SEÇKİ - 2013

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «TOUR D`AZERBAIDJAN» beynəlxalq velosiped turunun açılış mərasimi keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «TOUR D`AZERBAIDJAN» beynəlxalq velosiped turunun açılış mərasimi keçirilmişdir

 

Aprelin 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "TOUR D`AZERBAIDJAN" beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilmişdir.

Dənizkənarı Milli Parkda baş tutan mərasimdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov veloturun iştirakçılarını salamlamış, Azərbaycan paytaxtının artıq mühüm bir idman mərkəzinə çevrildiyini, hər il çoxlu sayda müxtəlif beynəlxalq yarışların keçirildiyini söyləmişdir.

Federasiya prezidenti qeyd etmişdir ki, bu gün Azərbaycan dünya ölkələri sırasında təkcə öz iqtisadi uğurları ilə deyil, həm də idman sahəsində göstərdiyi nailiyyətlərlə tanınmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtda və regionlarda müxtəlif idman qurğuları, Olimpiya kompleksləri tikilib istifadəyə verilir, gənclərin idmana cəlb edilməsi üçün məqsədyönlü işlər aparılır.

Qeyd edilmişdir ki, ölkəmiz artıq ikinci ildir ki, beynəlxalq kateqoriyalı velosiped yürüşlərini qəbul edir. Bu il təşkil edilən "TOUR D'AZERBAIDJAN" Bakı şəhərində start götürəcək, ölkənin tarixi və mənzərəli landşaftları ilə zəngin olan yeddi rayonunun ərazisində keçiriləcəkdir. F.Məmmədov veloturun böyük bir idman bayramı olmaqla yanaşı, ölkəmizdə velosiped idmanının inkişafına yeni bir təkan verəcəyini söyləmişdir.

Federasiya prezidenti velotur iştirakçılarına qələbə sevinci arzulamışdır.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki (Patrick Hickey) çıxış etmişlər.

Sonra "TOUR D'AZERBAIDJAN"da iştirak edəcək komandaların təqdimatı keçirilmişdir. Təmsil etdikləri ölkələrin dövlət bayraqları altında meydana daxil olan komandalar və onların üzvləri ictimaiyyətə təqdim edilmişdir. Veloturda ümumilikdə 24 komanda çıxış edəcək ki, bunların da 17-si kontinental, 5-i milli komandalardır. Hər komandanın tərkibində 6 velosipedçi yarışacaqdır. Bütövlükdə velotura 41 ölkədən velosipedçi qatılır.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Beynəlxalq Velosipedçilər İttifaqının, ölkəmizin müxtəlif idman federasiyalarının nümayəndələri, velosiped idmanı həvəskarları iştirak etmişlər.

Sonra tədbir geniş konsert proqramı ilə davam etmişdir. Əvvəlcə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin, sonra populyar türk müğənnisi Mustafa Cecelinin canlı çıxışları, Azərbaycan incəsənət ustalarının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti olmuşdur.

* * *

Aprelin 30-da Bakıda vellosiped bayramı keçirilmişdir. Azərbaycan Velosiped İdmanı Federasiyası Yeni bulvar ərazisində velosiped həvəskarları üçün "7-dən 77-yə" adlı yarış təşkil etmişdir. Yarışda 7 yaşından yuxarı bütün vətəndaşlar iştirak ediblər.

Tədbirə yüzlərlə velosiped həvəskarı qatılmışdır. Müxtəlif yaş kateqoriyalarında 4 km-ə yaxın bir məsafədə yarışan velosiped həvəskarları böyük bayram əhval ruhiyyəsi yaratmışlar. Hər yaş kateqoriyası üzrə yarışanların qaliblərinə BMW markalı velosipedlər hədiyyə edilmişdir

 

azerbaijan-news.az





Tarix: 1-05-2013, 22:23 | Oxunub: 206 dəfə | Kateqoriya:Xəbərlər