
Azərbaycanda prezident seçkisini izləyən "Azad, Şəffaf və Ədalətli Seçkilər" Koalisiyasının (AŞƏS) müşahidəçiləri bir neçə məntəqədə qanun pozuntusu qeydə alıblar. Bu barədə TrendNews- a AŞƏS - in həmtəsisçilərindən olan Eldar İsmayılov məlumat verib.
Onun sözlərinə görə, qanun pozuntularından biri ailə üzvlərindən birinin digərlərinin, hətta qohumların əvəzinə səs verməyə cəhd etməsidir. AŞƏS Koalisiyasının müşahidəçiləri bu qəbildən olan 3 fakt qeydə alıblar - 66 saylı Biləsuvar seçki dairəsinin 15 saylı seçki məntəqəsində və 92 saylı Zərdab - Ucar seçki dairəsinin 12 saylı seçki məntəqəsində, 94 saylı Bərdə kənd seçki dairəsinin 15 saylı məntəqəsində.
2 məntəqədə isə, sənəd təqdim etməyən seçiciyə bülletenin verilməsi faktı qeydə alınıb. Bu hərəkətlər 76 saylı Lənkəran - Astara seçki dairəsinin 3 saylı seçki məntəqəsində və 94 saylı Bərdə kənd seçki dairəsinin 22 saylı seçki məntəqəsində müşahidə edilib.
AŞƏS Koalisiyasının müşahidə aparılığı 50 seçki dairəsinin 1500 məntəqəsindən yalnız birində “qutulara topa bülletenlərin atılması praktikası”na rast gəlinib. 90 saylı Ağdaş seçki dairəsinin 5 saylı seçki məntəqəsində qeydə alınan bu cəhdin qarşısı AŞƏS müşahidəçiləri və dairə seçki komissiyasının üzvləri tərəfindən dərhal alınıb. /Trend/