 Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların yekunu olaraq DSK sədrlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə MSK sədri Məzahir Pənahov çıxış edərək DSK sədrlərinə tövsiyələrini verib. M. Pənahov deyib ki, seçki prosesi zamanı hər kəs bütün maraqları kənara qoyaraq, ölkənin maraqlarını qorumalı, qanunlara riayət etməlidir. Sonda 125 DSK sədrinə sertifikatlar təqdim olunub. Qeyd edək ki, avqustun 23-də başlanmış kursların davamı olaraq avqustun 28 və 29-da DSK sədrləri üçün mədəni tədbirlər təşkil olunacaq. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. APA
|