SEÇKİ - 2013

“Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ yoxdur”

 

“Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ yoxdur”

 

“Vətəndaşların müraciətinin haqlı-haqsız olmasından asılı olmayaraq, bu müraciətlərin araşdırılması mexanizmi qurulub”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışında deyib.


N. Məmmədov çıxışında vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması məsələlərinə toxunub. O deyib ki, artıq şikayətlərin azaldılması tendensiyası halları baş verir. Bu da maarifləndirmə işinin artırılması ilə bağlıdır.

O bildirib ki, seçki komissiyalarına ünvanlanan şikayətlərə baxılmasını tənzimləyən sənəd də qəbul edilib.

N. Məmmədov məntəqə seçki komissiyalarının vətəndaşlarla ən çox ünsiyyətdə olan seçki qurumu olduğunu da xatırladaraq, burada çalışan şəxsləri diqqətli olmağa çağırıb: “Məntəqə seçki komissiyasının fəaliyyəti narazılıqlarla tez-tez qarşılaşır. Məntəqə seçki komissiyalarının əsas fəaliyyəti seçiciləri müəyyən edib, seçkidə iştirakını təmin etməkdir. Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ da yoxdur. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işini davam etdirməli, şikayətlərə də baxmağa çalışmalıdır”.

N. Məmmədov qeyd edib ki, şikayət ərizələrində ünvan, tarix və şikayəti göndərən şəxs barədə məlumat, əlaqə telefonu aydın əksini tapmalıdır. O, kimlərin şikayət etmək səlahiyyətində olduğunu da açıqlayıb: “Vətəndaşlar, partiyalar, namizədlər şikayət göndərə bilər. Siyasi partiya, yaxud siyasi partiyalar birbaşa, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə şikayət verə bilər. Məntəqə seçki komissiyalarında şikayət qeydiyyatdan keçməlidir. Komissiyada şikayətin araşdırılması azaddır”.

Şikayət verən şəxsin iclasda iştirak etmək istəyinin nəzərə alınmalı olduğunu da vurğulayan N. Məmmədov bildirib ki, Avropa Şurası Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq, DSK-nın qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır: “Ancaq qanunvericiliyə görə, maraqlı tərəflər qərar verən şəxslərin mövqelərini bilməməlidir. Bu, bir çox səbəblərlə bağlıdır. Bununla belə, obyektivlik naminə biz DSK tərəfindən qərar qəbul edilərkən iclasların qapalı yox, açıq keçirilməsini tövsiyə edirik”.

Natiq Məmmədov DSK-lar tərəfindən 2 gün ərzində şikayətlərə baxılmalı olduğunu da qeyd edib: “DSK-nın şikayətlə bağlı verdiyi qərarın dərc olunması müddəti də azaldılıb. Qərarlar isə 18 saat ərzində dərc olunmalıdır. DSK təkrar şikayətə baxa bilməz”.

MSK sədrinin müavini ekspert qrupunun üzvü olmayan şəxslərin araşdırma aparmaq səlahiyyətində olmadığını da qeyd edib.

N. Məmmədov DSK-da telefon və internetlə müraciətə baxılması prosedurunu da açıqlayıb: “Qeydiyyat kitabında şəxsin hansı saatda zəng etdiyi və hansı məsələ ilə əlaqədar müraciət etdiyi əksini tapmalıdır. Çünki sabah vətəndaş bu zəngi DSK-ya şikayət kimi təqdim edə bilər. Telefon və internetlə müraciətə baxılmasına gəlincə, elə məsələ ola bilər ki, DSK üzvü baxa bilər. Ancaq elə məsələ də ola bilər ki, onunla bağlı DSK-nın iclasında qərar verilməlidir. Bu halda da vətəndaşa izah olunmalıdır ki, DSK-ya yazılı müraciət etsin. Ümumiyyətlə, müraciətlər yazılı olmalıdır”.

 

Apa.az

Tarix: 31-07-2013, 21:59 | Oxunub: 238 dəfə | Kateqoriya:Xəbərlər