SEÇKİ - 2013

“Milli Şuranın 3-4 gün ömrü qalıb”

 

“Milli Şuranın 3-4 gün ömrü qalıb”

 

“Asəf Quliyevin orada baş verənlərə artıq vicdanı dözmədi AXCP-dən və Milli Şuradan istefa verdi”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov AXCP sədr müavini A.Quliyevin partiyadan və Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib.

 

S.Novruzov qeyd edib ki, hazırda Milli Şuranın daxilində çox ciddi problemlər var: “Birincisi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bunlara rəhbərlik etmək əvəzinə başqa işlərlə məşğuldur, seçki prosesləri ilə deyil, özünə pul qazanmaqla başını qatır. İkincisi, Milli Şuranın daxilində olan ziddiyyətlərdir. Açıq Cəmiyyət Partiyasının sədri bunları hansısa multfilmə oxşatması, bunlar haqqında təhqiramiz ifadələr söyləməsi, Eldar Namazovun, ümumiyyətlə, seçki prosesinə qoşulmaması, orada təmsil olunan digər partiyaların kənara çəkilməsi, yalnız AXCP və Müsavatın orada qalması bunlara əyani sübutdur. Bu gün faktiki olaraq orada AXCP və Müsavatdan başqa heç kim iştirak etmir. Bu partiyalar da namizədləri Cəmil Həsənlini axırda ortada qoyub qaçacaqlar. Asəf Quliyev də bunları təbii ki, görürdü və dözmədi. Digər tərəfdən, Asəf Quliyev orada mitinq komitəsinin sədri idi və cəmi 19 gündür seçki təbliğat kampaniyasının getməsinə baxmayaraq, Milli Şura cəmi 9 görüş keçirib. Xüsusilə bunların Sabirabad görüşlərində baş verən biabırçılıq, əhalinin bunlara münasibəti, iradları və s. bunların iç üzünü açdı. Mitinq komitəsinin sədri kimi hər dəfə azalan iştirakçıları görən Asəf Quliyev bunlardan ayrıldı”.

 

YAP rəsmisi AXCP daxilində də ciddi problemlərin olduğunu deyib: “Asəf Quliyev orada partiyanın ilk üzvlərindən biridir. O gördü ki, partiya sədri Əli Kərimlinin üzündən orda da bir dənə də normal adam qalmadı, hamı uzaqlaşıb. Gördü ki, sonuncu odur və onun da vicdanı dözmədi, başını götürüb oradan çıxdı”.

 

S.Novruzov qeyd edib ki, bu cür hallar Müsavatda da ola bilər: “Başqalarına irad tutan bu partiya sədrləri 20-25 ildir ki, hərəsi öz partiyasını monopoliyaya götürüb rəhbərlik edir. Qabiliyyətli, bacarıqlı insanların qabağa getməsinə imkan vermirlər. Müxalifəti özlərinə əbədi iş yeri seçiblər. Bütün bunlar da təbii ki, bunların toplaşdığı Milli Şuranı dağıdacaq. Ümumiyyətlə, bu qurumun cəmi 3-4 gün ömrü qalıb”.

Tarix: 5-10-2013, 04:14 | Oxunub: 1047 dəfə | Kateqoriya:Xəbərlər