 ATƏT Azərbaycanda qarşıdakı seçkilərin demokratik keçiriləcəyini gözləyir. Bu seçkilər Azərbaycanın demokratik cəmiyyətin inkişafı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin reallaşdırılması yollarında irəliyə doğru hərəkət etdiyini nümayiş etdirmiş olardı. Bu barədə Demokratik Təsisatlar və İnsan haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri, səfir Odri Qlover (Audrey Glover) çərşənbə axşamı Bakıda mətbuat konfransında çıxış edib. ATƏT missiyası Azərbaycana ölkə XİN-in dəvəti ilə gəlib və çərşənbə axşamı rəsmən fəaliyyətə başlayıb. Azərbaycanda ATƏT-in 11 ölkəsini təmsil edən ekspertlərinin iki uzunmüddətli qrupu gələcək və onlar seçkiqabağı monitorinq və seçki günü bilavasitə monitorinq keçirəcəklər. 16 nəfərdən ibarət qrupun biri paytaxtda, 26 nəfərdən ibarət ikinci qrup isə Azərbaycanın regionlarında yerləşdiriləcək. Noyabrın 3-də qısamüddətli missiya ölkəyə gələcək. "Biz 400-dən artıq qısamüddətli müşahidəçi tələb etmişik", - Qlover deyib. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır. APA
|