imzatoplama kampaniyasına yardım göstərirlər. «Namizədliyimin qeydə alınması üçün tələb olunan 40 min seçici imzasının təqribən 20 mini toplanıb. İndiyə qədər cəmi 2 rayonda Masallı və Gədəbəydə kiçik insident olub. Yəni polis bu işə müdaxilə etmək istəyib və bu məsələ dərhal həll olunub», - deyə o əlavə edib. Əlibəyli bu ayın sonuna imzatoplama kampaniyasını başa vuracağını bildirib. Əlibəyli seçki bloku yaratmaq fikrində olmadığını da əlavə edib. /Trend/