
Böyük Quruluş Partiyası (BQP) Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Aydınlar partiyaları ilə blok yaratmaq məsələsini partiyanın strukturlarında müzakirə edəcək. BQP sədri Fazil Qəzənfəroğlunun APA-ya verdiyi məlumata görə, belə bir blokun yaradılması təşəbbüsü BAXCP sədri Qüdrət Həsənquliyevdən gəlib və bu xoşməramlı bir təşəbbüsdür: “Amma hələ partiya strukturlarında müzakirə olunmadığı üçün bu barədə birmənalı fikir bildirmək tezdir. Bu gün biz müstəqil fəaliyyət göstəririk və hər hansı blokda fəaliyyət göstərməklə bağlı qərarımız yoxdur. Hansısa bir seçkilərlə bağlı blok yaratmaq məsələsi olsa, bələdiyyə seçkiləri ərəfəsində belə bir addım atıla bilər”.
Aydınlar Partiyasının Təşəbbüs Qrupunun rəhbəri Qulamhüseyn Əlibəyli isə APA-ya bildirib ki, məsələ ilə bağlı ilkin danışıqlar aparılıb. O, bildirib ki, bloklaşma, digər partiyalarla əməkdaşlığı xüsusi məqsəd kimi qarşıya məqsəd qoymasalar da, digər partiyalardan təcrid də olunmayacaqlar: “Müəyyən məsələlərdə digər partiyalarla əməkdaşlıq edəcəyik, ehtiyac yaranacağı halda seçki bloklarında da təmsil oluna bilərik. Amma bu kimi məsələlər bu günün mövzusu deyil. BAXCP və BQP ilə blok yaratmaq məsələsinə isə partiyamız təsis edildikdən sonra baxacağıq”./APA/