
Azərbaycanın müxalifətyönlü və sol təmayüllü Sosial Demokrat Partiyası prezident seçkisini boykot edən müxalifət partiyalarının yeni birliyinin yaradılmasında iştirak etməyəcəyini açıqlayıb.
«Müxalifətin birliyini yaratmaq heç bir nəticə verməyəcək və hazırda belə bir birlik yaratmaq mümkün deyil», çərşənbə günü Trend News-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.
Əlizadə müxalifətin yeni birliyində təmsil olunmaqla bağlı onlara müraciət olunmadığını bildirib.
«Bu təşəbbüslə çıxış edənlər bilirlər ki, bizə müraciət etsələr, rədd cavabı alacaqlar. Çünki ASDP belə oyunlarda iştirak etmir. Müxalifət prezident seçkisini şəraitin pis olmasına görə boykot etməyib. Onların bu addımı atmaları şəxsi ambisiyaları ilə bağlıdır və yaxşı bilirlər ki, seçki ən demokratik formada keçirilsə də, məğlub olacaqlar. Müxalifətin yeni birlik yaratması da şəxsi ambisiyalara görə baş tutmayacaq», - deyə həmsədr əlavə edib.
Əlizadə qeyd edib ki, indiyə qədər müxalifətin yaratdığı birliklər heç bir nəticə əldə etməyib. Onun fikrincə, boykot tərəfdarları yeni birlik yaratsalar belə, o, bir müddət sonra dağılacaq. /Trend/