Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Parlament seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcək
Parlament seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcəkXalq Heydər Əliyev kursuna və Prezident İlham Əliyevin uğurlu siyasətinə etimadını Yeni Azərbaycan Partiyasına səs verməklə bir daha nümayiş etdirəcək.
Parlament seçkiləri kampaniyasının başlanmasına çox az günlər qalır. Seçki qanuvericiliyinə edilən son dəyişikliklərə əsasən seçki kampaniyasına start seçkilərə 60 gün qalmış veriləcək. Amma Azərbaycan cəmiyyətində seçki əhval-ruhiyyəsi çoxdan hiss olunmağa başlayıb. Seçkiyə qatılmaq istəyən siyasi partiyalar, ayrı-ayrı namizədlər artıq seçki hazırlığına başlayıblar.
Ölkənin ən iri və aparıcı siyasi təşkilatı olan hakim Yeni Azərbaycan Partiyası da parlament seçkiləri ilə bağlı özünün bütün resurslarını hərəkətə gətirib. Təsadüfi deyil ki, hazırda seçki ilə bağlı ölkə ictimaiyyətini düşündürən ən əsas məsələ məhz YAP-ın seçki hazırlığı, o cümlədən namizədlərin siyahısıdır.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də seçki mövzusundadır.

- Əli müəllim, əsas mövzuya keçməzdən əvvəl istərdik ki, 2010-cu ilin arxada qalan dövrünün siyasi-ictimai, sosial-iqtisadi tərəfləri ilə bağlı qənaətlərinizi bölüşəsiniz.

- Seçki ilə əlaqədar söhbət kontekstində mütləq ölkənin durumu, cərəyan edən proseslər ətrafında fikir mübadiləsi əhəmiyyətli rol oynayır. Azərbaycan artıq neçə ildir ki, ardıcıl və davamlı inkişaf yolundadır. Xüsusən respublikamızın iqtisadiyyatı son bir neçə il ərzində dinamik inkişaf edərək yeni keyfiyyət mərhələsinə daxil olub. Təbii ki, bu inkişaf, o cümlədən maliyyə imkanlarının çoxalması digər sahələrin də yüksəlişinə yol açıb, insanların həyatı əhəmiyyətli dərəcədə dəyişib.
Bütün bu müsbət iqtisadi-sosial proseslər respublikamızda 2010-cu ilin ötən dövrü ərzində də müşahidə olunmuşdur. Bu müddətdə də milli iqtisadiyyatımız inkişaf xəttini davam etdirib. 2008-2009-cu illərdə dünyada baş verən ciddi maliyyə və iqtisadi böhran bir sıra ölkələrdən fərqli olaraq 2010-cu ildə də Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərə bilmədi. Həm iqtisadiyyat, həm sənaye, həm kənd təsərrüfatı böyük inkişaf göstəriciləri nümayiş etdirib. Bu inkişafın əsasında Azərbaycan həyatının başqa sferalarında da təkamül və irəliləyiş müşahidə olunmaqdadır. İnsanların rifahının yaxşılaşdırılması, həyat tərzinin yüksəldilməsi, genişmiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, bütövlükdə ölkəmizin simasının dəyişdirilməsi iqtisadi inkişafın birbaşa nəticəsi və açıq şəkildə görünən təzahürləridir.
Bu inkişaf ölkəmizin daxili ictimai-siyasi dayaqlarının möhkəmləndirilməsinə bilavasitə təsir göstərir. Çünki bu inkişaf Azərbaycanda daxili ictimai-siyasi sabitliyin bir yandan nəticəsi, digər yandan əsas səbəblərindən biridir. İqtisadiyyatın inkişafı və bunun əsasında da insanların rifahının yaxşılaşdırılması iqtisadi-siyasi sabitliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa təsir göstərir. Digər tərəfdən, Azərbaycanın inkişafı ölkənin daxili durumunun sağlamlaşdırılmasına və möhkəm dayaqlar üzərində qərar tutmasına birbaşa təsir göstərdiyi kimi, həm də beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verir. Respublikamızın lider dövlət kimi regionda özünü tanıtması, dünya birliyində nüfuzunun artması, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində həlledici rol oynaması regional və beynəlxalq müstəvidə qüdrətlənməsindən xəbər verir. Bütün bunların da kökündə, bazasında dayanan əsas amil iqtisadi inkişaf və bunun üzərində qərar tutan ictimai-siyasi yüksəlişdir. Beləliklə, Azərbaycanda növbəti parlament seçkiləri ərəfəsində cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumu və mənzərəsi kifayət qədər ürəkaçandır. Ən başlıcası isə, insanlar ölkəmizin inkişafının davamlı olduğunu dərk edir və bu davamlı inkişaf fonunda onların gələcəklə bağlı optimist hissləri formalaşır ki, bu da ölkənin ictimai-siyasi mənzərəsini səciyyələndirən ən vacib cəhətlərdən biridir. Bir sözlə, mövcud ictimai-siyasi mənzərə Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində özündə yüksək əhval-ruhiyyəni ehtiva edir.

- Parlament seçkilərinin əsas mərhələsinə - seçki kampaniyasına start verilməsinə günlər qalır. Hazırkı, yəni parlament seçkilərinə rəsmən start verilməsinə qədər olan dövrdə Yeni Azərbaycan Partiyasının seçki hazırlığı necə keçir?

- Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığını kifayət qədər yüksək qiymətləndirirəm. Hazırlıq işləri indiyədək yüksək səviyyədə həyata keçirilib və bundan sonra da əzmlə davam etdiriləcək. YAP parlament seçkiləri ilə bağlı üç istiqamətdə çox gərəkli və lazımlı işlər aparır. Bunun birincisi, YAP-ın daxili strukturlarının seçkiyə hazırlıq vəziyyətinə gətirilməsi, malik olduğu resursların dəyərləndirilməsi və bunun da əsasında vəzifələrin müəyyənləşdirilərək icra edilməsi üçün proqramın hazırlanmasından ibarətdir. Bu mərhələni kifayət qədər uğurla başa vurmuşuq. YAP-ın bütün strukturları, malik olduğumuz resurslar seçkiyə hazır vəziyyətə gətirilib, yüksək seçki əhval-ruhiyyəsi və hazırlıq təmin edilib. Güman edirəm ki, parlament seçkilərinə start verildikdən sonra YAP-ın seçki kampaniyasını uğurla həyata keçirməsi ilə əlaqədar hər hansı problemi və çətinliyi olmayacaq.
İkinci istiqamət seçicilərlə aparılan işdir. Hər bir seçki prosesinin iki tərəfi var - seçilənlər və seçənlər. Hesab edirik ki, seçkinin taleyinin həll olunmasında və nəticələrinin müəyyənləşdirilməsində həlledici rol oynaya biləcək əsas faktor seçicilərdir. Çünki seçmək hüququ məhz seçicilərə məxsusdur. Kimi seçmək, kimə üstünlük vermək səlahiyyəti onlara aid olduğundan seçkinin istənilən partiya üçün uğurlu olması həmin partiyanın seçicilərlə, seçənlərlə, seçmək hüququna malik olanlarla öz münasibətlərini hansı səviyyədə qurmasından bilavasitə asılıdır. Ona görə də YAP-ın seçkiyə hazırlıq kampaniyasının ikinci əhəmiyyətli hissəsi seçicilərlə iş olub. Biz seçicilərimizə münasibətdə həmişə səmimi olmuşuq, əlaqələri yüksək səviyyədə saxlamağa çalışmışıq. Bu səmimilik həm partiyamızın, həm də deputatlarımızın seçicilərlə sıx əlaqələrinin saxlanılmasından ibarətdir. Seçkiyə hazırlıq kampaniyası dövründə də seçicilərlə geniş təmaslarımız qurulub. Bu da hazırlığımızın yüksək səviyyədə olduğunu təsdiqləyən ikinci amil hesab oluna bilər.
Üçüncü istiqamət isə, təbii ki, seçki prosesinin digər əhəmiyyətli tərkib hissəsi olan namizədlərin müəyyənləşdirilməsi və irəli sürülməsidir. Əgər seçkinin taleyini seçicilər və onların iradəsi həll edirsə, bu iradənin formalaşmasına birbaşa təsir göstərən çox əhəmiyyətli məqam layiqli namizədlərin müəyyənləşdirilərək irəli sürülməsidir. Hesab edirəm ki, biz bu istiqaməti də uğurla başa vurmaq üzrəyik.

- YAP bu gün onu Milli Məclisdə təmsil edən deputat korpusunun fəaliyyətindən razıdırmı?

- YAP beş il ərzində onu Milli Məclisdə təmsil etmiş deputat korpusunun fəaliyyətindən razıdır. Həm parlamentdaxili, həm də parlamentdən kənar fəaliyyətdə deputat korpusumuzu təşkil edən insanlar səmərəli işləyiblər. Əgər beş il ərzində Azərbaycanın parlamenti səmərəli şəkildə fəaliyyət göstəribsə, ölkənin ictimai-siyasi həyatının inkişafına əlverişli hüquqi bazanın yaradılmasına xidmət edən qanunların qəbul olunmasında lazımi fəallıq göstəribsə, Milli Məclisin respublikamızın həyatında rolunun artması üçün öz töhfələrini verməyə çalışıbsa və bütün bunların nəticəsində qanunverici orqan beş il ərzində qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələ bilibsə, təbii ki, bütün bunların əldə edilməsində YAP üzvü olan deputatların böyük əməyi var. Azərbaycanın parlamentində keçirilən bütün müzakirələrdə, qanun layihələrinin hazırlanmasında və təqdim edilməsində, parlamentdaxili fəaliyyətdə YAP-ı təmsil edən deputatların fəal olduğunu sübut etmək üçün həddən artıq nümunələr gətirmək olar. Bunu istər parlamentin daxilində parlament üzvləri, istərsə də parlamenti həmişə diqqətlə izləyən Azərbaycan cəmiyyəti də təsdiq edə bilər. Bu mənada YAP üzvlərinin parlamentdaxili fəaliyyətini təqdirəlayiq hesab etmək olar.
Parlamentdən kənar fəaliyyət kontekstində də eyni fikirləri səsləndirmək olar. YAP üzvu kimi Azərbaycanın müxtəlif bölgələrindən Milli Məclisə seçilən deputatlar xalqın elçisi kimi üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün böyük səylər göstəriblər. Özlərinə aid olan birbaşa funksiyalarla yanaşı, eyni zamanda seçicilərin sosial və digər problemlərinin həll edilməsi üçün imkanları daxilində istər nüfuzlarından istifadə edərək, istər müxtəlif amillərdən yararlanaraq həmişə əzmlə çalışıblar. Seçicilər də onların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Təmsil etdikləri bölgənin problemlərinin həll edilməsi üçün dövlət qarşısında çox əhəmiyyətli məsələləri qaldırmaqdan tutmuş onların yoluna qoyulması ilə bağlı digər resursların cəlb edilməsinə qədər atılan addımları da buraya aid etmək istərdim. Bu kontekstdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın parlamentdən kənar fəaliyyətini və bu fəaliyyətin insanlar tərəfindən yüksək qiymətləndirildiyini ayrıca vurğulamaq istəyirəm. Hesab edirəm ki, YAP-ın deputat korpusunun həm parlament daxilində, həm parlamentdən kənarda fəaliyyətinin nə qədər səmərəli, bu və ya digər həm ictimai, həm fərdi xarakter daşıyan problemlərin həll olunmasına öz töhfəsini verdiyini səciyyələndirmək üçün Mehriban xanım Əliyevanın gördüyü işlər və xidmətlər nümunə kimi qeyd oluna bilər.
Digər deputatların da seçicilərin istər fərdi olsun, istər ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar xahişlərinin və müraciətlərinin həll olunması istiqamətində beş il ərzində gördüyü işlər, atdığı addımlar, verdiyi töhfələr kifayət qədər təqdirəlayiqdir. Beləliklə də, YAP-ın deputat korpusunu formalaşdıran konkret millət vəkilləri daim seçicilərin arasında olublar. İctimai proseslərin içərisində olublar və həmişə seçicilərinin yanında onları narahat edən məsələlərin yoluna qoyulmasına imkan daxilində töhfələrini veriblər. Bu, bir yandan deputat korpusunun ictimai-siyasi fəallığının ifadəsidir, digər tərəfdən onların seçicilərin problemləri və qayğıları ilə nə qədər yaxından bağlı olduqlarını özündə əks etdirir. Düşünmürəm ki, YAP-ı təmsil edən deputatlar seçildikləri bölgəni təmsil edən seçicilərin hər hansı probleminə diqqətsizlik göstəriblər. Belə bir nümunəni mən təsəvvür etmirəm və dediyim kimi, deputatlarımızın hər biri malik olduqları səlahiyyətlərdən, imkanlardan istifadə edərək qaldırılan bütün məsələlərin həll edilməsi üçün lazım olan səyləri göstəriblər, cəhdləri ediblər. Bu səylər və cəhdlər də əksər hallarda uğurla nəticələnib və problemlər öz həllini tapıb. Beləliklə də, təkcə qanun yaradıcılığı kontekstində yox, həm də ictimai-siyasi proseslərin fəal iştirakçıları, seçicilərin maraqlarının ifadəçisi kimi YAP-ın deputatları ümidləri, seçicilərin onlara göstərdikləri etimadı doğruldublar.

- Onda belə başa düşmək olarmı ki, parlament seçkiləri ilə bağlı namizədlər siyahısında YAP indiki deputat korpusuna böyük yer verəcək?

- YAP ötən beş il ərzində xeyli inkişaf edib, böyüyüb. Partiyamızın sıralarına yeni insanlar, çox layiqli simalar daxil olub. Bu gün YAP öz sıralarında 500 mindən çox insanı, o cümlədən Azərbaycan cəmiyyətinin ən ləyaqətli üzvlərini birləşdirir. Ona görə YAP-ın həm partiyamızı, həm də seçiciləri Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisdə təmsil etməyə layiq olan nəinki yüzlərlə, minlərlə üzvü var. Buna görə YAP layiqlilərin içərisindən daha layiq olanları seçmək kimi çox incə, bəzi hallarda mürəkkəb və məsuliyyət tələb edən bir vəzifə ilə üz-üzə dayanıb. Bu, çox ciddi araşdırmalar, təhlillər, dəyərləndirmələr aparmağı tələb edir. YAP böyük partiya olduğundan bizim namizədlərimizi müəyyən edib irəli sürmək üçün kifayət qədər istinad edə biləcəyimiz mənbələr var. Bunlar, bizim partiyamızın üzvləri, Azərbaycan cəmiyyətinin çox dəyərli insanlarıdır. Eyni zamanda onu da nəzərə alırıq ki, ötən beş il ərzində ictimai-siyasi həyatımızda özlərini yaxşı tanıdan çoxsaylı yeni, qarşıdan gələn parlament seçkilərində iştirak etməyə layiq olan insanlar ortaya çıxıb.
Eyni zamanda, əvvəldə qeyd etdim ki, YAP hazırda onu parlamentdə təmsil edən deputat korpusunun fəaliyyətindən razıdır. YAP üzvü olan deputatların səmərəli, dövlətçilik və partiya, o cümlədən seçici maraqlarına xidmət edən fəaliyyətləri onlarla bağlı cəmiyyətimizdə gözəl bir ictimai-siyasi ab-havanın formalaşmasına gətirib çıxarıb. Buna görə növbəti parlament seçkilərində istinad edəcəyimiz əsas mənbələrdən biri son beş il ərzində YAP-ı Azərbaycanın ali qanunverici orqanında təmsil etmiş deputat korpusudur. Bu mənada biz qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar namizədlərimizi müəyyənləşdirərkən bütün bu reallıqları nəzərə alırıq.
Namizədlərin müəyyənləşdirilməsi zamanı biz bir yandan, qeyd etdiyim kimi, deputat korpusuna istinad edəcəyik. Bunun da səbəblərini göstərdim. Digər tərəfdən, yeni simalar, yeni nəsli təmsil edən insanlar, ictimai-siyasi həyatımızda fəallıq nümayiş etdirmiş və özünün qarşıdan gələn parlament seçkilərində iştirak etməyə layiq olduğunu artıq göstərə bilmiş çoxsaylı üzvlərimiz var. Bunların bir hissəsi gənclərdir. Gənc nəsil artıq YAP-ın sıralarında özünü göstərə bilib, qabiliyyət və bacarığını nümayiş etdirib. Bununla da onlar özlərini YAP-ı və seçicilərimizi parlamentdə təmsil etmək bacarığına malik insanlar kimi tanıdıblar. Digər yandan YAP-ın başqa yaş qrupuna malik üzvləri arasında da kifayət qədər yüksək fəallıq nümayiş etdirmiş və daha ciddi siyasi proseslərdə iştirak etməyə layiq olduğunu sübut etmiş insanlar var. Bütün bunların hamısı qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinin müəyyənləşdirilib irəli sürülməsində istinad etdiyimiz resurslardır.
İstənilən partiyanın və yaxud konkret namizədin parlament seçkilərində qalib gəlməsinin əsas səbəbi seçicilərin iradəsidir. Təbii ki, bu iradənin formalaşmasında əsas rollardan birini irəli sürülən namizədlər oynayır. Bu mənada YAP-ın böyük resurslara malik olduğunu qeyd etməklə yanaşı, biz həm də onu bilirik ki, YAP-ın namizədi olaraq elə insanlar müəyyənləşdirilib irəli sürülməlidir ki, onlar seçicilərin rəğbətini qazanıb lazımi səsləri toplaya bilsinlər. Buna görə də bir yandan ictimai-siyasi proseslərdə yüksək fəallıq nümayiş etdirmək, ikinci bir yandan isə seçicilərin rəğbətini qazana bilmək kimi seçki texnologiyasının əsasını təşkil edən məqamlar namizədlərimizin müəyyənləşdirilməsi prosesinin əhəmiyyətli bir hissəsini təşkil edir. Biz bu cəhətləri kompleks şəkildə təhlil edərək elə namizədin müəyyənləşdirilib irəli sürülməsinə çalışırıq ki, o, həm seçilə bilsin, həm də seçicilərin rəğbətini qazandıqdan sonra YAP-ı Azərbaycanın Milli Məclisində layiqincə təmsil edə bilsin, ona göstərilən etimadı doğrultmaq parametrlərinə malik olsun. Qeyd etmək istəyirəm ki, bu, incə, çətin, ciddi araşdırma tələb edən məsələdir. YAP bundan əvvəlki seçkilərdə əsas etibarilə bu vəzifənin öhdəsindən lazımınca gələ bilib və inanıram ki, 2010-cu ilin parlament seçkiləri zamanı da partiyamızın irəli sürəcəyi deputatlığa namizədlər bu tələblərə cavab verən konkret insanlar olacaq.

- YAP ötən seçkilərdə bəzi iqtidaryönümlü partiyaların təmsilçilərini, həmçinin namizədlərini dəstəkləyib. Bu proses parlament seçkilərində də baş verəcəkmi?

- YAP çox böyük potensiala malik təşkilat kimi bütün dairələrdən namizədlər irəli sürməyə malikdir. Bununla yanaşı, YAP-dan kənarda da Azərbaycanı və ayrı-ayrı bölgələri, onların seçicilərini Milli Məclisdə təmsil etmək parametrlərinə malik insanlar da az deyil. Biz belə fikirdən uzağıq ki, parlamentdə seçiciləri təmsil etməyə layiq olan insanların hamısı YAP üzvü olmalıdır. Təbiidir ki, digər partiyalarda və yaxud heç bir partiyada təmsil olunmayan insanlar da var ki, onlar ayrı-ayrı bölgələri ali qanunvericilik orqanında təmsil edə bilərlər. Ona görə də biz milli və dövlət maraqları naminə bəzi hallarda namizədliyini irəli sürmüş yuxarıda dediyim keyfiyyətlərə malik olan, amma bizim partiyanın üzvü olmayan insanları da seçkilər zamanı dəstəkləyirik. Bu, 2005-ci ildə də belə oldu. O zaman YAP bir sıra dairələrdə namizədliyini irəli sürmüş ayrı-ayrı ziyalı insanları və o cümlədən bizə yaxın olan partiyalar tərəfindən namizədliyi irəli sürülmüş və parlamentdə xalqı təmsil etməyə layiq adamları dəstəkləmişdi. Bu taktika təqdirəlayiqdir və özünü doğruldur. Biz bunun bəhrəsini əvvəlki seçkilərdə formalaşan deputat korpusunun fəaliyyətində görmüşük. Əgər bu taktika özünü doğruldursa, 2010-cu ilin seçkilərində də bundan istifadə etməliyik. Mümkündür ki, ayrı-ayrı dairələrdə namizədliyini irəli sürmüş YAP-ın üzvü olmayan, lakin Azərbaycan cəmiyyətinin hörmət bəslədiyi insanlar YAP tərəfindən dəstəklənsin. Bu, bütövlükdə Azərbaycanın dövlətçilik maraqlarına uyğundur. Biz bunu düşünərək, dövlətçilik maraqları naminə fəaliyyət göstərərək edirik və bundan sonra da etmək niyyətindəyik.

- YAP-ın təşəbbüsü ilə iyun ayında Seçki Məcəlləsinə edilən dəyişikliklər ilk dəfə praktikada bu parlament seçkisində tətbiq olunacaq. Bu dəyişikliklər seçki sisteminin təkmilləşdirilməsinə hansı töhfəni verəcək?

- Biz o təklifləri Azərbaycanın Seçki Məcəlləsini dəyişdirmək xatirinə etməmişdik. Güddüyümüz başlıca məqsəd Azərbaycanda seçki praktikasını təkmilləşdirməkdən ibarət idi. Biz fərqindəyik ki, Azərbaycan demokratiya yolunda qısa müddətdir ki, irəliləyir. Bununla əlaqədar ölkəmizdə seçki təcrübəsinin də müntəzəm olaraq təkmilləşdirilməsinə və beynəlxalq praktikaya daha da yaxınlaşdırılmasına ehtiyac var. İllər keçdikcə biz bu təcrübəni daha yaxşı mənimsəyirik və özümüzün seçki praktikasını ona maksimum uyğunlaşdırmağa çalışırıq.
Vaxtilə Azərbaycanda seçki kampaniyası dörd ay davam edirdi. Bu, ölkənin seçki praktikasının o zaman azlığı ilə əlaqədar idi. Seçkinin bütün mərhələlərinin uğurla təşkil edilməsi və aparılması üçün lazım olan təcrübə yetərincə olmadığından seçki kampaniyası dörd ay ərzində davam edirdi və bu müddətdə istər seçki administrasiyası, istərsə də seçkiyə cəlb olunmuş insanlar və partiyalar özlərinin resurslarını hərəkətə gətirib seçkiyə hazırlaşırdılar. Amma illər keçdikcə, təcrübə toplandıqca həm seçki administrasiyası, həm də seçkiyə cəlb olunan insanlar və siyasi təşkilatlar tərəfindən seçki kampaniyasının daha səmərəli şəkildə keçirilməsinin zəruriliyi dərk olunmağa başladı. Artıq təcbürə və hazırlıq səviyyəsi imkan verirdi ki, seçki kampaniyası digər ölkələrdə olduğu kimi daha səmərəli şəkildə keçirilsin, resurslar daha səmərəli şəkildə istifadə olunsun. O cümlədən də vaxt kimi çox əhəmiyyətli resursdan daha səmərəli istifadə edilsin. Dəyərləndirmə nəticəsində aydın oldu ki, artıq Azərbaycan da əksər ölkələrdə olduğu kimi seçki kampaniyasını iki ay müddətində keçirməyə tamamilə hazırdır. İstər seçki administrasiyalarının hazırlığı və təcrübəsi nöqteyi-nəzərindən, istər siyasi partiyaların özlərinin seçki kampaniyalarını təşkil etməsi nöqteyi-nəzərindən. Beləliklə, belə hesab etdik ki, əgər bütün demokratik ölkələrdə olduğu kimi seçki resurslarından səmərəli istifadə etmək və seçkini bütün demokratik normalar gözləməklə iki ay müddətinə keçirmək mümkündürsə, bunun qarşısında hər hansı bir maneə yoxdursa və bu müddət ərzində keçirilən seçkidə seçki prosedurlarının tamamilə yerinə yetirilməsinə hər hansı bir əngəl yaranmırsa, bu praktika niyə tətbiq edilməsin?
Əgər seçkinin iki ayda, bəzi ölkələrdə isə ay yarımda keçirilməsi pisdirsə, resurslardan səmərəli istifadə edilməsi məqbul deyilsə, niyə ölkələrin əksəriyyətində seçkilər iki aya, yaxud ay yarıma keçirilir? 2009-cu ildə Azərbaycanda həm referendum, həm də bələdiyyə seçkiləri keçirildi. Təsəvvür edin ki, bunun hər birinin kampaniyası dörd ay davam edərsə, deməli, biz bir ilin ərzində səkkiz ay - 4 ay seçki, 4 ay referendum kampaniyası ilə məşğul olmalıyıq. Necə hesab edirsiniz, bu, səmərəli yoldur? Birmənalı şəkildə demək olar ki, səmərəli yol deyil! Digər tərəfdən, seçki kampaniyasının yarısı təxminən namizədlərin irəli sürülüb, qeydiyyata alınmasına ayrılmışdı. Bələdiyyələrin namizədlərinin qeydə alınması üçün 15 və yaxud 70 imza toplamaq lazımdır. Bu sayda imzanı toplamaqdan ötrü ay yarım, iki ay vaxtın ayrılmasına ehtiyac varmı? Bir halda ki bunu maksimum iki-üç günə də etmək mümkündür. Yaxud, parlament seçkilərində namizədlərin qeydə alınması üçün 450 imza toplanması tələb olunur. 450 imzanı istənilən namizəd və ya partiya bir neçə gün ərzində toplaya bilər. Belə olan halda imza toplanması üçün iki ay müddətin ayrılmasına, vaxtdan bu qədər qeyri-səmərəli şəkildə istifadə etməyə ehtiyac varmı? Ölkənin həyatında seçkilər əhəmiyyətli hadisədir, amma ölkə yalnız seçkilərlə yaşamır. İnsanların digər işləri də var. İstər-istəməz seçkilər çoxsaylı insanların əsas işindən ayrılmasına gətirib çıxarır. Partiyalar seçki kampaniyasının aparılmasından ötrü on minlərlə insanı buraya cəlb etmiş olur. Bu qədər insan, kampaniya nə qədər çox davam edərsə, o qədər də çox müddətdə əsas işindən - əgər tələbədirsə təhsildən, işləyənisə iş yerindən ayrılmalı olurlar. Beləliklə, seçki prosesi vaxt kontekstindən qeyri-səmərəli təşkil edilir. Bunun da ictimai həyatın digər tərəflərinə də mənfi təsiri olur.
Digər bir tərəfdən, seçkiyə qoşulan insanlar və partiyalar öz kampaniyalarını həyata keçirməkdən ötrü xeyli dərəcədə vəsait xərcləməli olurlar. Əgər seçki kampaniyası dörd ay davam edirsə, xərclənən vəsaitlə iki ay davam edən kampaniyada xərclənən vəsait arasında kifayət qədər böyük fərq var. Bütün bunların hamısı nəzərə alınaraq, dünya praktikası və beynəlxalq təcrübəni əsas götürərək belə hesab etdik ki, bütün seçki resurslarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq təcrübəyə daha çox yaxınlaşdırılmış seçkinin keçirilməsi üçün Seçki Məcəlləsinə belə bir dəyişikliyin edilməsinə ehtiyac var.
Beləliklə, biz seçkinin iki ayda keçirilməsi təklifini irəli sürdük və parlament bunu qəbul etdi.
İkinci təklifimiz, seçkilərə qoşulmuş insanlara və partiyalara Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsaitin ləğv edilməsi ilə bağlı idi. Yenə də biz dünya təcrübəsinə istinad edərək gördük ki, heç bir ölkədə seçkiyə qoşulmuş namizədlərə dövlət tərəfindən vəsait ayrılmır. Əksinə, seçkiyə qoşulmaq niyyətinə düşən insanlar da, partiyalar da seçkinin keçirilməsi üçün lazım olan vəsaitləri ya özləri birbaşa öz hesablarına ödəyirlər, ya da onları dəstəkləyən seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Dünya təcrübəsi belədir. Azərbaycanda vaxtilə seçki təcrübəsi hələ yetərincə inkişaf etmədiyindən və cəmiyyətdə seçicilərin seçki prosesinə beynəlxalq təcrübə prizmasından yanaşma münasibəti formalaşmadığından hökumət seçkiyə qatılan insanlara bu və ya digər dərəcədə yardım etmək funksiyasını üzərinə götürürdü. Hesab edirəm ki, bu da artıq keçilmiş mərhələdir. Çünki dövlət tərəfindən ayrılan vəsait konkret insanın seçki kampaniyasının təşkil edilməsi üçün heç də yetərli deyil. Məsələn, 2005-ci ildə seçkiyə qoşulan namizədlərə seçki kampaniyasının keçirilməsindən ötrü dövlət tərəfindən ayrılan vəsait 200 manata bərabər idi. Azərbaycan reallıqları şəraitində 200 manata hər hansı bir seçki kampaniyasının keçirilməsi ağlabatan deyil.
Amma bunun neqativ tərəfi mövcuddur. Bu da ondan ibarətdir ki, bəzi seçkiyə ciddi yanaşmayan insanlar kampaniyaya yalnız dövlət tərəfindən ayrılan vəsaiti əldə etmək niyyəti ilə qoşulurlar. Onların seçki kampaniyasında iştirakı namizədliklərini qeyd etdirib dövlət tərəfindən ayrılan vəsaiti alana qədər davam edirdi. Seçki kampaniyasının digər hissəsində isə bu namizədlərin hər hansı seçki hərəkəti müşahidə olunmurdu. Beləliklə, seçkiyə qeyri-ciddi şəkildə bu prosesə qoşulmuş, əslində prosesin normal işinə əngələ çevrilən çoxlu sayda insanlar qatılırdılar. Ona görə belə hesab etdik ki, bu nüanslar nəzərə alınaraq dövlət tərəfindən partiyalara, namizədlərə vəsaitin ayrılması praktikasına son qoyulmasının vaxtı gəlib çatıb. Bu təklif də Azərbaycanın seçki praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaq niyyəti ilə, bayaq qeyd etdiyim bir sıra xoşagəlməyən nüansların qarşısının alınması məqsədilə edilmişdir.
Güman edirəm ki, 2010-cu ildə keçiriləcək parlament seçkiləri YAP-ın təşəbbüsü ilə Milli Məclis tərəfindən Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişikliklərin tamamilə doğru olduğunu sübuta yetirəcək. Qəti əminəm ki, bu dəyişikliklər, birincisi, Azərbaycanın təcrübəsi əsasında demokratik seçki keçirilməsi üzərinə hər hansı kölgə salmayacaq və yaxud demokratik normalara uyğun seçkilərin keçirilməsini heç bir çətinliklə üz-üzə qoymayacaq. Seçki ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcək. İkincisi, Azərbaycanın seçki praktikası daha çox beynəlxalq seçki təcrübəsinə uyğunlaşmış olacaq.

- ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, Azərbaycanda deputatlığa namizədlərin qeydiyyatı proseduru daha da sadələşdirilməlidir, qeydiyyatla bağlı tələb olunan sənədlərin sayının azaldılması daha məqsədəuyğundur. Bu nə dərəcədə reallığa uyğundur?

- Bilirsiniz, 2005-ci ildə parlament seçkiləri keçirilərkən Azərbaycanda 125 deputat yerinə 2 mindən çox namizəd irəli sürülmüşdü. Bu, orta hesabla hər dairədən təxminən 15-20 namizədin qeydə alınması demək idi. Bəzi dairələr var idi ki, namizədlərin sayı hətta 30-a çatırdı. Beynəlxalq təşkilatların, o cümlədən Azərbaycanda keçirilən seçkiləri müşahidə edən beynəlxalq missiyanın üzvləri bizə "Niyə Azərbaycanda seçkilərə bu qədər insan qoşulub" sualını verirdilər. Təbii ki, bu sualın bir cavabı var: Azərbaycanda namizədliyi irəli sürmək proseduru sadə və asandır. Cəmisi 450 imza toplayıb və özü ilə bağlı məlumatları seçki komissiyasına təqdim etməklə Milli Məclisə deputatlığa namizəd kimi qeydiyyatdan keçmək mümkündür. Reallıq bundan ibarətdir ki, 450 imzanı Azərbaycanda ictimai-siyasi proseslərdə heç zaman iştirak etməyən və demək olar ki, qonşularından və qohumlarından savayı heç kimin tanımadığı hər kəs yığa bilər. 2005-ci ilin seçkiləri göstərdi ki, bu, doğrudan da belədir.
Tələb olunan digər sənədlər isə namizədin şəxsiyyəti, mülkiyyəti, qazancı ilə əlaqədardır. Bunlardan savayı namizədliyini irəli sürən vətəndaşlardan hər hansı sənəd tələb olunmur. Əgər ATƏT-in Bakı ofisinin rəhbəri bu sənədləri çox hesab edirsə, düşünürəm ki, bu, seçkiyə bir az qeyri-ciddi yanaşmanın nümunəsi ola bilər. İstənilən seçki prosesinə seçicilərin rəğbətini qazanmağa azacıq da olsa haqqı çatan insanlar qoşulmalıdırlar. Heç kimin tanımadığı, dəstəkləmədiyi insanların seçki kampaniyasına qoşulmasının seçkinin demokratik, ədalətli keçirilməsinə heç bir aidiyyəti yoxdur. Bu, sadəcə olaraq, həm seçki prosesini, həm də seçicilərin seçimini çətinləşdirir. İnsanlar layiqlilərin seçilməsinə çətinlik çəkirlər. Ona görə də biz ona çalışmalıyıq ki, seçki kampaniyasına elə namizədlər qoşulsunlar ki, onların dəstəklənəcəyinə inam və əsas olsun. Namizədliyə tələb olunan sənədlərin həddən artıq sadələşdirilməsi bu prosesə bütövlükdə qeyri-ciddi yanaşmanı ortaya qoya bilər. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda seçkilərdə namizəd kimi qeydə alınmaq proseduru çox sadədir, tələb olunan sənədlər minimuma endirilib.

- Müxalifət partiyaları artıq bəzi dairələr üzrə irəli sürəcəyi namizədlərin adlarını açıqlayıblar. Ümumiyyətlə, YAP-ın gücü qarşısında müxalifət şansı sizcə nə qədərdir?

- Seçki bir yarışdır. Bu yarışda güclülər qalib gəlir, zəiflər isə məğlub olurlar. Təbii ki, Azərbaycanda da seçki prosesində güclü olan tərəf qalib gəlir. Bu, tamamilə normaldır. Digər məntiq ondan ibarətdir ki, seçkilərdə məğlub olan tərəflər öz məğlubiyyətlərinin səbəbləri üzərində düşünür və yenidən seçkiyə qatılıb-qatılmamaq qərarlarını qəbul edərkən bütün bunların hamısını nəzərə alırlar.
Amma təəssüflər olsun ki, Azərbaycanda qəribə bir praktika formalaşıb. Bu da ondan ibarətdir ki, zəiflər seçkilərdə uğur qazanmayandan sonra heç bir əsas olmadan özlərinin uğursuzluqlarını tamamilə başqa amillərlə əsaslandırmağa çalışırlar. Bəziləri hətta obyektivlik hissini tamamilə unudaraq, seçkilərin guya pozulduğunu iddia edərək özlərini qalib hesab etməyə çalışırlar. Beləliklə də, növbəti seçkidə YAP öz rəqibləri sırasında 5 il əvvəl uğursuzluğa düçar olmuş insanları görür. Mütəmadi olaraq, bu Azərbaycanda illərdir ki, təkrar olunur. Bu mənada YAP-ın bir neçə dəfə onunla yarışda uduzmuş, məğlubiyyətə düçar olmuş partiyalar və konkret namizədlərlə növbəti yarışa girməsi yenilik deyil. YAP onunla rəqabət aparanların nə dərəcədə zəif olduğunu, insanlar tərəfindən dəstəklənmədiyini bundan əvvəl keçirilən seçkilərin təcrübəsi əsasında bilir. Biz onu da aydın dərk edirik ki, müxalifət ona görə zəifdir ki, Yeni Azərbaycan Partiyası güclüdür. Əgər bizim rəqiblərimizin sırasında yeni simalar olsaydı, bəlkə də onların güclü və zəif tərəflərini öyrənmək məcburiyyətində qalardıq. Amma indiki mənzərə ondan ibarətdir ki, YAP demək olar ki, qarşıdan gələn parlament seçkilərində onunla üz-üzə dayanacaq rəqiblərinin hər birinin bütün tərəflərini, resurslarını və texnologiyalarını bilir. Dəfələrlə insanlar tərəfindən etimad qazana bilməyənlərin növbəti dəfə lazımi səsləri toplayacaqları ümumiyyətlə, qeyri-realdır. Hər şeydən əvvəl YAP-ın gücü, eyni zamanda rəqiblərimizin daim uduzmağa adət etmələri, ən başlıcası isə insanların onlara səs vermək istəməməsi qarşıdan gələn parlament seçkilərində bizim uğurlarımızın qəti olacağına inamı gücləndirən amillərdən biridir. Bəlkə də mən buna amil deməzdim, sadəcə olaraq bu, bir seçki ənənəsinə çevrilmiş gerçəklikdir. Əlbəttə, bizim uğurlarımızın əsasında dayanan başqa amillərdir. Bunlar Azərbaycanın inkişafı, Prezident İlham Əliyevin insanlar tərəfindən dəstəklənməsi və onun rəhbərlik etdiyi partiyaya cəmiyyətin rəğbəti və etibarıdır. Qələbələrimizin kökündə dayanan həlledici səbəblər bunlardır. İnanıram ki, Azərbaycan xalqı Heydər Əliyev kursuna və Prezident İlham Əliyevin uğurlu siyasətinə etimadını Yeni Azərbaycan Partiyasına səs verməklə bir daha nümayiş etdirəcək.

Müsahibəni apardı:
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Tarix: 31 Avqust 2010   |  Oxunub: 146 dəfə   |   Kateqoriya: Tədbirlər » Müsahibə
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net