
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək. APA-nın məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin daimi nümayəndələr Şurasının Minskdə keçirilmiş iclasında qərar qəbul olunub.
Müşahidə Missiyasına uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olacaq. Uzunmüddətli müşahidəçilərin gələn ay Bakıya gələcəkləri gözlənilir. Missiyanın Azərbaycanda yaradılacaq seçki qərargahına isə MDB İcraiyyə Komitəsinin Seçkilər şöbəsinin rəhbəri Yevqeni Sloboda rəhbərlik edəcək. Y. Sloboda artıq bir neçə gün əvvəl Bakıda olub, MSK sədri Məzahir Pənahov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşüb.
Şuranın iclasında, MDB XİN başçıları və dövlət başçıları şuralarının oktyabrın 9 və 10-da Bişkekdə keçiriləcək iclaslarının gündəlikləri də təsdiq olunub. Nazirlərə müzakirə etmək üçün 26, prezidentlərə isə 18 məsələ təklif olunur. /APA/