SEÇKİ - 2013

BAXCP sədri Qüdrət Həsənquliyev Sabirabadda seçicilərlə görüşüb

 

BAXCP sədri Qüdrət Həsənquliyev Sabirabadda seçicilərlə görüşüb

 

Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Sabirabad Peşə Liseyinin iclas zalında seçkilirlə görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə 150-yə yaxın seçici iştirak edib.

 

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev görüş iştirakçılarına seçki platformasının əsas istiqamətindən söz açıb. Ölkənin önəmli bir dönəmdən keçdiyini bildirən BAXCP sədri Azərbaycanda müxtəlif qüvvələrin maraqları olduğunu xatırladıb. Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan vətəndaşları bu il seçki qutularının başına gələrkən emosiyalarını unudub, ciddi düşünməlidirlər və ciddi qərar verməlidirlər:

 

"Bu gün nəyin bahasına olursa olsun, şeytanla əməkdaşlıq yolu ilə də olsa hakimiyyətə qayıtmaq, revanş götürmək istəyən qüvvələr var. Siz gördünüz ki, Rusiya Azərbaycandan müəyyən güzəştlər qoparmaq və məsələnin ciddiliyini Azərbaycan hökumətinin diqqətinə çatdırmaq üçün əvvəlcə Moskvada azərbaycanlılardan ibarət "Milyarderlər İttifaqı" yaratdı. Guya ki, onlar orada Azərbaycan diasporuna kömək edəcəkdilər. Halbuki bu illər ərzində onların heç biri Azərbaycan diasporuna heç bir dəstək verməyib. Sonradan isə Moskvanın Bakıda emissarları fəaliyyətə başladı və Milli Şura ideyası ortaya atıldı. Rüstəm İbrahimbəyov Bakıya göndərildi. Hələ o zaman mən söyləmişdim ki, Rüstəm İbrahimbəyov vicdanının səsi ilə danışmır. Ona görə vicdanının səsi ilə danışmır ki, o, özü də dəfələrlə müsahibələrində vurğulamışdı ki, 2007-ci ilə qədər bu hakimiyyətlə çox yaxın münasibətlərdə olub. Hətta İlham Əliyev sonuncu dəfə prezidernt seçiləndə o, öz göz yaşını saxlaya bilməyib. Sonra da bəyan etdi ki, 1993-cü ildən sonra Azərbaycanda demokratik seçiklər keçirilməyib. Ölkə konstitusiyasına görə, seçkilərin saxtalaşdırılması Azərbaycan xalqına qarşı ən ağır cinayətdir. Bu adamdan heç kim soruşmadı ki, xalqa qarşı bu ağır cinayəti törədən şəxslərlə sən necə yaxın olmusan? Bütün bunlardan sonra hakimiyyətə gəlmək üçün hər şeyə hazır olan insanları İbrahimbəyovun ətrafında səfərbər edib, Milli Şura formalaşdırdılar. Biz, o zaman özünü milli demokratik qüvvə adlandıranlara üzümüzü tutub deyirdik, imkan verməyin ki, Rusiya sizdən Azərbaycana qarşı bir alət kimi istifadə eləsin. Çox, təəssüf ki, bizim sözlərimizə diqqət yetirmədilər. Və özlərinin də dediyi kimi, Moskvanın ssenarisi ilə yazılmış bir oyunun iştirakçısına çevrildilər. Sonra nə baş verdi? Moskva oyundan geri çəkilən kimi İran da dərhal göstəriş verdi və həmin o islam partiyası - hansı ki, Azərbaycanda dini dövlət qurmaq istəyir - artıq bu dəfə başqa bir partiyanı müdafiə etmək adı ilə aradan çıxdı". 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışan BAXCP sədri partiyanın bununla bağlı aydın proqramının olduğunu bildirib: "20 ildir Azərbaycan torpaqları işğal altındadır və vəziyyətin bu cür davam edəcəyi təqdirdə yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsi də gözlənilmir. Torpaqlarmızın azad olunmasını Minsk qrupuna tapşırmışıq. Minsk qrupunun həmsədrləri kimlərdir? Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Fransada və Amerika Birləşmiş Ştatlarında güclü erməni diasporu var. Və bu ölkələrdə münaqişə dövründə nə qədər prezidentlər dəyişsə də, o dövlətlərin siyasəti dəyişməyib və bundan sonra da dəyişməyəcək. Əvvəla ortalıqda islam birliyindən fərqli olaraq bir xristian həmrəyliyi var. Həm də heç bir Fransa və yaxud da Amerika siyasətçisi Azərbaycana görə erməni diasporu ilə münasibətlərin korlamaq istəmir. Buna görə də, söylədiyimiz kimi Azərbaycanın dəqiq və düşünülmüş bir siyasətə ehtiyacı var. Biz, təklif edirik ki, neft fondunda olan vəsaitin 80 faizi silah alınmasına, silah istehsalına yönəldilməlidir. Biz, peşəkar ordu qurmaqla torpaqlarımızı işğaldan azad eləməliyik. Siz, görürsünüz ki, Azərbaycan prezidenti bir çox hallarda ermənilərə yönəlik çox sərt tənqidi çıxışlar edir. Və bu çıxışlar öz təsirini göstərir. Hər il Ermənistandan 80 mindən artıq erməni Ermənistandan həmişəlik gedir. Amma biz, gözləyə bilmərik ki, nə zamansa Ermənistan boşalacaq və biz, öz doğma torpaqlarımıza qayıdacağıq. Bu gün çox təəssüf ki, Ermənistanda hələ də bir çoxları inanmır ki, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Arxayındılar ki, Rusiya və Qərb buna imkan verməz. Amma biz, torpaqlarımızı azad etmək istəyiriksə, mütləq peşəkar ordu qurmalıyıq. Azərbaycanın sağlam, cəsarətli gəncləri peşəkar orduya cəlb olunmalıdır, ordu hər cür silahlandırılmalıdır. Ermənistanın havadarlarına da göstərməliyik ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək".

Qüdrət Həsənquliyev seçki platformasında dövlət universitetlərinin özəlləşdirilməsinin nəzərdə tutulduğunu bildirib: "Həmin universitetlər büdcəyə vergi ödəyəcək. Bundan sonra orta və ali məktəblərdə orta əmək haqqını ilkin olaraq 600 manata, sonra isə 1000 manata qədər qaldırmaq olar. Kredit götürən tələbələr isə 25 illik müddətə bu krediti maksium 1 faizə götürəcəklər. Onlar çalışacaqlar ki, yaxşı oxuyub yaxşı mütəxəssis olsunlar ki, bu vəsaiti qaytarsınlar.

Səhiyyə sahəsində zəruri addımlar atacağıq. Görün dövlət nə qədər yeni xəstəxanalar tikib. Hiyə bunu dövlət tikməlidir? Mən, dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam. Həmin vəsait kredit formasında Azərbaycan sahibkarına verilməlidir. Sahibkar o halda həmən xəstəxananı daha ucuz qiymətə tikəcək. Vəsaitin bir hissəsini özü xərcləyəcək. İkincisi o vəsaiti sonradan dövlətə qaytaracaq ki, dövlət onu başqa bir vətəndaşımıza - sahibkara versin ki, o da iş görsün, iş yerləri açsın. O zaman belə bir sual ortaya çıxır: Əgər xəstəxanalar pullu olacaqsa, bu halda insanlar necə müalicə olunacaqlar? Onsuz da hamı bilir ki, həkim 140-150 manatla dolana bilməz. Ona görə də həkim istəməsə də bəzən xəstə həkimlərə pul verir. Hamı bilir ki, başqa cür həkimlərin yaşaması mümkün deyil. Biz, bütün səhiyyə obyektlərini özəlləşdirəcəyik. İcbari tibbi sığorta ilə bağlı qanun işləməyə başlayacaq. İşləyənlər yüksək ixtisaslı səhiyyə xidmətlərindən istifadə edəcəklər. Kasıb insanlar isə ABŞ-da olduğu kimi dövlət hesabına icbari sığorta olunacaqlar".

Platformasının əsas hissələri ilə bağlı fikirlərini çatdırdığını deyən Qüdrət Həsənquliyev prezident seçiləcəyi təqdirdə, ölkədə köklü islahatlar aparacaqlarını bildirib.

Görüşün sonunda prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb. Qasımbəyli kənd sakini Mirzəağa Şirinov Qüdrət Həsənquliyev çıxışlarını daim izlədiklərini bildirib və qeyd edib ki, onlar BAXCP sədrinin ölkənin taleyüklü məsələrilə bağlı mövqeyini bəyənir və təqdir edirlər.

 

Tarix: 1-10-2013, 19:08 | Oxunub: 340 dəfə | Kateqoriya:Xəbərlər