SEÇKİ - 2013

“Güman ki, Mehriban Əliyeva namizəd olacaq”

 

 

“Güman ki, Mehriban Əliyeva namizəd olacaq”


«Müxalifətin birliyi və xarici faktor ona işarə edir ki, Azərbaycanda dəyişiklik olmalıdır»

Mehman Əliyev: «Hakimiyyət azad seçkilərdən, azad cəmiyyətdən, toplumun bir araya gəlməsindən qorxur»

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “TAP” (Trans Adriatik Pipeline) layihəsinə “hə” deməsi beynəlxalq mətbuatda da birmənalı qarşılanmayıb. Avropanın bir çox tanınmış informasiya saytları Azərbaycanın bu addımı Avropadan seçki öncəsi gələcək sərt tənqidlərdən yayınmaq üçün atdığını bildirir. Amma Avropa Birliyinin təmsilçiləri də öz növbələrində Azərbaycanla imzaladıqları və ölkəmizin üzərinə götürdüyü öhdəliklərə, demokratik prinsiplərə sadiq qalacaqlarını bəyan ediblər. Gündəmdə olan bu və başqa sualları “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevə ünvanladıq.

- İlham Əliyevin Avstriyaya səfəri və orada verdiyi bəyanatlar belə qiymətləndirilmişdi ki, Azərbaycanın Avropaya nəql edəcək qaz marşrutunu artıq seçib. Artıq Avstriya səfərində bu bəlli idi. Orada Ilham Əliyev Azərbaycanın hansı kəməri seçəcəyini bəyan etmişdi. Bu isə o demək idi ki, nə Rusiya, nə Iran istiqaməti Azərbaycan üçün alternativ sayıla bilər. Eyni zamanda bu o anlam dışıyırdı ki, hər iki dövlət artıq Azərbaycan qazını almaqda maraqlı deyillər. Mən düşünmürəm ki, Azərbaycan tərəfi təbii sərvətindən istifadə edərək Avropanı şantaj etmək imkanındadır. Azərbaycan qazdan bu istiqamətdə istifadə edə bilməz. Çünki qazın nəqlinin marşrutu artıq bizdən asılı deyil. Çünki biz artıq qazımızı yalnız Avropaya sata bilərik. “TAP”ın istifadəsinə gəlincə, bu kəmər hələ 2019-cu il üçün nəzərdə tutulub. Ümumiyyətlə, Avropanın Azərbaycana enerji istiqamətində həmişə marağı olub və bundan sonra da olacaq. Avropa Birliyi bununla bağlı xüsusi Xartiya da qəbul edib. Azərbaycan da bu proyektə cəlb olunub. Hələ bir sıra texniki məsələlərin həlli də gündəmdədir. Kəmərin Türkiyə hissəsindəki maliyyə xərcləri gündəmdədir. Ona görə bu layihəyə soyuqqanlı yanaşmaq lazımdır.

- Gündəmin daha bir mövzusu hakimiyyətyönlü partiyanın Mehriban Əliyevanın namizədliyini irəli sürməsi oldu. Əksər ekspertlər bu addımı təsadüfi saymırlar. Onlar hesab edirlər ki, belə qərarlar hakimiyyətin birbaşa razılığı olmadan reallaşmır. Siz, necə düşünürsünüz?
- Mehriban Əliyevanın YAP sədrinin müavini seçilməsi çox tələsik formada baş verdi. Qurultayın özü də fövqəladə şəraitdə keçirilmişdi. Artıq bu zaman demək olardı ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi üçün böyük şans var və güman etmək olar ki, hakimiyyətin namizədi məhz Mehriban Əliyeva olacaq.

“Seçkidə prinsiplər davası olacaq”

- Hakimiyyətin Mehriban Əliyevanın namizədliyini irəli sürməklə bağlı maraqlı fikirlərindən biri də bundan ibarətdir ki, iqtidar bununla Bakı-Şirvan elektoratının səslərini almağa hesablayıb. Hakimiyyət bu elektoratın gücünü seçkilərə səfərbər edərək kampaniyanın gedişində ondan yararlanmağa çalışır?
- Məncə, Azərbaycanda elktorat bölgüsü şərtidir. Rəqabət daha çox siyasi baxışlar əsasında gedəcək. Yəni bu seçkidə demokratiya, azadlıq bir, avtoritarizm, korrupsiya başqa tərəfdə olacaq. Insanlar məhz bunlar arasında seçim etməlidirlər. Burada söhbət prinsiplərdən gedir. Bəzi adamlar elə düşüncə var ki, Mehriban Əliyevanın namizədliyi hər hansı regionun səsini qazanmağa hesablanıb. Keçmişdən qalan bu düşüncə daşıyıcıları çox azdır.

- Əli Insanovun Milli Şuranı dəstəkləyən bəyanatından dərhal sonra Prezidentin Işlər Idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev həbs olundu. Belə ehtimal olunur ki, Akif Muradverdiyevin həbsi təsadüfi deyildi və bu yol ilə Əli Insanova mesaj ünvanlanıb. Bu iki hadisə arasında əlaqə görürsünüzmü?
- Akif Muradverdiyevin həbsinin səbəbinin onun sərhəddən qızıl pullar keçirmək istəyi ilə bağlı olduğuna inanmıram. Irəli sürülən bu fərziyyə inandırıcı deyil. Səbəb hələ tam aydın deyil. Akif Murdverdiyev də onun həbsində kimin maraqlı olduğu, onun neytrallaşdırılmasına kimin çalışdığı barədə məlumat vermir. Çünki Akif Muradverdiyevin hazırkı mərhələdə həbsi gələcəyə hesablanan addımdan daha çox onun neytrallaşdırılmasına xidmət edir. Hazırda bütövlükdə siyasi fəalların həbsi, onların müxtəlif yollarla neytrallaşdırılması daha çox cəmiyyətə təzyiqlər aspektindən həyata keçirilir. Hakimiyyət müəyyən şəxsləri həbs etməklə cəmiyyətin siyasi aktivliyinin qarşısını almaqla yanaşı, cəmiyyətdə müəyyən fors-major hadisə baş verəcəyi təqdirdə onların proseslərə müdaxilə etməsini də önləməyə çalışır. Hakimiyyət qabaqlayıcı addımlar atmaqla cəmiyyətin aktivliyinin qarşısını almaq istəyir.

- İlham Əliyev Brüsseldə olarkən seçkidə bütün namizədlərə bərabər şəraitin yaradılacağı ilə bağlı bəyanat verib. Amma məsələ burasındadır ki, seçki öncəsi ab-hava bu bəyanatlara uyğun deyil. Milli Şuranın təəssübkeşi Qurban Məmmədov qondarma ittihamlarla həbs olunub, Isa Sadıqov Milli Şuraya dəstək verdiyini və Azərbaycana dönəcəyini bəyan edəndən sonra həbs olundu. Müxalifət üçün marş yazan tanınmış bəstəkar, hakimiyyətdə təmsil olunmuş Hüseyn Abdullayev barəsində beynəlxalq axtarış verilib. Hakimiyyətin bu təlaşı nədən irəli gəlir?
- Hakimiyyət bütün qüvvələri, tanınmış, nüfuzu olan şəxsləri  seçki öncəsi neytrallaşdırmağa çalışır. Burada məqsəd bu qüvvələrin tərəfdarlarını onların arxasınca getməməyə təhrik etməkdir. Bu addımlar ondan xəbər verir ki, hakimiyyət proseslərə tam nəzarət etməyə çalışır. Hakimiyyət azad seçkilərdən, azad cəmiyyətdən, toplumun bir araya gəlməsindən qorxur.

“Hakimiyyət yenə ”arqument" kimi dəyənəyi ortaya gətirməyə çalışır"

- Hazırda hakimiyyətin atdığı repressiv addımları necə dəyərləndirmək olar. Ölkədə seçki ab-havası varmı?
- Dövlət başçısı Barrozo ilə görüşdə də seçki ilə bağlı müəyyən vədlər vermişdi. Hakimiyyət bu vədləri verəndə rəsmi seçki dönəmini nəzərdə tutur. Hazırkı mərhələdə isə hakimiyyətin məntiqindən belə çıxır ki, insanların hüquqlarını pozmaq, onları qorxutmaq, siyasi opponentlərin səfərlərini məhdudlaşdırmaq olar. Hakimiyyət səhvən düşünür ki, siyasi fəaliyyət yalnız seçki dönəmində mümkündür. Azərbaycan qanunları imkan verir ki, insanlar siyasi fəaliyyətlə istədikləri zaman məşğul ola bilsinlər. Bu təkcə seçkiyə aid deyil. Amma bütün bunlar nəzərə alınmır və hüquqlar kobud şəkildə tapdanır. Indiki durumda biz görürük ki, Azərbaycan hakimiyyəti qeyri-səmimidir, azad və ədalətli seçkilər keçirmək niyyətində deyil. Hakimiyyət yenə “arqument” kimi dəyənəyi ortalığa gətirməyə çalışır. Çünki hakimiyyətin başqa taktikası, imkanı yoxdur.

- Demokratik qüvvələrin Milli Şurası elan olunandan sonra cəmiyyətdə kifayət qədər böyük canlanma baş verib. Bununla yanaşı hakimiyyətin yürütdüyü siyasətdən narazı olan kifayət qədər insan var. “Kür” Vətəndaş Cəmiyyəti olaraq müxtəlif araşdırmalarınız olub. Hazırda Azərbaycanın fəlakət zonasından zərər çəkmiş ərazilərində əhalinin durumu olduqca acınacaqlıdır. Bütün bu məqamlar nəzərə alınarsa, yəni seçkilər sabah keçirilərsə, hakimiyyət nə qədər səs ala bilər?
- Normal seçki olsa, hakimiyyət az səs ala bilər. Hakimiyyətin cəmiyyətdəki nüfuzu da çox aşağıdır. Bundan başqa, toplum bu hakimiyyətin yürütdüyü siyasətdən artıq yorulub və narazılıq özünü açıq formada göstərir. Ümumiyyətlə, kiminsə uzun müddət hakimiyyətdə qalması mümkün deyil. Türkiyədə baş verənlər bunu təsdiqləyir. Hətta Ərdoğan birinci mərhələdə xalqın xilaskarı olsa da, sonradan mənfi bir personaja çevrilir. Yəni bütün bu məqamlar hamısı sübut edir ki, uzunmüddətli hakimiyyət insana başucalığı gətirmir. Məsələn, Toni Bleyer doqquz il baş nazir olandan sonra bəyanat verərək postundan getdi. Digər tərəfdən, cəmiyyətin özündə ciddi dəyişikliklərə böyük istək var. Cəmiyyətdə bütün narazı qüvvələrin bir araya gəlməsi, xarici faktorun hakimiyyətin ziyanına olması ona işarə edir ki, Azərbaycanda dəyişikliklər olmalıdır. Hakimiyyət isə bu prosesdən və proqnozlaşdırılan sonluqdan qorxur. Hakimiyyətin bütün bu repressiv addımları, cəmiyyətə təzyiq etməsi məhz bu qorxudan irəli gəlir. Beynəlxalq təşkilatların nümayəndələri ilə hakimiyyət təmsilçilərinin görüşləri zamanı prioritet məsələ seçki islahatları, demokratik prinsiplər olur.


azadliq.info


Tarix: 29-05-2013, 20:15 | Oxunub: 250 dəfə | Kateqoriya:Xəbərlər