 Səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilər üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır. O. Qlover Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanıb. M. Pənahov seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirilməsi proqramı, hazırkı seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib. O. Qlover sentyabrın 30-da müşahidə missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərin Azərbaycana gələcəyini bildirib. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə ATƏT-in müşahidə missiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb. APA
|