SEÇKİ - 2013

Xalqımızın xilaskar oğlu

 

Xalqımızın xilaskar oğlu

 

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli azadlıq məfkurəsini məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuş, azad, suveren dövlətdə yaşamaq arzularını həyata keçirə bilmişdir.

Çoxəsrlik dövlətçilik tariximizə nəzər salanda şahidi oluruq ki, Azərbaycan xalqı çox keşməkeşli tarixi dövrlərdən keçmiş, azadlığa, suverenliyə can ataraq 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etmişdi. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalq azadlığın nə olduğunu dərk edə bildi. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti öz vətəndaşları üçün az vaxt ərzində yetərincə iş gördü. Belə bir xalqın, belə bir ölkənin olduğunu dünyaya bəyan etdi. Əlbəttə, bunlar çox böyük tarixi xidmət idi. Görüləsi işlər hələ qabaqdaydı. Ancaq təəssüflər olsun ki, rus bolşeviklərinin XI Qırmızı Ordusu Vətənimizi işğal etdi, qazanılmış azadlığı beşikdəcə boğdu. Azərbaycan xalqı sovet hakimiyyəti illərində də azadlığa, müstəqilliyə daim can atmışdı. Ona görə ki, 28 Mayın səpdiyi azadlıq toxumları hər cür məhrumiyyətə baxmayaraq, zəif də olsa, cücərməkdə davam edirdi.

SSRİ dağılmağa başlayanda Azərbaycan azadlıq mübarizəsi meydanına çevrildi və çox keçmədi, məqsədinə nail oldu. Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Demokratik Respublikası ilk dəfə milli-azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi”.

Xalqın mübarizəsi və dönməz iradəsi ilə müstəqilliyini, suverenliyini elan etmiş Azərbaycan Respublikası ilk gündən çox mürəkkəb və ağır günlər yaşadı.

Belə ki, ilk illərdə ölkədə anarxiya, vətəndaş qarşıdurması hökm sürür, müstəqilliyimizin yenidən itirilmək təhlükəsi yaranmışdı.

O zamanlar Naxçıvanda olan ümummilli liderimiz Heydər Əliyev ölkədə vəziyyətin günbəgün pisləşdiyini diqqətlə izləyir, Vətənin taleyi sarıdan hədsiz narahatlıq keçirirdi. Xalq yaxşı anlayırdı ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev kimi müdrik dövlət və siyasi xadim qurtara bilər. Çünki Heydər Əliyevin Naxçıvana gəlməsi və Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat mandatı qazanması və bu vəzifələrdə fəaliyyəti Azərbaycanın azadlıq, müstəqillik uğrunda mübarizəsində böyük əhəmiyyəti oldu. Onun sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyası Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini götürdü. “Ali Sovet” sözünü “Ali Məclis” sözü ilə əvəz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını özünün dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Qərarda deyilirdi: “İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilsin”. Eyni zamanda, Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul edildi.

Heydər Əliyev Vətəninin düşdüyü çıxılmaz vəziyyətə, xalqın çağırışına biganə qala bilməzdi. Ona görə də dahi rəhbər heç bir təhlükədən qorxmayaraq xilaskarlıq missiyasını öz üzərinə götürərək qərarını verdi və 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gəldi.

İyunun 15-də xalqın istəyi və dəstəyi ilə ümummilli lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Tariximizə qızıl hərflərlə yazılmış həmin gün Milli Qurtuluş Günü kimi qəbul edildi.

Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başladı.

Bu böyük şəxsiyyətin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Az vaxt içərisində Azərbaycanda hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyllərinin, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı. Bu böyük insanın yorulmaz səyi nəticəsində azad, müstəqil, müasir Azərbaycan Respublikası yaradıldı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə köklü hərtərəfli islahatlar həyata keçirildi, xalqımızın gələcək rifahına hesablanmış uğurlu neft strategiyasının təməli qoyuldu, respublikamızda demokratik hüquqi dövlət quruldu. Ən əsası isə, Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas edərək onu əbədi, dönməz və daimi etdi.

Qədirbilən xalqımızın əbədiyaşar liderinə ehtiramı, məhəbbəti sonsuzdur. Xalq 1993-cü ildə Heydər Əliyevin yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə qayıtmasını tələb edəndə nə qədər ağılla, təmkinlə, inamla hərəkət etmişdisə, 2003-cü ildə dahi öndərin siyasi kursunun varisi və layiqli davamçısı İlham Əliyevi özünün yeni Prezidenti – müasir liderini seçəndə də o səviyyədə mübarizlik, müdriklik göstərdi.

İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə xalqımız böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ənənə və dövlətçilik təcrübəsini daha da inkişaf etdirdi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin davamlı inkişafını təmin etdi, dünyada yüksək nüfuzu ilə seçilən və tanınan dövlət kimi layiqli yerini möhkəmlətdi.

Firuzə Məmmədova
Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi

 

525.az

Tarix: 30-05-2013, 04:45 | Oxunub: 310 dəfə | Kateqoriya:Xəbərlər