SEÇKİ - 2013

MSK daha üç nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

 

MSK daha üç nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı müraciətlər müzakirə olunub.


APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 29 avqust tarixli iclasının protokolu təsdiqlənib.


Sonra Rauf Zakir oğlu Quliyevin prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin təsdiq olunmasına baxılıb. MSK katibi Arifə Muxtarova məlumat verib ki, R. Quliyevin namizədliyinin irəli sürülməsi məsələsi araşdırılıb və bu məsələdə hüquqi əsasların olması müəyyən edilib. MSK açıq səsvermə yolu ilə sözügedən şəxsin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra R. Quliyevin səlahiyyətli nümayəndələri də qeydə alınıb.


İclasda həmçinin Hidayət Əşrəf oğlu Rüstəmbəylinin prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin təsdiq olunmasına baxılıb. A, Muxtarova onun da namizədliyinin qeydə alınması üçün hüquqi əsas olduğunu bildirib və komissiya açıq səsvermə yolu ilə H. Rüstəmbəylinin də namizədliyinin irəli sürülməsini təsdiq edib.


MSK iclasda Sərdar Cəlal oğlu Məmmədovun da Azərbaycan Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsinə baxıb və hüquqi əsaslar olduğu üçün açıq səsvermə yolu ilə onun da namizədliyinin irəli sürülməsini təsdiq edib. İclasda S. Cəlaloğlunun səlahiyyətli nümayəndələri də qeydə alınıb.


Daha sonra komissiya prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələrinin təsdiq olunmasına baxıb. MSK Cəmil Həsənlinin 20 nəfər səlahiyyətli nümayəndəsinin səlahiyyətlərini təsdiqləyib.

 

Qeyd edək ki, İndiyə qədər prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı 22 nəfər müraciət edib, onlardan 21 nəfərin namizədliyi təsdiqlənib, Rüstəm İbrahimbəyovun namizədliyinin  təsdiqlənməsindən isə imtina olunub.

Tarix: 31-08-2013, 23:32 | Oxunub: 316 dəfə | Kateqoriya:Xəbərlər