SEÇKİ - 2013

İlqar Altay prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib

 

 İlqar Altay prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib

 

Prezidentliyə namizədlikdən imtina etmiş İlqar Altay (Məmmədov) 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə açıqlama ilə çıxış edib.

 

APA-nın məlumatına görə, açıqlamada deyilir: “Prezidenti seçkilərində müstəqil, partiyasız vətəndaş kimi namizədliyimi irəli sürmüşəm. Seçkilərə qatılmaqda məqsədim uğurlu nəticə olduğu halda ölkənin bütün siyasi spektrini birləşdirən yeni həmrəylik hökuməti yaratmaqla xalqımızın daha yüksək inkişafına, tam demokratik, azad və ədalətli cəmiyyət qurulmasına nail olmaq olub.

 

Təəssüflər olsun ki, iradəmdən asılı olan və olmayan bəzi konkret səbəblər seçki mübarizəmi davam etdirməyi mümkünsüz edib. Mərkəzi Seçki Komissiyasına rəsmi müraciətlə namizədliyimdən imtina edib seçki kampaniyamı dayandırmışam.

 

Bununla belə, dövlət və vətəninə bağlı hər bir vətəndaş kimi mənim də üzərimdə ölkənin taleyini həll edən, dövlətin varlığını təmin edən prezident seçkiləri timsalında ən yüksək tədbirə biganə qalmamaq barədə məsuliyyət yükü mövcuddur. 

 

Artıq, qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası dövrü başa çatır, seçki gününə sayılı günlər qalır. Bütün seçki prosesini, irəli sürülmüş namizəd kimi içəridən və hüquqşünas-tədqiqatçı kimi kənardan müşahidə etmək, namizədlərin potensialını, perspektivini, şansını real dəyərləndirmək imkanım olub.

 

Hesab edirəm ki, qeydə alınmış 10 namizəd içərisindən hazırkı prezident İlham Əliyev şəxsi potensialı və təkmil hakimiyyət komandası ilə növbəti beş ildə Azərbaycanı bir dövlət olaraq ayaqda saxlayıb inkişafa apara biləcək ən üstün şansa malikdir. Analitik düşüncə göstərir ki, İlham Əliyevin prezidentliyinin birinci beşilliyində dövlət və hakimiyyət quruluşunun möhkəmlənməsinə, ikinci beşilliyində isə, xarici siyasət stabilliyinə, dünya ölkələri sistemində dayanıqlı mövqe tutulmasına xüsusi diqqət ayrılıb və bu amillər hər bir siyasi başlanğıc üçün zəruri, qaçılmazdır. Yığılmış bu potensial artıq prezidentliyinin 3-cü dövründə dövlət başçısının xüsusi diqqətinin daxili siyasətə-bilavasitə xalqın rifahı və problemləri üzərinə yönəlməsini təmin edə bilir, buna gözəl şərait və imkan yaradır.

 

Bu və digər üstün imkan və şanslarına görə 2013-cü il prezident seçkilərində İlham Heydər oğlu Əliyevi dəstəkləyirəm. Hesab edirəm ki, İlham Əliyev seçimi bugünkü, çalxalanan geosiyasi məkanda, qlobal siyasi-iqtisadi böhran okeanında üzən Azərbaycan gəmisinin sükanının etibar edilməsi üçün ən uğurlu və hətta alternativsiz variantdır. Bununla, bütün tərəfdarlarıma və digər, partiya mənsubiyyətsiz müstəqil bitərəf insanlarımıza ölkəmiz üçün həmin vacib seçim üzərində dayanmağı tövsiyə edərdim. 

 

Çox ümidliyəm ki, növbəti beşillik dövrdə dövlət rəhbərliyi ölkədaxili siyasətə əlahiddə yanaşma ortaya qoyacaq: ən müxtəlif sahələrdə köklü demokratik islahatlar aparılacaq, sosial ədalətsizlik, korrupsiya və məmur özbaşınalığına qətiyyətlə “yox” deyiləcək, xalqın və cəmiyyətin bütün sıravi təbəqələri ilə birbaşa təmas qurularaq bir sıra ağrılı problemlər çözüləcək, demokratik müxalifətlə və qeyri-hökumət təşkilatları ilə dialoq şəraiti yaradılıb anlaşma və həmrəylik nümayiş etdiriləcək.

 

Cənab İlham Əliyevə seçkilərdə və sonrakı fəaliyyətində uğurlar arzulayıram.

 

Dəyərli xalqımıza uğurlu seçim və onun real müsbət nəticələrini görməyi arzu edirəm”.

Tarix: 7-10-2013, 21:16 | Oxunub: 1259 dəfə | Kateqoriya:Xəbərlər