
Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi (inauqurasiya) oktyabrın 24-də olacaq.
Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini təsdiq edib.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən etibarən üç gün ərzində and içir.
And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasiminə (inaqurasiya) xarici ölkələrin dövlət və hökumət nümayəndələrini dəvət etməyib.
«Azərbaycanda mövcud olan ənənəyə görə, prezidentin inaqurasiyasına başqa ölkələrin rəhbərləri və nümayəndələri dəvət olunmur», - çərşənbə günü Trend News-a Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri Novruz Məmmədov bildirib.
Prezident Aparatının rəsmisi deyib ki, Azərbaycan bu dəfə də öz ənənəsinə əməl edəcək.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrinin nümayəndələri Azərbaycan prezidentinin inaqurasiya mərasimində iştirak etmək istəyirlər. Hətta, bir neçə dövlət başçısı da inaqurasiyaya gəlmək istəyir və bununla bağlı mövqelərini bildirib.
«Hansısa ölkənin rəhbəri və ya nümayəndəsi öz istəyi ilə inaqurasiyada iştirak edə bilər», - deyə Məmmədov əlavə edib.
Bu arada, Azərbaycan parlamentinin oktyabrın 24 -nə təyin olunan iclası təxirə salınıb. «İclasın təxirə salınması oktyabrın 24 - də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasiminin keçirilməsi ilə bağlıdır», - bu barədə çərşənbə günü TrendNews - a parlamentdən məlumat verilib.
Parlamentdən verilən məlumata görə, növbəti iclas oktyabrın 28 - də keçiriləck. /Trend/