SEÇKİ - 2013

İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb

 

İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb

 

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Ədalət Partiyasının sədri İlyas İsmayılov haqqında məlumat verib.

 

MSK katibi əlavə edib ki, adıçəkilən namizədliyi təsdiq olunmuş şəxsin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

 

MSK-nın işçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, İ.İsmayılov MSK-ya 42 950 imza nümunəsi təqdim edib, bunlardan 40 160-ı etibarlı hesab edilib.

 

Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxsin namizədliyini qeydə alıb.

 

Qeyd edək ki, buna qədər MSK tərəfindən prezident İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Milli Məclisin deputatı Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin, Cəmil Həsənlinin namizədliyi qeydə alınıb.

 

Ümumilikdə indiyədək 21 nəfərin namizədliyi təsdiqlənib.

 

Sərdar Məmmədov (Sərdar Cəlaloğlu), Əli Əliyev, İlqar Məmmədov (ReAL hərəkatı) imza vərəqələrini MSK-ya təqdim ediblər.

 

“Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb. Üç nəfər - Əli İsa Ağaevli, İlqar Məmmədov (İlqar Altay), Qüdrət İsaqov öz təşəbbüsləri ilə seçkidə iştirakdan imtina edib. Elşən Həsənov, Yusif İsmayılov, Rauf Quliyev, Hidayət Rüstəmbəyli, Ərəstun Oruclu isə tələb olunan 40 min imzanı toplaya bilmədikləri üçün seçki marafonunun onlar üçün bitdiklərini açıqlayıblar. Adı çəkilən şəxslər imza vərəqələrini MSK-ya qaytarmayıblar.

 

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Tarix: 13-09-2013, 01:52 | Oxunub: 305 dəfə | Kateqoriya:Xəbərlər