 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən seçkilərdə olduğu kimi bu il keçiriləcək parlament seçkilərində də seçici fəallığı, seçki öncəsi ölkədəki mühitlə bağlı monitorinqlər aparır. Qurum seçki günü müşahidəçilik missiyasını həyata keçirəcək. Onu da qeyd etmək lazımdır ki, AVCİYA-nın Seçki Qərargahı ilin əvvəlindən başlayaraq artıq bir sıra tədbirləri reallaşdırıb. Assosiasiyanın Seçki Qərargahının səyi nəticəsində təşkilatın regional nümayəndəlikləri də yenidən formalaşdırılıb. Onların seçkilərə hazırlıq səviyyəsi hər zaman diqqət mərkəzində olur. AVCİYA Seçki Qərargahının Lənkəran regional nümayəndəliyinin rəhbəri Ceyhun İsmayılovla da söhbətimiz bu istiqamətdə oldu. – Ceyhun müəllim, ilkin olaraq, nümayəndəliyin fəaliyyəti barədə məlumat verərdiniz? – Bizim regional nümayəndəliyimiz Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındakı dairələrdə seçkilərin monitorinqini aparacaq. Regional nümayəndəliyimiz Lənkəranda yerləşməsinə baxmayaraq, adını çəkdiyimiz hər rayon üzrə koordinatorlarımız fəaliyyət göstərir. Mart ayından başlayaraq, Lənkəran rayonunda bir neçə dəfə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının iştirakı ilə seçki maarifçiliyi ilə bağlı təlimlər təşkil olunub. Bundan başqa koordinatorlarımız müşahidəçilərin hazırlanması üçün təşkil edilmiş xüsusi kurslara cəlb olunublar. Bu kursları müvəffəqiyyətlə bitirənlərə sertifikatlar verilib. Bizim regional nümayəndəlik üzrə müşahidəçilərin toplanması prosesi həyata keçirilir. Proses artıq yekunlaşmaq üzrədir. Müşahidəçilər bir araya gəldikdən sonra onlar treninqlərə cəlb ediləcəklər. Seçkilərə start verildikdən sonra isə paralel olaraq onların dairə seçki komissiyalarında müşahidəçi kimi qeydiyyata alınması reallaşdırılacaq. – Deməli, regional nümayəndəlikdə hazırlıq prosesləri başa çatıb... – Regional nümayəndəliyimiz demək olar ki, parlament seçkilərinin monitorinqinin aparılması üçün tam hazır vəziyyətdədir. Artıq müvafiq konkret tapışırıqlar istiqamətində işlərimizi davam etdiririk. Müşahidəçilərin toplanması ilə bağlı problemlərimizi də aradan qaldırmışıq. – Beynəlxalq təşkilatların cənub bölgəsində fəaliyyəti hansı səviyyədədir? – Ötən seçkilərdə beynəlxalq təşkilatların bölgədəki fəaliyyəti yüksək qiymətləndirilə bilər. O zaman ATƏT-in nümayəndələri ilə bizim regonal ofisimizdə bir neçə dəfə görüşlər keçirilib. Bu görüşlər zamanı nümayəndəliyin işi ilə yanaşı, AVCİYA-nın fəaliyyəti barədə də beynəlxalq təşkilatlara geniş məlumatlar verilib. İndi isə hələlik parlament seçkilərinə start verilmədiyi üçün onların fəaliyyəti də nəzərə çarpmır. Məlumat üçün onu da bildirim ki, bu yaxınlarda MDB-nin dövlətlərarası parlament assambleyasının nümayəndələri regionda olublar. Görüşlər zamanı onlara da fəaliyyətimiz haqqında geniş məlumatlar vermişik. AVCİYA
|