SEÇKİ - 2013

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev gənclərlə görüşüb

 

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev gənclərlə görüşüb

 

Bu gün ölkənin ayrı-ayrı təhsil müəssisələrini və gənclər təşkilatlarını təmsil edən bir qrup gənc Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında partiyanın sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüşüblər. Görüş gənclərin təşəbbüsü ilə baş tutub.

 

Görüşü giriş sözü ilə açan BAXCP sədrinin təşkilati işlər üzrə müavini Bünyamin Qəmbərli gənclərə prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platformasının əsas tezisləri barədə məlumat verib.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev gənclərlə söhbətində SSRİ-nin süqutundan öncə Azərbaycanda başlayan tələbə hərəkatından söz açıb və gənclərin istənilən ölkənin həyatında mühüm rol oynadığını vurğulayıb. Gənclərə BAXCP-nin seçki platformasında yer alan əsas prinsiplərdən, xüsusilə də gəncləri daha çox maraqlandıran sahələrdən – təhsil, səhiyyə, ordu quruculuğu, Dağlıq Qarabağ problemindən söz açan Qüdrət Həsənquliyev onları Azərbaycanda vətəndaş cəmiyyətu quruculuğu prosesində fəal iştirak etməyə çağırıb: “Azərbaycanın gələcəyi sizsiniz. Atdığınız və bundan sonra atacağınız bütün addımlar həm özünüzün, həm də Vətənimizin sabahı üçün böyük əhəmiyyət kəsb edir. Radikallıq, aqressiv inkarçılıq heç bir fərdə və ölkəyə xoşbəxtlik gətirməyib. Biz müasir Azərbaycan gəncliyini emosiyalarının girovuna çevrilməyən, yüksək intellektə və siyasi mədəniyyətə malik, dialoqa açıq, analitik dünyagörüşlü, Vətəninin və xalqının taleyini düşünən əsil vətəndaş kimi görmək istəyirik”.

Görüşün sonunda prezidentliyə namizəd Qüdrət Həsənquliyev gənclərin suallarını cavablandırıb.

Tarix: 30-09-2013, 01:47 | Oxunub: 380 dəfə | Kateqoriya:Xəbərlər