SEÇKİ - 2013

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında «Heydər Əliyev irsi və onun tədqiqi» mövzusunda kitab sərgisi açılmışdır

 

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında «Heydər Əliyev irsi və onun tədqiqi» mövzusunda kitab sərgisi açılmışdır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə aprelin 30-da Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda kitab sərgisi keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir. 

Tədbiri açan MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirmişdir ki, elmi fəaliyyətlərinin əsas istiqamətlərindən biri Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Bu məqsədlə 2003-cü ildə "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası" yaradılmış, daha sonra kitabxananın ayrıca "Heydər Əliyev irsinin təbliği" şöbəsi təşkil edilmişdir.

Qeyd olunmuşdur ki, şöbədə 3000-dən çox ədəbiyyat nümunəsi saxlanılır. Bu gün təşkil olunan sərgidə ulu öndərin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasət, mədəniyyət, elm, təhsil,  mühafizə, o cümlədən  daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması və inkişafındakı xidmətlərini əks etdirən 1000-dən çox kitab nümayiş etdirilir.

Sərgi ilə tanışlıqdan sonra daxili işlər naziri Ramil Usubov ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin gənc nəsil tərəfindən öyrənilməsinin mühüm məsələ olduğunu, tarixin belə şəxsiyyətləri hər zaman yetirmədiyini vurğulayaraq ulu öndərin zəngin siyasi və ictimai irsinin öyrənilməsinin elə dövlətçiliyimizin tarixini öyrənmək olduğunu qeyd etmişdir. O, sərginin təşkilinin ulu öndərin irsinin həm də təbliği baxımından mühüm təşəbbüs olduğunu bildirmiş və buna görə AMEA-nın rəhbərliyinə təşəkkür etmişdir.

Daha sonra çağdaş tariximizə qısa ekskurs edən nazir 1993-cü ilin iyununda müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ümummilli liderin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırıldığını, kriminogen durumun nəzarətə götürüldüyünü, ölkəmizdə sabitliyin bərpa olunduğunu vurğulamışdır.

Daxili işlər naziri bütün varlığı ilə Vətəninə bağlı olan müdrik dövlət xadimi Heydər Əliyevin xalqımıza zəngin bir irs qoyub getdiyini xatırlatmış, ulu öndərə sədaqət rəmzi olan, onun həyat və fəaliyyətindən bəhs edən fundamental əsərlərin bundan sonra da yazılacağına əminliyini bildirmiş, bu tükənməz mənəvi sərvətin öyrənilməsi və öyrədilməsinin Azərbaycan dövlətçiliyinə, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasətinə olan sonsuz hörmət və ehtiramın ifadəsi olduğunu vurğulamışdır.

Gün ərzində DİN aparatının, Bakı Şəhər Baş Polis İdarəsinin, Çevik Polis Alayının, Nəqliyyatda Baş Polis İdarəsinin, Baş Mühafizə İdarəsinin və digər struktur qurumların əməkdaşları sərgi ilə tanış olmuşlar.

 

azerbaijan-news.az

Tarix: 1-05-2013, 23:28 | Oxunub: 1296 dəfə | Kateqoriya:Xəbərlər