SEÇKİ - 2013

Prezidentliyə namizədlərin İctimai Teleradioda çıxış ardıcıllığı müəyyənləşib


Prezidentliyə namizədlərin İctimai Teleradioda çıxış ardıcıllığı müəyyənləşib

 

APA-nın məlumatına görə, yığıncaqda Ümid Partiyası tərəfindən MSK-ya təqdim olunmuş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib, Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Daha sonra prezidentliyə namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatma keçirilib.


MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlər arasında debat həftənin cüt günləri televiziyada, tək günləri isə ictimai radioda hər dəfə 1 saat olmaqla təşkil ediləcək. İctimai teleradioda ödənişsiz təşviqat sentyabrın 16-dan, yəni səsverməyə 23 gün qalmış başlayacaq. Televiziyada namizədlərin çıxışı saat 19.00-da, radioda isə 21.00-da canlı yayımlanacaq. Seçki Məcəlləsinin tələblərinə əsasən efir vaxtı bütün namizədlər arasında tam bərabər bölünəcək.

MSK üzvü Akif Qurbanov ayrılan efir vaxtının uğurlu olmadığını və daha uyğun vaxt ayrılması məsələsinin qanunvericiliklə təsbit olunduğunu söyləyib. MSK sədri isə deyib ki, televiziyanın illik proqram planı mövcuddur. Bundan başqa, artıq bununla bağlı MSK-nın qərarı mövcuddur. O qeyd edib ki, Azərbaycan pulsuz efir vaxtının ayrıldığı yeganə ölkələrdəndir. Yəni belə bir beynəlxalq təcrübə yoxdur.

İTV-nin Analitik Proqramlar Departamentinin direktoru Füzuli İsmayılov deyib ki, televiziyanın ən reytinqli verilişləri məhz 19.00-da yayımlandığından ölkə əhəmiyyətli məsələ olan prezident seçkilərinin təşviqat kampaniyasının da məhz həmin vaxta salınması daha məqsədəuyğun hesab edilib.

“Demokratik Qüvvələrin Milli Şurası” Təşəbbüs Qrupunun nümayəndəsi Gülağa Aslanlı İTV-nin nümayəndəsinə etiraz edərək bu televiziyanın ictimai maraqlara xidmət etməməkdə günahlandırıb.

Sonra püşkatma ilə namizədlərin İctimai Teleradioda çıxış ardıcıllığı müəyyənləşdirilib. Püşkatmanın nəticələrinə görə, namizədlər arasında təşkil olunacaq debatda ilk çıxış edən Zahid Oruc olacaq. Sonra isə İlham Əliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyev, Fərəc Quliyev, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli çıxış edəcəklər. (Namizədlər adından onların səlahiyyətli nümayəndələri də çıxış edə bilər.)

Debat dəyirmi masa formatında təşkil olunacaq.

Seçkiqabağı təşviqat kampaniyasına bu gündən - sentyabrın 16-da start verilir.

Tarix: 16-09-2013, 22:05 | Oxunub: 277 dəfə | Kateqoriya:Xəbərlər