 Tədbirdə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov, “Praqma” Seçki Texnologiyalar Mərkəzinin rəhbəri Oqtay Qasımov, parlament seçkilərində “Parlament-2010” seçki monitorinqi koalisiyasının 113, 114, və 115 saylı dairə seçki komissiyalarını əhatə edən seçki məntəqələrində səsvermənin gedişini izləyəcək müşahidəçilər iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov təmsil etdiyi qurum barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. A. Kərimov çıxışında vurğulayıb ki, “Parlament-2010” seçki monitorinqi koalisiyası qarşıdan gələn parlament seçkilərində 3100 müşahidəçi ilə 80 DSK-nın seçki məntəqələrində seçkilərin gedişini müşahidə edəcək. Tədbirdə daha sonra çıxış edən “Praqma” Seçki Texnologiyalar Mərkəzinin rəhbəri O. Qasımov koalisiya tərəfindən hazırlanmış “Müşahidəçinin qeydiyyat blankı” barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edək ki, “Müşahidəçinin qeydiyyat blankı” 16 bənddən ibarətdir. Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimovun APA-ya verdiyi açıqlamaya görə, onun təmsil etdiyi qurum müşahidəçilərin maarifləndirilməsi istiqamətində ötən gün Balakən, Zaqatala və Qax rayonlarında da belə tədbirlər keçirib. APA
|