
Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə namizədlərin irəli sürülməsi bir neçə formada həyata keçirilə bilər: Namizədin özü tərəfindən, təşəbbüs qrupu tərəfindən, siyasi partiyalar tərəfindən və siyasi partiyalar bloku tərəfindən.
Əvvəlcə namizədliyin fərdin öz təşəbbüsü və ya seçicilər tərəfindən irəli sürülməsi qaydaları barədə. Seçki Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə seçki marafonunda ilk addım namizədin özünün və ya onun namizədliyini irəli sürən seçicilərin təşəbbüs qrupunun müvafiq seçki komissiyasına yazılı bildiriş təqdim etməsidir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, eləcə də onun əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü) göstərilməlidir. Bundan savayı müvafiq dairə seçki komissiyasına 53.3-cü maddənin tələblərinə görə, namizədin seçiləcəyi halda daşıyacağı vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizəsi də göndərilir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. 53.4-cü maddəyə əsasən namizəd öz ərizəsinə siyasi partiya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır.
Beləliklə, sənədlər Dairə Seçki Komissiyasına (DSK) təqdim olunduqdan sonra müvafiq komissiya tərəfindən təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verilməlidir.
Növbəti mərhələdə Seçki Məcəlləsinin 53.6-cı maddəsinin tələblərinə görə təqdim olunmuş sənədlərə seçki komissiyası tərəfindən ən geci 5 gün müddətində baxılır və namizədə seçki dairəsi üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edilir.
İndi isə siyasi partiyalar və ya siyasi partiyalar bloku tərəfindən namizədlərin irəli sürülməsi prosedurunu nəzərdən keçirək. Əgər namizəd bir siyasi partiya tərəfindən irəli sürülürsə onda Seçki Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə siyasi partiya öz nizamnaməsini əsas gətirərək namizədin irəli sürülməsi haqqında qərar qəbul edir. Qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Yox əgər namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürülürsə o zaman namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. 54.3-cü maddəyə görə namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir: 1. iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı; 2. Siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı; 3. Namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri; 4. Qərarın qəbul edilmə tarixi.
Siyasi partiyalar
Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi seçki komissiyasına aşağıdakı sənədləri də təqdim edir: siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti; siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti; namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu; siyasi partiyanın səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.
Siyasi partiyalar bloku
Namizədin adı ilə birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir: siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.
Seçki Məcəlləsinin 54.7-ci maddəsinin tələbinə müvafiq olaraq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Bu halda da seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxaraq müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir.
İndi isə ikinci mərhələ, yəni namizədlərın müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydaları ilə tanış olaq. Seçki Məcəlləsinin 56-cı maddəsinin tələblərinə görə seçicilərin imzalarının toplanması komissiya tərəfindən qərarın qəbul edilməsi günündən başlanır. İmzalar yalnız namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində toplanılır. Seçki Məcəlləsinin 57-ci maddəsinə görə dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən də imzalanır.
İmzalar toplandıqdan sonra üçüncü mərhələ, yəni namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi mərhələsi başlayır ki, bu da Seçki Məcəlləsinin 58-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədləri təqdim edilməlidir:
1. İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2. Seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
3. Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. Namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
Namizədin qeydə alınması
Namizədin qeydə alınması prosedurun sonuncu mərhələsidir. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyü seçki komissiyaları tərəfindən yoxlanılır. Seçki Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri yoxladıqdan sonra namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat və ya qeydiyyatdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər.
AVCİYA