SEÇKİ - 2013

“Namizədlərdən imza toplama ilə bağlı heç bir şikayət almamışıq”

 

 “Namizədlərdən imza toplama ilə bağlı heç bir şikayət almamışıq”

 

ATƏT/DTİHB Seçkiləri Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetanın APA-ya müsahibəsi

 

- Ölkədə seçkiöncəsi vəziyyətlə bağlı ilkin dəyərləndirməniz necədir?

 

- Keçmiş seçkilərdə olduğu kimi, ATƏT/DTİHB Seçkiləri Müşahidə Missiyası 9 oktyabr Prezident seçkisini müşahidə etmək üçün də dəvət olunub. Bizim seçki müşahidə missiyamız 28 avqustda öz fəaliyyətinə başlayıb. Biz bu yaxınlarda ilk aralıq hesabatımızı dərc etmişik. ATƏT-in rəsmi internet səhifəsində hesabatın Azərbaycan dilində versiyası da var. Bizim vəzifəmiz seçkiləri müşahidə etmək, demokratik seçkilər üçün ATƏT öhdəlikləri və digər beynəlxalq standartlara əsasən prosesi dəyərləndirməkdir. Bu günə qədər olan müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər üçün aparılmış texniki hazırlıqlar qaydasındadır. Seçki qanununa edilmiş yeni dəyişikliklər nəticəsində seçki kampaniyası müddəti qısaldılıb, ona görə də biz bir siyasi qüvvənin hakim olduğu mühitdə heç bir seçki kampaniyası müşahidə edə bilmədik. Toplaşma azadlığı və vətəndaş cəmiyyətinin işini tənzimləyən qanunlara bəzi yeni məhdudlaşdırıcı əlavə və dəyişikliklər, o cümlədən icazəsiz nümayişlərin təşkili və onlarda iştiraka görə sanksiyaların ağırlaşdırılması da nəzərimizdən yayınmayıb.

 

- Siz mətbuat konfransında qeyd elədiniz ki, DTİHB-in 2008-ci ildə təklif etdiyi tövsiyələr hələ də yerinə yetirilməyib? Bu tövsiyələr hansılardır?

 

- Seçkilərlə bağlı şikayətlərə baxılması və qərarların verilməsi müddətinin qısaldılması istisna olmaqla, ATƏT/DTİHB digər tövsiyələri 2010-cu il parlament seçkilərindən sonra qanunvericilikdə edilən dəyişikliklərdə əksini tapmayıb. Məsələn, MSK-nın, dairə və məntəqə seçki komissiyalarının tərkibinin formalaşması, o cümlədən onların sədrlərinin təyin olunması ilə əlaqədar tövsiyə nəzərə alınmayıb. Media məsələsinə gəldikdə, dövlətə məxsus və dövlət tərəfindən maliyyələşən medianın xəbərlər proqramında namizədlərə bərabər yanaşmanı təmin edəcək müddəaların qanunvericiliyə əlavə edilməsi tövsiyəsi, eləcə də Media Azadlığı üzrə ATƏT Nümayəndəsinin öncəki tövsiyələri nəzərə alınmayıb. Əlbəttə ki, bəzi tövsiyələr seçkilərin təşkilinin inzibati tərəfinə və şikayətlərə baxılmasına aiddir. Seçki prosesinin sonunda onların necə yerinə yetirilməsinə dair hesabat verəcəyik.

 

- Siz prezidentliyə namizədlərlə, həmçinin Milli Şuranın nümayəndələri ilə daxil olmaqla görüşmüsünüz. Bu görüşlərdə hansı məsələlər müzakirə olunub?

 

- Milli Şuranın namizədi də daxil olmaqla on namizəddən yeddisi ilə görüşmüşük. Həm onlarla, həm də görüşə bilmədiyimiz iki namizədin nümayəndələri ilə müzakirə etdiyimiz məsələlərə seçki mühiti, mediaya çıxış imkanları və əgər varsa, seçki ilə bağlı narahatlıqları, məsələn, namizədlərin təbliğat nümayişlərinə aid müddəaları müzakirə etmişik. Həmçinin, onlardan seçki kampaniyası strategiyalarını bizə təsvir etmələrini xahiş etmişik.

 

- Missiya Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə necə əməkdaşlıq edir?

 

- Missiyanın ölkəyə gəlişindən bəri bizim seçki məsələləri üzrə analitiklərimiz MSK-nın bütün açıq iclaslarında iştirak edib. Onlar namizədlərin imza vərəqələrinin yoxlanma prosesi haqqında aydın təsəvvür əldə etmək üçün MSK-nın imza yoxlama qrupunun işini, həmçinin namizədlərin gəlir bəyannamələrini təqdim etməsini izləyiblər. Ümumilikdə, MSK missiyamızın analitiklərinə xoş və açıq münasibət sərgiləyir. Əvvəldə dediyim kimi, seçkilərinin təşkilinə dair bir çox məsələlər önümüzdəki həftələrdə də müşahidə olunacaq, həm də tək Bakıda deyil, uzun müddətli müşahidəçilərimizin yerləşdiyi seçki dairələrində də...

 

- Prezidentliyə namizədlərin qeydiyyata alınması prosesini necə dəyərləndirirsiniz?

 

- Ümumilikdə, namizədlərdən qeydiyyat prosesinin tələb etdiyi imzaların toplanmasında hər hansı çətinlik və ya maneə ilə qarşılaşdıqları barədə heç bir şikayət almamışıq. Bir vacib istisna hal var - hazırda istintaq təcridxanasında saxlanılan, namizədliyi özü tərəfindən irəli sürülmüş, ancaq yetərli sayda imza toplamadığı əsas gətirilərək qeydə alınmamış İlqar Məmmədov. Bizim hüquq təmsilçimiz bu məsələ ilə bağlı apelyasiya məhkəməsində iştirak edəcək.

 

- “Milli Şura”ın namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması qərarını necə qiymətləndirirsiniz? Bunun legitimliyinə münasibətiniz nədir? Bu, qanuna uyğundurmu?

 

- Biz, adətən, belə qərarların legitimliyə şərh vermirik, şikayətçilərin hüquqlarının təmin olunmasına prosesin necə zəmanət verdiyinə şərh bildiririk. Cənab İbrahimbəyovun məsələsinə gəldikdə, bizim hüquq məsələləri üzrə analitikimiz həm Bakı Apelyasiya Məhkəməsində, həm də Ali Məhkəmədə dinləmələrdə iştirak edib. O, cənab İbrahimbəyovun vəkili və MSK-nı təmsil edən komissiya üzvü ilə danışıb. Bizim anladığımıza görə, cənab İbrahimbəyov prezidentliyə namizəd olmaq üçün Konstitusiyanın tələblərinə cavab verdiyini iddia edir və MSK-nın qərarından prosesual əsaslarda apelyasiya şikayəti verib. Müşahidəçi kimi, biz şikayətçilərin hüquqlarının məhkəmədə ədalətli qaydada dinlənilməsini monitorinq etmək üçün müntəzəm olaraq məhkəmə dinlənmələrində iştirak edirik.

 

- Seçkilər öncəsi media mühiti. Qarşıdan gələn seçkilərdə medianın rolunu missiya necə dəyərləndirir?

 

- ATƏT/DTİHB Seçkiləri Müşahidə Missiyasının media məsələləri üzrə analitiki ümumi media mühitini və medianın ümumi hüquqi çərçivəsini təhlil edir, həmçinin medianın hərtərəfli monitorinqi aparır. İlkin aralıq hesabatımızda biz vətəndaşların informasiya əldə etmə hüququnu təsir göstərən son qanunvericilik dəyişikliklərini, eləcə də onlayn diffamasiyaya görə cinayət məsuliyyəti ehtiva edən müddəaları xüsusi vurğulamışıq. Bundan əlavə, ölkə ərazisində yayımlanan bütün televiziya kanallarının dövlət nəzarətində olması hesab edilir. Sentyabrın 4-dən bizim missiya altı televiziya kanalı və beş qəzetin kəmiyyət və keyfiyyət monitorinqini həyata keçirir; bu monitorinq seçkilər gününə kimi davam edəcək.

 

- ATƏT-in Seçkilərin Müşahidə Missiyası seçki öncəsi və seçki günündə Azərbaycanın hansı regionlarında olacaq?

 

- Bizim müşahidəçilərimiz seçkilərin keçirildiyi bütün regionlarda olacaqlar.

 

- Sizin bir seçki müşahidəçisi kimi hansı təcrübələriniz var? Hansı ölkələrdə işləmişsiniz?

 

- Mən İtaliya parlamentinin üzvü olduğum 12 il ərzində 10 seçki müşahidə missiyasında iştirak etmişəm. Bu yaxınlarda Çexiya Respublikası, Fransa, Türkiyə və Estoniyada ATƏT/DTİHB-in Seçkiləri Müşahidə Missiyalarının rəhbəri olmuşam. Həmçinin Madaqaskar, Zimbabve, Ruanda, Niger, Pakistan və Banqladeşdə Avropa Birliyinin seçkiləri müşahidə missiyalarında müxtəlif vəzifələrdə - missiya rəhbəri və ya rəhbərin müavini, eləcə də siyasi məsələlər üzrə analitik kimi çalışmışam. Parlament üzvü olana qədər isə 20 il jurnalist və xarici ölkələrdə müxbir işləmişəm.

 

- ATƏT/DTİHB-in Seçkiləri Müşahidə Missiyası AŞPA, MDB, GUAM kimi digər təşkilatların müşahidə missiyaları ilə əməkdaşlıq edirmi? Öz fəaliyyətlərini ATƏT-in Parlament Assambleyasının missiyası ilə əlaqələndirirmi?

 

- Seçkiləri müşahidə çərçivəsində  ATƏT/DTİHB bir sıra beynəlxalq parlamentlərarası və digər qurumlarla, xüsusilə ATƏT Parlament Assambleyası ilə, bir çox hallarda həm də AŞPA və Avropa Parlamenti ilə əməkdaşlıq edir. Hər üç təşkilat bəyan edib ki, 9 oktyabr seçkilərini müşahidə etmək üçün qısamüddətli missiyalarını Azərbaycana göndərəcəklər. Beləliklə, seçki günü müşahidəsi hər üç tərəfdaşımızla birgə fəaliyyət olacaq. Standart təcrübəyə əsasən, əldə etdiyimiz ilkin məlumatlar və nəticələrə əsasən seçkilərdən bir gün sonra birgə bəyanat verməyi planlaşdırırıq. Biz MDB-nın icraçı katibliyinin nümayəndələri ilə görüşmüşük  və seçki gününə yaxın təkrar görüşməyi planlaşdırırıq. Əldə etdiyimiz məlumatları təfərrüatları ilə ehtiva edən, eləcə də  Azərbaycan hakimiyyətinə bütün seçki prosesinə dair tövsiyələr verəcək yekun hesabat seçkilər prosesinin başa çatmasından təxminən iki ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək.

Tarix: 20-09-2013, 00:56 | Oxunub: 305 dəfə | Kateqoriya:Xəbərlər