
Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti ilə (BŞİH) bağlı Ali Məhkəməyə şikayət edib. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, partiya mayın 4-də və 18-də kütləvi aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət etsə də, aksiyanın təyin edilmiş yerdə keçirilməsinə razılıq verilməyib. A. Hacılı bununla bağlı Səbayel rayon Məhkəməsinə etdikləri şikayətin təmin olunmadığını, Bakı Apellyasiya Məhkəməsinin isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığını xatırladıb: “Biz bu məsələni İnsan Haqları üzrə Avropa Məhkəməsinə çıxarmaq fikrindəyik”.
A. Hacılı onu da qeyd edib ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinin sentyabrın 28-nə və oktyabrın 18-nə təyin etdiyi aksiyalara icazə verilmədiyi üçün BŞİH ilə bağlı daha bir məhkəmə iddiası hazırlanır. /APA/