
Azərbaycanın üç müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku fəaliyyətini dayandırmaq niyyətində deyil.
«Prezident seçkisini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzində «Azadlıq» blokundakı kimi formalaşmış münasibət, qarşılıqlı etimad yoxdur», - çərşənbə günü TrendNews - a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Əliyev Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan «beş»lərin daha geniş spektrdə digər siyasi hərəkatların hesabına genişlənməsini də məqbul hesab etmir.
«Biz dəfələrlə daxili müzakirələrdə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Müxalifətin Əməkdaşlıq Mərkəzindən kənarda qalan qurumlarla münasibətlərimiz onların prezident seçkisinə mövqeyi, hakimiyyətlə mübarizə vasitələrimizə əsaslanır. Ancaq təəssüf ki, prezident seçkisinin yekunlaşması mərhələsində «beş»lərə uyğun münasibət sərgiləyən ikinci bir təşkilat olmadı. Ona görə, formatın genişlənməsi üçün zəmin görmürəm», - Əliyev deyib.
VİP sədrinin sözlərinə görə, «Azadlıq» blokunun ayrılıqda toplantılarının keçirilməməsi bir çox mühüm məsələlərin müzakirəsinin ağırlığının indi MƏM-in üzərinə düşməsi ilə bağlıdır.
Əliyev onu da əlavə edib ki, müxalifətin daha geniş əməkdaşlığı məsələsi gələcəkdə «Azadlıq» bloku çərçivəsində mütləq müzakirə olunmalıdır. /Trend/