SEÇKİ - 2013

Naxçıvanda Beynəlxalq Telekommunikasiya İttifaqının seminarı keçirilib

 

Naxçıvanda Beynəlxalq Telekommunikasiya İttifaqının seminarı keçirilib

 

Naxçıvan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən "Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası" mövzusunda üçgünlük seminar keçirilib. Müstəqil Dövlətlər Birliyi üzrə regional seminarda 10 ölkədən 50-yə yaxın nümayəndə iştirak edib.

"Duzdağ" hotelində keçirilən tədbirin ilk günündə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və Regional Rabitə Birliyinin üzvü kimi rabitə sahəsində bir çox uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarını prioritet sahə elan etməsi bu sahənin hərtərəfli inkişafı ilə nəticələnib. Bunun məntiqi davamı kimi 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib.

İnformasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda inkişafını qonaqların diqqətinə çatdıran R.Məmmədov qeyd edib ki, son 10 ildə İKT sektoruna 2,5 milyard dollar investisiya qoyulub. Bütün yaşayış məntəqələri telefonlaşdırılıb, telefon şəbəkəsi tamamilə elektronlaşdırılıb. 2005-2008-ci illərdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı Dövlət Proqramına uyğun olaraq, muxtar respublikanın telekommunikasiya şəbəkəsinin Trans-Asiya-Avropa magistralının üzərindən təşkil edilməsi yekunlaşıb. Bu məqsədlə muxtar respublikanın ərazisində 134 kilometr uzunluğunda fiber-optik magistral xətti çəkilib və nəticədə virtual İpək Yolunun bu seqmentinin tranzit imkanları yaranıb. Hazırda "Elektron Azərbaycan" Dövlət Proqramına uyğun olaraq bütün şəhər, rayon mərkəzləri, qəsəbələr və kəndlər arasındakı telekommunikasiya əlaqəsi optik kabellər vasitəsilə həyata keçirilir.

Vurğulanıb ki, Naxçıvanın bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Telefon stansiyalarının 60 faizi üçüncü nəsil avadanlıqlarının payına düşür. Muxtar respublikada 4 mobil operator fəaliyyət göstərir, 430 min abonent mobil şəbəkədən istifadə edir. Yaşayış məntəqələrinin 65 faizində genişzolaqlı internet xidmətləri göstərilir. 2007-ci ildən CDMA texnologiyası ilə işləyən simsiz internet avadanlığı istifadəyə verilib. Bu da əsas yaşayış məntəqələrinin 80 faizini əhatə edir. Ötən ildən Naxçıvan şəhərində "Evədək optika" layihəsinin həyata keçirilməsinə başlanılıb. Statistik məlumata görə, Naxçıvan Muxtar Respublikasında hər min nəfərə 229 kompyuter düşür. İnternet istifadəçilərinin sayı 344 mindən artıqdır ki, bu da təxminən əhalinin 80 faizi deməkdir.

Daha sonra Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Birliyinin icraiyyə komitəsinin rabitə sahəsi üzrə baş direktorunun müavini Natalya Zoryanın, Beynəlxalq Telekommunikasiya İttifaqının regional bölməsi üzrə MDB ölkələri üçün proqram rəhbəri Andrey Untilanın, həmin ittifaqın informasiya-kommunikasiya texnologiyaları üzrə statistik göstəricilər və informasiyalar şöbəsinin rəhbəri Syuzan Telçerin, bu sahə üzrə analitik İvan Valyexonun, Gürcüstanın informasiya və analiz üzrə milli komissiyasının departament sədri Rati Şirtladzenin çıxışları dinlənilib. Çıxışlarda informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyasının əsas qrupları, onların müəyyənləşdirilməsi və metodologiya məsələləri, informasiya-kommunikasiya texnologiyalarının beynəlxalq səviyyədə inkişafı üzrə məlumatların yayılması və vahid şəklə salınması problemləri və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

Seminarın ikinci günü Syuzan Telçerin "Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə İKT indikatorlarının unifikasiyası" mövzusundakı çıxışı ilə başlayıb.  Məruzəçi bildirib ki, ölkələr üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini müəyyən etmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqında yeni indikatorlar yaradılıb. Hazırda yeni indikatorlar  nəzərdən keçirilir. İndikatorlardan 7-si "Elektron hökumət"lə bağlıdır.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının məsləhətçisi, Valensiya Universitetinin müəllimi Marqarita Rorun, Azərbaycan Dövlət Statistika Komitəsinin nəqliyyat, informasiya və rabitə sektorunun rəhbəri Anar Orucovun, Qırğızıstanın İnformasiya Texnologiyaları üzrə Milli Mərkəzinin direktoru Almaz Bakenovun və başqalarının məruzələri dinlənilib.

Son gün isə MDB üzrə Regional Rabitə Birliyinin İqtisadiyyat Komissiyasının 31-ci iclası olub. Moldovanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Eleonora Vasilakinin sədrliyi ilə keçirilən iclasda qurumun İcraiyyə Komitəsinin rabitə sahəsi üzrə baş direktorunun müavini Natalya Zorya Regional Rabitə Birliyinin 2012-ci ildə həyata keçirdiyi tədbirlərin nəticələri ilə bağlı məlumat verib. Birliyə üzv olan ölkələrdə İKT sektoru üzrə reytinq göstəricilərinin ildən-ilə artdığını vurğulayan N.Zorya Azərbaycanın ön sıralarda olduğunu qeyd edib.

Tədbirdə dünyada rabitə sahəsində inqilabi dəyişikliklərin baş verdiyi, bu istiqamətdə Azərbaycanda da sürətli inkişafın müşahidə edildiyi, ən yeni texnologiyaların tətbiqi üçün zəruri infrastrukturun və iqtisadi inkişaf səviyyəsinin mövcud olduğu vurğulanıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə şöbəsinin sektor müdiri Fuad Əhmədov ölkəmizdə informasiya cəmiyyətinin və İKT sektorunun inkişafının iqtisadi aspektlərindən danışaraq ümumilikdə bu sahə üzrə görülən işlərdən söz açıb. Ölkəmizdə İKT sektorunun inkişaf dinamikasını əks etdirən əsas göstəriciləri qeyd edən sektor müdiri nəzərdə tutulan və həyata keçirilən milli və regional layihələr, Yüksək Texnologiyalar Parkının yaradılmasında "start-up"lara dəstək məqsədilə həyata keçiriləcək işlər, eyni zamanda "vahid pəncərə" sisteminin tətbiqi, elektron xidmətlər və sair sahələrdə reallaşdırılacaq tədbirlər barədə məlumat verib.

Seminarın gedişində Regional Rabitə Birliyinə üzv ölkələrin nümayəndələrinin məruzələri dinlənilib. İclasda rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, stasionar və operatorlararası mobil rabitə xidmətləri, nömrə daşınması üzrə verilənlər bazasının qurulması və xüsusiyyətləri, "LRIC" modeli əsasında stasionar və mobil şəbəkələrdə çağırışların tariflərinin hesablanması kimi məsələlər müzakirə olunub.

İclasın sonunda RRB-nin işçi orqanlarının, o cümlədən strukturlarının effektiv fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul olunub.

 

azerbaijan-news.az

 

Tarix: 1-05-2013, 21:20 | Oxunub: 312 dəfə | Kateqoriya:Xəbərlər