
Avropa Şurası Parlament Assambleyasının 2009-cu ilin yanvarında keçiriləcək sessiyasında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, müzakirələr bu qurumun Azərbaycanda prezident seçkilərini müşahidə etmiş nümayəndələrinin hazırladığı sənəd əsasında aparılacaq: “Artıq beynəlxalq təşkilatlar seçki ilə bağlı öz müsbət rəylərini veriblər. Avropa Şurası, Avropa Birliyi və ATƏT-in bununla bağlı sənədləri mövcuddur. Müzakirələr məhz bu rəylər ətrafında olacaq. Əlavə hansısa müzakirələr təşkil olunmayacaq. Burada olan müşahidəçilər, Azərbaycana gələn qonaqlar, Avropa Şurası Parlament Assambleyasının ölkəmizdə olan nümayəndələri burada dedikləri fikirləri orada da təsdiqləyəcəklər. Bu prosedur qayda hər bir ölkədə keçirilən seçkidən sonra təşkil olunur. Hesab edirəm ki, yanvarda normal, müsbət və Azərbaycanın keçirdiyi seçkilərə layiq müzakirələr olacaq”./APA/