SEÇKİ - 2013

Ağ yalan

 

Ağ yalan

 

Əli İldırımoğlu

Yazıçı-publisist 

Bu günlərdə televiziyaya baxırdım. Türk kanallarının birində Turqut Ər adlı bir qəzet yazarı müsahibə verirdi. Vaxtilə  Türk səfirliyində  fəaliyyət göstərən əməkdaş kimi respublikamızda cərəyan edən bəzi   hadisələrdən danışırdı. Özü də necə?! Reallıqdan kənar, başdan-ayağa yalan və uydurma. Onun dedikləri mənə Zori Balayanın “Ocaq” kitabında təsvir olunanları, Aqambekyanın çərənləmələrini, Jirinovskinin hərzə-hədyanını, içimizdən olan Naibovun “Daş yuxular” kitabındakı cəfəng fikirləri xatırlatdı. Ovqatım korlandı, mütəəssir oldum, qulağıma inanmadım. Düşündüm ki, ola bilməz!! Türk adını daşıyıb, özünü Türk-Azərbaycan qardaşlığının  təəssübkeşi kimi göstərən şəxs bu cür   nalayiq ifadələr işlətməz. Ancaq yanılmamışdım. Danışan həmin şəxs idi. Turqut Ər!!!

 Nə gizlədim, ikinci Vətən, dar günlərimizin dayağı bildiyim Türkiyənin yeritdiyi uğurlu siyasəti, ağıllı diplomatiyanı, oradakı    iqtisadi, mədəni yüksəlişi eşidib biləndə  təsəlli tapıram, məmnun oluram. Adi bir idmançının belə qazandığı qələbə məndə xoş əhval-ruhiyyə yaradır. Futbol komandası uduzanda məyus oluram, əsəbləşirəm. Ancaq türk adını daşıyan Turqut Ərin Azərbaycan həqiqətlərini o cür tərsinə yozması,  yanlış şərh etməsi yaşlı qələm əhli kimi mənə miskin təsir bağışladı.

Turqut Ərin bundan əvvəl də, bəzi mətbuat səhifələrində ağı  qara, şirini acı kimi şərh edən qərəzli yazılarına təsadüf etmişdim.  Yaxşı ki,  bu məkrli mükalimələrin əsas səbəbi televiziya müsahibəsində onun  öz dilindən çıxdı. Sən demə,  torbada pişik varmış. Aydın oldu ki, bu şəxs Azərbaycandakı Türkiyə səfirliyində işləyərkən diplomatik missiyasını yerinə yetirmək əvəzinə, naqis  adamlarla dilbir olub, suyu bulandırmaqla,  siyasi ab-havanı korlamaqla məşğul imiş. Şübhəsiz ki, belə bir səriştəsiz diplomatın Azərbaycanda fəaliyyət göstərməsinə yol vermək olmazdı. Heydər Əliyev çox haqlı olaraq onun buradan uzaqlaşdırılmasını lazım bilib. Cənab Turqut Ər, özünüzə də məlumdur ki,  böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər hansı bir dövlət  onun mənafeyinə uyğun  fəaliyyət göstərməyən, hərəkətləri şübhə doğuran  diplomatı qəbul edə bilməz.  Bir də ki,  bədniyyət diplomat kimi  buranı  tərk etmisinizsə, bunu Heydər Əliyevin ayıq-sayıqlığı, uzaqgörənliyi kimi təqdir edərdim. Və belə bir qənaətə gəlməyə haqlıyam ki, cənab Turqut Ər etibarını itirmiş şəxs kimi, Azərbaycandan kənarlaşdırılıbsa, deməli,  bədxahlarla əlbir-dilbir olub, iqtidarın ayağından  çəkənlərin sayı azalıb. Bir də ki, haqlı və ya haqsız, işdən azad  olunmağınız,  türk qanı olan sizə heç də rəvac vermir  ki, şəxsi-qərəzinizin əsirinə çevrilib, ümumtürk həmrəyliyinə qarşı naxələf hərəkətlər edəsiniz.  Və istəməzdim ki, türk pasportu daşıyan,  özünü diplomat hesab edən Turqut Ər  belə bir yanlış əqidəyə qulluq etsin!

Tarixin dar məqamlarında, ağır günlərdə  türklərlə azərbaycanlılar həmişə bir-birinə arxa  durub,  dayaq olublar.  Yazdığım əsərlərdə bu qarşılıqlı etibarı, sədaqəti fəxrlə, qürurla qələmə almışam. Bu gün  Turqut Ərin timsalında  türkün türkə iftira yağdırması – Azərbaycanın dərdləri bizim dərdimizdir- deyən böyük Atatürkün  ruhuna hörmətsizlikdir.  Təəssüf! Çox təəssüf!!!

Ancaq təkcə təəssüflənmək yox,  biganəlik buzunu qırıb,  məni mütəəssir edib, təbdən çıxardan müsahibəyə münasibət bildirməli oldum.

Ola bilsin ki, Turqut Ər bu yazını oxuyanda, qara fikirlərə qərq olub düşünəcək ki, yəqin  məqalənin müəllifi iqtidaryönlü  və ya ölkə başçısına yaxınlığı, qohumluğu çatan adamdır.  Turqut Əri bu cür qara şübhələrdən xilas etmək üçün bildirməliyəm  ki, əvvəla mən heç bir partiyanın üzvü deyiləm və heç kəsə yarınmaq,  məddahlıq etmək niyyətim  yoxdur. Vaxtı ilə respublikanın ən nüfuzlu qəzeti sayılan  “Kommunist”də xüsusi müxbir  kimi qırx ilə yaxın fəaliyyət göstərmişəm. Sovetlərin vaxtında “Əməkdar jurnalist” adına layiq görülmüşəm.  Təvazökarlıqdan kənar olsa da, respublika ictimaiyyəti məni obyektiv, prinsipial yazıçı-publisist kimi tanıyır. Yaşadığım dövrün naqis, neqativ cəhətlərini üzə çıxaran, ifşa edən yüzlərlə felyeton yazmışam. Və həmin satirik yazılarım iri həcmli kitab şəklində nəşr edilmişdir. Əsasən romanlardan ibarət olan on cildlik əsərim çapdan çıxıb. Və gileylənməyə haqqım var ki,  əməyim heç də arzu etdiyim səviyyədə qiymətləndirilməyib.  Lakin  bütün bu inciklik mənə əsas vermir ki, əqidəmi dəyişim, Turqut  Ər sayağı qərəzli hisslərə qapılıb, haqqı nahaqqın ayağına verim.

Cənab  Turqut Ər, verdiyiniz müsahibədə israrla Xalq Cəbhəsi liderlərinin dağıdıcı fəaliyyətini ictimaiyyətə humanist qiyafədə  təqdim edir, parıltılı demokratiya donu geyindirməyə  cəhd edirsiniz. Özü də xüsusi   canfəşanlıqla. Acı istehza doğuran bu cür gəlişi gözəl, ibarəli sözlərinizlə  istər Türkiyədə, istərsə də Azərbaycanda, ancaq və ancaq siz səviyyədə olan və şəxsi marağını ümumtürk mənafeyindən  üstün tutan məkrli adamları çaşdıra bilərsiniz.  Ona da inanmağım gəlmir.

Atalar demişkən, dibi görünməyən  quyuya daş atmazlar. Bilməmiş deyirsiniz ki, cəbhəçilər Qarabağ savaşından təcili geri çağrılıb,  Ali Sovetin binasını gülləbarana tutan tankların üzərində hakimiyyətə gəldi. Bəs sonra?! Sonra usanmadan tərif vurduğunuz bu səriştəsiz liderlər nəyə nail oldular?! Ölkəyə hansı bəxtəvər günləri bəxş etdilər?! Belə bir deyim var: Allah əvvəlcə insanın ağlını alır, sonra canını. Cəbhəçilərin hakimiyyəti dövründə  müəllim müdafiə naziri, inşaatçı müdafiə qərargahının rəisi, montyor, yeməkpaylayan, qavalçalan, küçələrə çıxıb “İstefa!!! İstefa!!!” deməkdə ad çıxaran  sərgərdan gədə-güdələr məsul  vəzifələrə irəli çəkildi, yüz min  əhalisi olan  rayonların başçısı təyin  olundular. Respublikanın  ağıl, dərrakə,  səriştə, təcrübə fondu dağıdıldı. Ölkədə qayda-qanun pozuldu.  Özbaşınalıq mühiti yarandı.

Rayonların birində cəbhəçilərdən  ibarət  özünümüdafiə  dəstəsi prokuroru, polis rəisini və bir neçə gənc hüquqşünası avtomat silahla kabinetdən çıxarıb, dizin-dizin süründürüb,  günün günorta çağı güllələdi. Onların ana-bacılarının ərşə qalxan  naləsi yadıma düşəndə tüklərim ürpəşir. İnstitut direktoru işləyən və mənim yaxşı tanıdığım  görkəmli alim, nəcib insan Ə.A. onun yerinə  keçən nadan bir cəbhəçinin qeyri-insani rəftarına dözə bilmədiyindən intihar etdi.  Hər il yüz min tondan artıq alma istehsal edən Şimal rayonlarından birinə, ştamp-möhürün nə olduğunu bilməyən bivec müəllim başçı təyin edildi. Elə həmin il rayonda məhsul istehsalı on dəfə aşağı düşdü... Bu münvalla  respublikada  sənaye, kənd təsərrüfatı iflic vəziyyətə düşdü, ağlamalı günlərə qaldı.

Napoleonun belə bir kəlamı var: Ən böyük əxlaqsızlıq bacarmadığı işi boynuna götürməkdir. Respublikanın  Şimal zonasında bir neçə ağzı yelli  cəbhəçi ilə rastlaşdım. Sən demə, onlar Turqut Ərin vurğunu  olduğu cəbhəçilərin liderlərindən xüsusi tapşırıq alıblar. Hara isə silah əldə etməyə gedirdilər. Qarabağ döyüşündə istifadə etmək üçün. Məgər respublikada silah yoxuydu? İşlədiyim Ağdam rayonunun girəcəyində, Uzun dərə deyilən yerdə ruslardan qalma milyon  manatlıqlarla müxtəlif tipli  müasir silahlar saxlanırdı. Bu, Azərbaycan üçün illərlə müharibə aparmağa bəs edərdi. Bir gün xəbər tutdum ki,  həmin arsenalın  dəmir qapıları  bir dəstə cəbhəçi tərəfindən sındırılıb və  neçə gündür içərisindəki silah-sursat  sahibsiz mal kimi  ora-bura daşınıb talan olunur.

Adam dəhşətə gəlir.  Bir tərəfdən cəbhəçilər qapı-qapı düşüb silah axtarır. Digər tərəfdən silah arsenalı hərraca qoyulur.

Görüb şahidi olduğum  bu cür ağlamalı, gülməli faktlar məgər birdir, beşdir?! Cəbhəçilərin liderlik etdiyi dövrdə respublika, bax, belə bir acınacaqlı günə qalmışdı. Di gəl ki,  Turqut Ər  müsahibəsində  real  faktlardan  vaz keçməyi özünə rəva bilir.  Lakin cəbhəçi liderlərin “şücaətini” göylərə qaldırmaq üçün  obyektiv gerçəklikdən uzaq olan  əsassız faktları  fəxrlə car çəkir.

Turqut Ər iddia edir ki, Azərbaycanın müstəqillik qazanmasının yeganə səbəbi Azadlıq meydanındakı izdihamdır.  Bu, sizin  intellektual   səviyyənizin dayazlığından xəbər verən populist  mülahizədir, cənab Turqut Ər. Əvvəla, fanatik bir fəhlənin dirijorluğu ilə səslənən “İstefa!” çağırışları Xəzərin küləklərinə qərq olmaqdan başqa əhəmiyyətli bir məna kəsb etmirdi. Adamların “İstefa”  çağırışına başları qarışanda, güdükdə duran erməni daşnakları  gecə-gündüz dəridən-dırnaqdan çıxıb hərbi istehkamlar yaradır, dərin-dərin səngərlər qazırdılar. İkincisi də, kimə məlum deyil ki, Sovetlərin birliyi dağıdıldı, bütün Orta Asiya, Qafqaz respublikaları kimi, Azərbaycan da  müstəqillik əldə etdi. Məgər Azadlıq meydanı olmayan dövlətlər müstəqillik əldə etmədilər?! Bu cür düşüncə sahiblərinə nə deyəsən?!!

Burada Əli bəy Hüseynzadənin ürək ağrısı ilə dediyi sözləri xatırladım:

Bilmirsən gədalar nə etdilər Vatana

Nə qoydular uyuya, nə qoydular oyana.

Əli bəy Hüseynzadə, burada sizin  azadlıq mücahidləri kimi təqdim etdiyiniz   bəy-gədələri nəzərdə tuturdu. Çindən, Orta Asiyadan, İrandan bəri bütün  türkləri birləşdirmək xülyası ilə bar-bar bağıran gədələri. Populist çıxışları ilə həmin ölkələrdə bizə qarşı  şübhə yaradan, düşmənçilik toxumu səpən gədələri.

Yaxşı deyiblər ki,  özünə umac ova bilmir, başqasına əriştə kəsməyi öyrədir. Cənab Turqut Ər,  müsahibənizi dinləyən hər bir azərbaycanlı tərif etdiyiniz həmin bəy-gədələrin iç üzünə yaxşı bələddir. Təəssüflənirəm ki, daşımıza-torpağımıza, şəhərimizə-kəndimizə sağalmaz yaralar vuran bəy-gədələrə nədənsə aşiq olmusunuz  və  onlara canfəşanlıqla tərif vurursunuz. Yaxşı deyiblər ki, taylı tayını tapmasa, günü ahu-zarla keçər. Ancaq unutmayın ki, onlar  hakimiyyətə gələndə xəcalət çəkdim, təqaüdə çıxmaq adı ilə  qırx illik jurnalistlik peşəmdən imtina etdim. Düzdür, işsizlik mənə baha başa gəldi. Lakin onun  xiffətini eləmədim. Ona görə ki, şair demişkən:

Keçmə namərd körpüsündən,

qoy aparsın çay səni,

Yatma tülkü kölgəsində,

qoy yesin aslan səni.

Aslanlara yem olmağı, tülkülərin kölgəsində yatmaqdan üstün  tutdum. Sizin  yazılarınızın, müsahibələrinizin “qəhrəmanları” ilə üz-üzə, göz-gözə gəlməyi şəxsiyyətimə sığışdırmadım.

Atalar demişkən: “Gədədən bəy olmaz, küllükdən təpə”.  Qamarladıqları vəzifəyə layiq olmayan gədə-bəylər yuxarıda qeyd etdiyim  kimi, ölkədə görünməmiş hərc-mərclik yaratdılar. Çoxdan marığa yatan erməni daşnakları belə bir əlverişli fürsətdən istifadə edib Dağlıq Qarabağı və onun ətrafındakı neçə-neçə  rayonu  vəhşicəsinə zəbt etdilər. Bir tərəfdən də Əlikram Hümbətov adlı naqis bir adam başına silahlı dəstə yığıb Talış-Muğan respublikası yaratmaq xülyasına düşdü. Bir yandan da Gəncə bəyləri  silahlı dəstə yaradıb, Bakıya hücum çəkdi ki,  hakimiyyətdə biz olmalıyıq. Necə deyərlər,  ara qarışdı, məzhəb itdi. Ölkə parçalanmaq təhlükəsi ilə üzləşdi. Vətəndaş qarşıdurması yarandı. Tarix, Azərbaycanı bir dövlət kimi xəritədən silməklə hədələdi.

Turqut Ər vicdanından imtina edib müsahibəsində  buyurur ki, Heydər Əliyevi Moskva öz gələcək məqsədləri naminə Azərbaycana göndərmişdi. Utanmasan oynamağa nə var ki?! Cənab Turqut Ər, görünür, siz kimlərinsə sazını dınqıldadırsınız. Ancaq  nahaq yerə!   Bilməlisiniz ki, o vaxt Moskvada Heydər Əliyevə tor qurmaq istəyirdilər.  Heydər Əliyev vəzifəsini də, partiya biletini də atıb doğma yurduna qayıtdı.

Respublikanın böhranlı günlərində Azərbaycanın görüb-götürmüş hörmətli ziyalıları Heydər Əliyevin ətəyindən yapışmaq məcburiyyəti qarşısında qaldılar. Dəstə-dəstə ağsaqqal, qarasaqqal, yazıçı, jurnalist  yeganə ümid yeri kimi Naxçıvana üz tutdu.  Xalqı düçar olduğu bəlalardan, Vətəni fəlakətdən xilas etmək üçün böyük həyat təcrübəsi olan, dünya  siyasətçisi Heydər Əliyevə müraciət etdilər... Bakıdan Naxçıvana  vurulan telefon zənglərinin, teleqramların ardı-arası kəsilmirdi. Axır ki, Heydər Əliyev mənsub olduğu millətin müsibətli günlərə düşməsini qeyrətinə sığışdırmadı.  El ağsaqqallarının, xalq müdriklərinin  təkidli tələbi ilə özünü Bakıya yetirdi. Qorxu içində   yaşayanlar  o gündən sərbəst nəfəs aldılar, rahatlıq tapdılar. Heydər Əliyevin hakimiyyət başına  keçməsi el-obamızda bayram təntənəsi ilə qarşılandı. Xalqın yaxası respublikada  at oynadan gədə-bəylərdən xilas oldu. Orda-burda   silahlanmış quldur dəstələrinin azğınlığına son qoyuldu. Ölkədə nizami ordu yaradıldı. Əmin-amanlıq şəraiti bərqərar oldu. Daxili və xarici siyasətdəki yanlışlıqlar aradan qaldırıldı...

Əlbəttə,  xoş təəssürat yaradan bu cür hadisələri kiçik bir məktubda əhatə etmək çətindir...

Təəssüf ki, əcəl aman vermədi. Böyük siyasət korifeyi Heydər Əliyev dünyasını dəyişdi... Turqut bəy, bilməmiş  deyilsiniz ki, müsəlmançılıq ədəbinə, əxlaqına görə ölənin dalınca danışmazlar.  Siz həya eləmədən   türk dünyasında sayılıb-seçilən uca bir şəxsiyyətin vəfatı barədə də müsəlmançılığa  yaraşmayan fərziyyələr uydurursunuz. Və həm də etiraf edirsiniz ki, onun qəbuluna gedəndə başqalarını gülərüzlə qarşılayır,  mənimlə qaşqabaqlı görüşürdü. Buna inanmaq olar. Çünki Heydər Əliyev hər kəsi öz  ləyaqətinə, ədəbinə görə qarşılayırdı. Əgər o, sizinlə soyuq görüşübsə, yaxşı olardı ki, bunun günahını  öz əməllərinizdə, özü də Türk-Azərbaycan  qardaşlığına zərbə vuran bəd əməllərinizdə axtarın.

Turqut Ər  İlham Əliyevin prezident olmasına şəkk etmək, dolayı yolla qara yaxmaq üçün bəzi eyhamlar vurur. Əvvəla bunun sizə isti-soyuğu yoxdur. Və daxili işlərimizə müdaxilə etmək üçün heç kəs sizi  vəkil tutmayıb.  İlham Əliyev barədə  yanlış mülahizələrinizə gəlincə, Turqut Əri başa  salmaq istərdim ki,  ot kökü üstə bitər. İlham Əliyev vaxtilə  yüksək vəzifələrdə  işləmiş, tanınmış dövlət xadimi Əziz Əliyevin nəvəsi,  dünya şöhrətli siyasətçi,   Azərbaycanın xilaskarı   Heydər Əliyevin oğludur. Sadə, səmimi insan, görkəmli alim olan anası Zərifə xanımdan öyüd-nəsihət alıb. Moskvada  ali təhsilini başa vurub, Moskva universitetlərində  müəllim kimi fəaliyyət göstərib, bir neçə dil bilir. Heydər Əliyevin layiqli xələfidir və onun yolunu cəsarətlə davam etdirir. Gənc olmasına baxmayaraq, özünü son dərəcə təmkinli, təvazökar aparır, təpərli  hərəkət edir.  Onun  başçılığı altında bütün idarə, müəssisələrin kollektivləri var qüvvə ilə işləyir. Şəhər və kəndlərdə əmin-amanlıqdır. Bəzi dövlətlərdə olduğu kimi, adamlar dəstə bağlayıb qabaq kəsmir, binalara  od vurub yandırılmır, insanlar silahlı basqınlara məruz qalmır. İctimai yerlərdə partlayışlar törədilmir, evlər qarət edilmir... Ölkəmizə qədəm qoyan xarici qonaqlar respublikamızın  simasının gündən-günə dəyişməsindən, geniş  vüsət alan tikinti-abadlıqdan heyranlıqla  danışırlar.

Əlbəttə, ən inkişaf etmiş mədəni ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən çatışmazlıqlar, səhvlər, nöqsanlar, əyintilər yox deyil. Bütün bu neqativ halların aradan qaldırılması üçün   ardıcıl  tədbirlər  görülür. Turqut Ərin bu barədə “narahat” olmasına əsas yoxdur.

Yaşlı qələm əhli kimi Turqut Ərə məsləhət görmək istərdim ki,  qeyri-səmimi yazıları ilə məşhurlaşmaq həvəsinə  düşməsin.  Türkiyə-Azərbaycan həmrəyliyinə, dostluğuna, qardaşlığına qara ləkə yaxan, ağ yalanlarına son qoysun. Ziyalı kimi ictimai fəaliyyətini daha faydalı, xeyirxah, ona başucalığı gətirən  məcraya yönəltsin.

 

525.az

Tarix: 23-05-2013, 03:15 | Oxunub: 302 dəfə | Kateqoriya:Xəbərlər