SEÇKİ - 2013

Heydər Əliyevin dövlət quruculuğu strategiyası və iqtisadi islahatlar

 

Heydər Əliyevin dövlət quruculuğu strategiyası və iqtisadi islahatlar

 

1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.

Gücünü öz xalqından alan və eyni zamanda, həmvətənlərində ölkənin uğurlu gələcəyinə inam yaradan Heydər Əliyev bütün qüvvəsini Azərbaycanı ağır vəziyyətdən çıxarmağa və hərbi-siyasi sabitlik yaratmağa sərf edəcəyi barədə 1993-cü il avqustun 23-də Bakıda  ümumrespublika  müşavirəsində etdiyi çıxışın və onun real nəticələrinin müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyətini nəinki hər bir qeyrətli vətəndaşımız, dostlarımız qiymətləndirdi, hətta açıq və gizli düşmənlərimiz belə, bunu etiraf etməyə məcbur oldular.

Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən   cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.

Hələ 19 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

 Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması  nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.       

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi  sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir.

Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara  əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm  quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli".

Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad  sahibkarlığa əsaslanan  iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni, müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin  imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə  böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.

Keçirdiyi  müşavirələrdən birində ulu öndər bazar iqtisadiyyatının fəlsəfəsi barədə demişdir: "Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı adamların varlanmasına gətirib çıxarmışdır. Əgər onların  iqtisadiyyata  xeyiri dəysəydi,  bu müddətdə  yeni-yeni  müəssisələr  tikilərdi. Bəlkə də  bir neçəsi olub. Amma bazar iqtisadiyyatı  yolu ilə son illərdə  Azərbaycanda kapital  qoyuluşu  olmayıb, olubsa da,  təəssüf ki, çox az miqdarda olub".

Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüs-karlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur.

Ulu öndər həmişə nominal islahatların, yəni, islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar  həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.

Məlumdur ki, dünya iqtisadiyyatında bazar iqtisadiyyatına keçidin 2 əsas yolu mövcuddur: liberal-monetarist və sosial təmayüllü modellər. Liberal-monetarist doktrinaya əsaslanan keçid modelində xüsusi mülkiyyətin  şəriksiz, mütləq hökmranlığı, işgüzarlığın tam azadlığı, keçid dövründə əhalinin minimal sosial təminatı nəzərdə tutulur. İkinci variant isə bazar mexanizmlərinə əsaslanan qarışıq, səmərəli iqtisadiyyata keçilməsini nəzərdə tutur. Dövlətin keçid dövründə güclü tənzimləmə roluna üstünlük verilir, mülkiyyət formaları - xüsusi və dövlət mülkiyyəti formaları bir-birini tamamlayır, onların hüquqlarının  bərabərliyi qəbul edilir. Dövlət əhalinin gəlirləri, məşğuliyyət, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyatın sosial müdafiəsi zəif olan digər sahələrində güclü sosial təminat siyasətini yeridir.

Birinci prezidentliyi dövründə Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi "landşaftına" hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.

Hər bir mərhələyə uyğun olaraq, həmin illərdə məqsədli kompleks proqramlar işlənib hazırlanmış, onların həyata keçirilmə müddətləri müəyyən edilmişdi. Kompleks proqramların məqsədi - minimum itkilərlə və sosial  çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv tədbirlərə adlamaq idi. Birinci mərhələni, xalq üçün ağır olduğuna görə, mümkün qədər sürətlə həyata keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal tənzimləmə roluna əsaslanırdı.

Avropa dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq, Şərqdə iqtisadi  quruculuq siyasətində dövlətin tənzimləyici roluna həmişə üstünlük verilmişdir. Avropa dövlətlərindən Fransa, İsveçrə və digər ölkələr Şərq üsulunu mənimsəyərək qabaqcıl iqtisadi sistem yarada bilmişlər. Heydər Əliyev ərazi və sahələrarası baxımdan balanslaşdırılmış iqtisadiyyatın yaradılmasını hələ ötən əsrin 70-80-ci illərində - milli iqtisadiyyatımızın əsaslarının yaradılması dövründə olduğu kimi, ikinci hakimiyyəti dövründə də mühüm saymışdır. Onun fikrincə, vacib məsələlərdən biri nəyi  prioritet hesab etməyimizdən, nələrə üstünlük verməyimizdən ibarət idi. Bu gün iqtisadiyyatın bütün sahələrinə  dövlət himayəsi əslində, mümkün deyil və bu, heç məqsədəuyğun da sayılmır. Dövlət müxtəlif mülkiyyət və təsərrüfat formalarına bərabər rəqabət  mühiti  formalaşdırmaqla yanaşı, respublikanın cari vəziyyəti və perspektivi üçün son dərəcə əhəmiyyətli olan iqtisadiyyatın üstün sahələrini müəyyənləşdirməli  və onları  himayə etməlidir. O, haqlı olaraq bu fikirdə idi ki, üstün sahələrin düzgün müəyyən edilməsindən Azərbaycanın dövlətçiliyi, iqtisadi  müstəqilliyi, suverenliyi çox asılıdır.   

Ulu öndərin iqtisadi siyasət proqramında neft amilinin aparıcı rolu  təmin olunmaqla, digər təbii  ehtiyatlardan  səmərəli istifadə edilməsi  bir daha göstərdi ki,  ölkənin inkişafı üçün  sistemli bir  proqram  mövcuddur. Buna görə  ikinci  sistemli  addım - neftlə birlikdə  ölkənin digər təbii  ehtiyatlarının  iqtisadi inkişafa xidməti strategiyası  həyata keçirildi: ölkənin qızıl, mis və gümüş  ehtiyatlarının xarici  investorlarla  birlikdə istismarı haqqında  qərar verildi. Beləliklə,  makroiqtisadi  sabitliyin  dayanıqlığı üçün neftdən başqa, ölkənin  digər qiymətli  təbii sərvətlərindən  səmərəli istifadə  olunması zərurəti yarandı.

Qeyd edək ki, iqtisadi  inkişafın bu amillərinin Azərbaycanda çoxdan mövcud  olmasına  baxmayaraq, bəzi  obyektiv və subyektiv səbəblərə görə onlardan iqtisadi  inkişaf üçün maksimum istifadə edilməsinə müəyyən  məhdudiyyətlər qoyulurdu. Bu amillərdən düzgün bəhrələnib ölkə iqtisadiyyatının  inkişafına təkan verəcək şəxsiyyət yox idi. Siyasi aləmə Heydər Əliyevin gəlişi isə bu  problemin həlli üçün  böyük imkanlar  açdı. 

Azərbaycanda aparılan  investisiya siyasəti  spesifik  xüsusiyyətlərə malikdir. Bunun  mahiyyəti ondan ibarətdir ki,  xarici investisiyaların  cəlb olunmasında  səmərəli iqtisadi mühitin  yaradılmasından başqa,  həm də Heydər Əliyevin  dünya  şöhrətinin  yüksək  rolu olmuşdur. Belə yanaşma investisiyaların təkanverici  qüvvəsini  artırmaqla onlardan iqtisadi  səmərənin  əldə olunması  müddətini  yaxınlaşdırmışdır.

Beləliklə, Heydər Əliyev  islahatları  dü

nya təcrübəsində  müşahidə etdiyimiz bütün  proqramlardan  əsas  bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi  ölkə dörd bir tərəfdən  blokada, müharibə və sosial  sarsıntılar (qaçqınlar problemi) içərisində  olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl  siyasi və iqtisadi  addımlar həyata keçirməklə gətirmişdir.

Belə ki, 1993-cü ildə ölkədə  sosial-siyasi vəziyyətin ağır  olmasına baxmayaraq, ölkə Prezidenti  tərəfindən nəticəsi sonralar  bilinəcək tədbirlər  görülməyə  başlandı. Həmin il iqtisadiyyata  investisiya qoyuluşunun  azalma sürətində dəyişikliklər yarandı.

Tənəzzülün sürətini aşağı salmaq  üçün Heydər Əliyev böyük səy  göstərmiş və  nəticədə ölkə iqtisadiyyatına 1994-cü ildə  əvvəlki ildəkinə nisbətən  1,89  dəfə çox  investisiya cəlb edilmişdi ki, bunun da 48 faizi  xarici  investisiyalar olmuşdur.

İqtisadi islahatların son nəticədə nəyə xidmət etməsi məsələsi barədə Heydər Əliyevin çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən  belə bir qənaətə  gəlmək olar ki,  islahatların nəticələri  özünü daha çox  respublikanın mövcud  iri istehsal müəssisələrində  zəruri  struktur-profil dəyişiklikləri aparılmasında, daxili bazarın ən zəruri məhsullarla  doldurulmasında  və ixracat  potensialının  artırılmasına xidmət edən yeni istehsalatların yaradılmasında, müəssisələrin  modernləşdirilməsində və yenidən  qurulmasında  büruzə verməlidir.

Heydər Əliyevin iqtisadi  baxışlarında  struktur siyasətinin aşağıdakı  istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulurdu:

- maddi və maliyyə ehtiyatlarının yığılması və yenidən bölgüsü ilə "inzibati" və "bazar" üsulları arasında dəqiq hədlərin, şərtlərin qoyulması;

- ölkənin strateji mənafelərini nəzərə almaqla ixrac-idxal əməliyyatlarının tənzimlənməsi;

- xarici investisiyaların struktur islahatlarında səmərəli  fəaliyyətinin təmin olunması.

Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik - iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktual olmuş və ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir.

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi  baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: 1) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını  inkişaf etdirmək; 2) mövcud  iqtisadi potensialdan istifadənin səmərəsini  təxirə salmadan yüksəltmək, onun  dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək.

Belə ki, müstəqillik  şəraitində, heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də təkcə siyasi-mənəvi deyil, həm də  maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın".

Azərbaycanın müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da (hətta Sovetlər İttifaqının dağılması prosesi zamanı dövrün böyük  iqtisadçıları dəfələrlə belə fikir söyləyirdilər ki, Sovetlər İttifaqına mənsub olan yalnız Rusiya və Azərbaycan iqtisadi cəhətdən müstəqil yaşamaq imkanına malikdir), bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etdiyi, bunun isə öz növbəsində, ancaq çox düşünülmüş, cəsarətli islahatlar yolu ilə  reallaşdırılma imkanı ölkə başçısı tərəfindən dəfələrlə vurğulanmışdır.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün  həyati əhəmiyyət kəsb edən mövcud iqtisadi potensialımızın böyük hissəsi Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində yaradılmışdır.

Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün  hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi  qiymətləndirirdi.

İslahatlar aparılarkən xarici  ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, "bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir" və "yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla" həyata keçirilməlidir.

Keçid dövrünün Azərbaycan üçün xarakterik  xüsusiyyətləri  nəzərə alınmaqla iqtisadi islahatların aparılması onun  müvəffəqiyyətini təmin etmişdir və burada Heydər Əliyev  dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti  sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün  sahələrinin dirçəlməsində əhəmiyyətli  rol oynadı.

Respublikamızda iqtisadi islahatlar a

rdıcıl surətdə  həyata keçirilməklə öz müsbət nəticələrini verdi. İslahatların hüquqi bazasını təşkil edən "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Banklar və bank fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında" və bir sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər edilmiş, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq olunmuşdu.

Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata  keçirilməyə  başlanmışdı. 1995-1996-cı illər  ərzində  makroiqtisadi  sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin  aparılması tədbirlərini nəzərdə tutan iki hökumət  proqramı  müvəffəqiyyətlə  həyata keçirilmişdir.

Çox böyük əhəmiyyəti olan beynəlxalq  kontraktların  bağlanması, dünya  ölkələri ilə  iqtisadi əlaqələrin  genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi  və s. məhz Heydər Əliyevin müdrik daxili  və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur. Bütün bunlar Azərbaycanın sabahına inam yaratmış, respublikamızın  ümdə problemlərinin  həllinə, əhalinin rifahının  yüksələcəyinə böyük ümidlər doğurmuş, xalqın  iqtisadi fəallığının artmasına təsir etmişdir. 

Dünya təcrübəsi göstərir ki, islahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa,  bir çox  sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Azərbaycandakı iqtisadi və siyasi durum, müxtəlif siyasi qüvvələr arasındakı ziddiyyətlər nəzərə alınmaqla islahatların müvəffəqiyyətlə həyata keçirilməsini aşağıdakı  şərtlər mümkün etmişdir:

- sosial-iqtisadi proseslərin dağılmış idarəolunma  mexanizmlərinin  təkmilləşdirilmiş formada  bərpası;

- mərkəzi idarəetmə aparatı ilə ərazi bölgələri arasındakı  fəaliyyət mexanizminin təkmilləşdirilməsi;

- islahatların sosial bazasının  genişləndirilməsi və onun  tərəfdarlarının kütləviliyinin təmin olunması.

Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə gəlmək olar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına  möhkəm əsas yaratdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on ilə yaxındır ki,  möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilir. Bu  siyasət Azərbaycanın bölgədə  iqtisadi cəhətdən  lider dövlətə  çevrilməsi  və dünya iqtisadi sisteminə uğurla  inteqrasiya etməsi, ölkədə sosial problemlərin  həlli  və əhalinin həyat  səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması,  işsizlik  problemlərinin  həlli  və infrastrukturun yenidən qurulması  istiqamətində mühüm dövlət proqramlarının ardıcıl  həyata  keçirilməsi üçün möhkəm təməl yaratmışdır. 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə, qeyri-neft sektorunda ümumi daxili məhsul isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq, 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə  tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə  həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

 

azerbaijan-news.az

 

Tarix: 2-05-2013, 01:32 | Oxunub: 1445 dəfə | Kateqoriya:Xəbərlər