 Bu gün Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyən ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq 22 saylı Nəsimi II Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində açıqlama ilə çıxış edib. A. Sterlinq bildirib ki, rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir: “ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı iki ölkə arasında əlaqələrin dərinləşməsinə, demokratik və iqtisadi islahatlar aparılmasına ən yaxşı zəmanət verəcək”. A. Sterlinq əlavə edib ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 31 əməkdaşı Bakıda və respublikanın bölgələrində seçki prosesini müşahidə edir. Daha 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun müşahidə missiyasının tərkibində müşahidələr aparır. Səsvermənin nəticələri ilə bağlı səfirliyin açıqlayacağı qiymətləndirməyə gəldikdə, A. Sterlinq vurğulayıb ki, ölkənin hər yerindən yekun məlumatlar toplandıqdan sonra ABŞ səfirliyi müşahidəçilərin nəticələrini müzakirə edib, qiymətləndirməsini açıqlayacaq: “Yekun bəyanat Vaşinqtonda Dövlət Departamenti tərəfindən açıqlanacaq”. APA
|