 Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyası və AXCP-nin rəhbərliyi arasında parlament seçkilərində vahid namizəd müəyyənləşdirmək istiqamətində növbəti görüş keçirilib. Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. 3 saata yaxın davam edən görüşdə AXCP sədri Əli Kərimli, onun müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiyanın Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı iştirak edib. Görüşdə əsasən Bakı şəhərinə aid olan və regionlardakı bir neçə dairələr üzrə müzakirələr aparılıb. Görüşün səmərəli keçdiyini deyən A. Hacılının sözlərinə görə, danışıqlar nəticəsində iki seçki dairəsi üzrə iki dairədə vahid namizəd irəli sürülməsi barədə razılığa gəlinib. Bunlar 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələridir. Bu dairələrin birindən AXCP, digərindən isə Müsavat Partiyasının təmsilçisi namizədliyini irəli sürəcək. Görüşdə hər iki partiya üçün əsas prinsipial seçki dairələri üzrə razılıq əldə olunmayıb. APA
|