 2008 – ci il prezident seçkiləri ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının üzvləri beynəlxalq təşkilatlarla görüşlərinin davam etdirir. Bu gün ATƏT–in Bakı ofisində AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təşkilatın məsul işçiləri Juliane Markard–Narten və Məryəm Hacı–İsmayılova ilə görüşüb. M.Zülfüqarlı AVCİYA–nın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində geniş fəaliyyəti və Seçki Qərargahının 2004–cü il bələdiyyə və 2005–ci il parlament seçkilərində gördüyü işlər barədə ətraflı məlumat vermişdir. Bundan başqa o, Seçki Qərargahının 2008–ci il prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi, seçkilərin monitorinqi, Exit–poll və Quick–count tədqiqatı ilə əlaqədar görəcəyi işlərlə ATƏT nümayəndələrinin tanış etmişdir. M.Zülfüqarlı həmçinin Seçki Qərargahı ekspert qrupunun hazırladığı kitablar, beynəlxalq konfrans, Seçki Məcəlləsinə təklif olunan dəyişiklər, Seçki Qərargahı üzvlərinin Bolqarıstan və ABŞ–a səfərləri barədə də ətraflı məlumat vermişdir. Juliane Markard–Narten ATƏT–in Bakı ofisinin prezident seçkiləri ilə bağlı planlaşdırdığı işlər barədə ətraflı məlumat verərək seçki maarifçiliyi və seçkilərin monitorinqi ilə bağlı AVCİYA Seçki Qərargahı ilə əməkdaşlığa hazır olduqlarını bildirdi. Daha sonra o qonaqları maraqlandıran suallara cavab verdi. Görüşdə AVCİYA Seçki Qərargahının beynəlxalq məsələlər üzrə hüquqşünasları İradə Tağıyeva və Samirə Məmmədova da iştirak etmişdir.
|