 Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı arasında görüş keçirilib. Görüşdə Müsavat Partiyasının 66 saylı Biləsuvar və 75 saylı Lənkəran-Masallı seçki dairələrini AXCP-nin namizədlərinin xeyrinə güzəştə getdiyi açıqlanıb. Həmçinin, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürməyi nəzərdə tutmuş Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli iddiasından geri çəkilib. O, bu addımı Bakı şəhərindəki seçki dairələri ilə bağlı yaranmış vəziyyətlə izah edib. Qeyd edək ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə AXCP və Müsavat Partiyasından vahid namizəd hələ də müəyyənləşdirilməyib. Q. Hüseynli isə artıq namizədliyini 95 saylı Tərtər seçki dairəsindən irəli sürmək barədə qərar qəbul edib. Partiyalar arasında danışıqların davam etdirilməsi nəzərdə tutulur. Avqustun 31-də Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin növbəti görüşü olacaq. APA
|