SEÇKİ - 2013

“Seçkidə Milli Şuranın güclü fəaliyyəti olacaq”

 

“Seçkidə Milli Şuranın güclü fəaliyyəti olacaq”


«Biz nə Zimbabve, nə Uqandayıq, Azərbaycanda demokratiyanın yoxluğuna göz yumulmayacaq»

Vəfa Quluzadə: «ABŞ Azərbaycanda demokratik islahatların keçirilməsinə nail olmaq istəyir»

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP (Trans Adriatik Pipeline) layihəsi artıq reallaşmaq üzrədir. Azərbaycanın artıq seçimini etməsi NABUCCO-nun gələcək taleyinin müəyyənləşdirilməsi kimi də dəyərləndirilir. Amma bir sıra ekspertlər sonuncu layihənin də hələ gerçəkləşmək imkanlarının olduğunu düşünür. Politoloq Vəfa Quluzadə ilə müsahibəmizin ilk sualı məhz bu məsələ ilə bağlı oldu:

- Əsas məqam ondan ibarətdir ki, hansı layihənin arxasında ABŞ dayanır, onu dəstəkləyirsə həmin proyekt də reallaşacaq. Əgər ABŞ NABUCCO-nu çəkdirmək irdasini ortaya qoyacaqsa, Azərbaycan qazı bu kəmərlə axacaq. Bakı-Ceyhan kəmərində də bu göründü. Bu proyektin reallaşması ilə bağlı ABŞ öz iradəsini ortaya qoyandan sonra bütün maneələr aşıldı. Baxmayaraq ki, kəmərin reallaşması ilə bağlı o zaman çoxlu təzyiqlər və narazılıqlar var idi. Bəyan olunurdu ki, kəmərin marşurutu çətin, qiyməti isə bahadır. Özü də bu dəfəki qaz kəməri strateji məsələ olacaq. Amma onu da etiraf etmək lazımdır ki, Azərbaycanın bu tip geosiyasi layihələrdə mövqeyi bir o qədər böyük rol oynamır. Çünki əsas məsələ dünyanın aparıcı dövləti olan ABŞ-n yanaşmasıdır. Dünyada ABŞ-a qarşı olan bütün dövlətlər çökür. Amerikaya qarşı çıxan Iraq, Qəddafi süqut etdi. Bəşər Əsədin müqaviməti davam etdirsə də, ölkəsi darmadağın olub. ABŞ-ın mövqeyi həlledicidir. Hansı enerci layihəsinin seçiləcəyi məhz Vaşinqtonun mövqeyindən asılı olacaq.

Qaz layihəsinə Rusiyanın reaksiyası necə olacaq?

- Vaxtı ilə BTC-də Azərbaycana kifayət qədər böyük təzyiqlər hesabına başa gəlmişdi. Hazırda Avropanı qazla təchiz edəcək kəmərlərin də əhəmiyyəti böyükdür. Əgər “əsrin kontraktında” Rusiya təmsil olunurdusa Avropaya nəql olunacaq qaz layihələrindən Rusiya kənarda qalıb. Belə olan halda Azərbaycana hansı təhlükələr var və onların aradan qaldırılması üçün ölkəmiz nə etməlidir?
- BTC-nin reallaşması zamanı danışıqlarda birbaşa iştirak etmişəm. O zaman Klinton Xəzər neftinin, qazının çoxsaylı  kəmərlərlə dünyaya çıxarılması məsələsin irəli sürmüşdü. Buna Heydər Əliyev razılığın vermişdi. Rusiya o zaman BTC-nin reallaşmaması üçün böyük canfəşanlıq etdi ki, bu proyekt reallaşmasın. Amma Rusiya o zaman Azərbaycana təzyiq edə bilməzdi. Onun təzyiqi ancaq Amerikaya yönələ bilərdi. Çünki Rusiya artıq Azərbaycana bütün mümkün təyziqləri etmiş, 20 faiz ərazilərimizi işğal etmişdi. Hazırda Rusiyanın Avropaya qaz ixrac etməsinə gəlincə isə, Avropa Kremlin bu asılılığından qorxmur. Çünki burada yalnız iki tərəfli iqtisadi əlaqələrdən gedir. Rusiya öz təbii sərvətini satır, amma həmin satışdan gələn pullardan səmərəli istifadə etmir. Rusiyanın iqtisadiyyatının hazırkı acınacaqlı durum göz önündədir. Amerika nə Rusiyadan, nə bir başqa ölkədən qorxmur. ABŞ-ın düşünülmüş proqramları, strategiyası var. Digər tərəfdən Azərbaycan hakimiyyəti qaz layihələrini gerçəkləşdirməklə seçki ilində Avropanın dəstəyini almağa çalışır. Digər tərəfdən Azərbaycan hakimiyyəti Rusiyanı da özünə tərəf çəkməyə çalışacaq. Bütün bu addımlar anlaşılandır.

- Bugünlərdə Rusiyanın Xarici Işlər Nazirliyində kollegiya iclası keçirilib. Iclasın əsas mövcuzu Rusiyanın Cənubi Qafqaz siyasəti, ümumilikdə regiondakı durumla bağlı olub. Hazırda Cənubi Qafzaqda elə bir ciddi hadisələrin baş vermədiyi halda bu toplantının məqsədi nə ola bilər?
- Rusiya siyasi elitasında belə bir fikir gəzir ki, Qərb Cənubi Qafqazda artıq istədiyi siyasəti yürüdə bilir. Azərbaycandan neft, qaz maneə olmadan alınır. Amma yaxın gələcəkdə Azərbaycanda neft qurtaracağından Qərb Rusiyaya da regionda müəyyən imkanlar tanımalıdır. Əlbətdəki əsas maraqlar qalmaq şərti ilə Rusiya ABŞ-ın regiondakı enerji siyasətinə toxunmamalıdır. Bundan başqa Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəmdədir. Rusiya buna da mane olmamalıdır. Gürcüstandan sonra regionda Azərbaycanla, Ermənistan qalır. ABŞ bu iki dövlətdən üz döndərmək niyyətində deyil. ABŞ hər iki ölkədə demokratik islahatların keçirilməsinə nail olmaq istəyir. Məhz bu səpkidə ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır. ABŞ heç bir strateji məkanlardan əl çəkən deyil. ABŞ Əfqanıstandan geri çəkilsə də, bu ölkədə Amerikanın gücü əsgəri bazaları qalıb. ABŞ bu regionda istəyinə nail olub. Lazım gələrsə, yerli hakimiyyətə də dəstəyini əsirgəmiyəcək.

“Türkiyə ikiyə parçalanıb”

- Hazırda Türkiyədə proseslər bir qədər səngiyib və sular durulmaqdadır. Baş verən hadisələr nəyin görsənişi idi? Olaylar ekspromt baş vermişdi, yoxsa hakimiyyətə konkret mesaj idi?
- Həmişə xarici qüvvələr daxili vəziyyətdən istifadə edərək ölkədə baş verənlərə müdaxilə edirlər. Əgər daxili imkanlar buna şərait yaratmırsa müdaxilə olunmur. Əslində mən Türkiyəni bölünmüş ölkə sayıram. Türkiyənin 50 faizindən artığı müsəlman Türkiyəsidir. Yerdə qalan hissə isə demokratikləşmiş, özünü daha çox Avropanın bir hissəsi sayan Türkiyədir. Ona görə Türkiyədəki hakimiyyət gərək hər iki qüvvəni birləşdirən iqtidar olsun. Hakimiyyət bu və başqa tərəfə meil göstərəkcəksə, digəri iqtidara qarşı çıxacaq və xarici qüvvələrin də təsirinə şərait yaranacaq. Türkiyə Qərb üçün olduqca önəmli ölkədir. Qərb Türkiyədən onunla əməkdaşlıq etməsini istəyir. Qərb strateji məsələlərdə Suriya və Iran problemində Türkiyədən dəstək gözləyir. Xarici qüvvələrdən can qurtarmaq üçün daxildə vəziyyəti gərək hakimiyyət elə taraz saxlasın ki, xarici qüvvələrə fəaliyyət üçün iş qalmasın.

- Bir müddət əvvəl Azərbaycan hakimiyyəti ATƏT-in Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasına dair, qurumun seçkilərdəki mandatının dəyişdirilməsiylə bağlı təşəbbüslə çıxış etmişdi. Hazırda ATƏT-in Demokratik Təssisatlar və Insan Haqları Bürosu Azərbaycan hakimiyyətinin qurumun prezident seçkilərini izləməsi üçün hələ də dəvət göndərmədiyindən narahatlığını ifadə edib. Azərbaycan ATƏT-in müşahidə missiyasından imtina edərsə bu ölkəmizə nələri vəd edir?
- Düşünmürəm ki, ATƏT seçkilərin müşahidəsindən kənarlaşdırılacaqdır. Əgər Azərbaycan seçkilərin legetimliyinin tanınmasını istəyirsə, ATƏT seçkiləri izləməlidir. ATƏT böyük bir təşkilatdır, baş verənlər xırda məsələ deyil. Azərbaycan əgər ATƏT-i seçkiləri izləməyə dəvət etməyəcəksə, gərək oxşar addım digərlərinə qarşı da atılsın.

“Hələ demokratikləşməmişik”

- Bir müddət əvvəl Avropa Parlamenti Azərbaycanda insan haqlarının pouzlması, söz və mətbuat azadlığının məhdudlaşdırılması, demokratik dəyərlərə riayət edilməməsi ilə bağlı sərt qətnamə qəbul edib. Bu sənəd hakimiyyət nümayəndələrinin kəskin reaksiyasına səbəb oldu. Hətta Avropa Parlamenti Azərbaycanın Milli Məclisində sərt tənqidə də məruz qalıb. Bu mövqeyi necə dəyərləndirmək olar?
- Seçki ili olduğuna görə Avropa Parlamentinin qəbul etdiyi qətnamə kimi sənədlər iqtidarı əsəbləşdirir. Əslində baş verənlər təbiidir. Hakimiyyət artıq Avropa Birliyindən, ATƏT-dən, Avropa Parlamentindən gələn iradları qəbul etməyəcəyini nümayiş etdirib. Proseslərin sonrakı gedişin izləmək gərəkdir.

- Ümumiyyətlə Azərbaycan hakimiyyətinin ölkəmizə demokratiya ilə bağlı yönəlik çağrışları aqressiv qarşılamasını necə dəyərləndirmək olar?
- Azərbaycanda hamı elə düşünür ki, ölkə demokratikdir. Amma belə deyil. Buna bariz nümunə demokratiya ilə bağlı çağrışlara reaksiyadır. Deməli biz hələ demokratikləşməmişik. Biz hələ demokratiyadan xeyli uzağıq. Qərbin Azərbaycanla bağlı siyasətinə gəlincə isə sözsüz ki, demokratiya Qərbin ideologiyasıdır. Qərb demokratiya ideologiyasını bütün dünyada dəstəkləyir və yayır. Bu ideologiyanın yayılması əlaxsus Qərbi maraqlandıran regionlarda yayılır. Azərbaycan Xəzər hövzəsində yerləşən mühüm ölkədir. Bu ölkə demokratiyadan kənarda qala bilməz. Biz nə Zimbabve, nə Uqandayıq. Bəlkə də həmin ölkələrdə demokratiyanın olmamasına göz yuma bilərlər. Amma Azərbaycanda buna göz yummayacaqlar. Ona görə belə bir münasibəti gözləməyə dəyməz.

- Bu günlərdə dövlət başçısı Ilham Əliyevin Brüsselə maraqlı səfəri baş tutdu. Ilham Əliyev Brüsseldə səsləndirdiyi bəyanatlarda birmənalı şəkildə vurğulayıb ki, ölkədə azad və adəltli seçkilər keçiriləcək, bütün namizədlərə bərabər şəraitlər yaradılacaq. Amma o da məlumdur ki, hazırda ölkədə seçki ab-havası hiss olunmur, müxalifət təmsilçilərinin əyalətlərə səfərləri əngəllənir?
- Ölkədə baş verənləri ölkəmizin Qərbdəki müttəfiqləri qiymətləndirməlidir. Azərbaycandan tam demokratik, şəffaf seçki istəyən ABŞ və Avropa Birliyi baş verənlərə münasibət bildirməlidir. Eyni zamanda ölkədəki siyasi təşkilatlar da cərəyan edən hadisələri dəyərləndirməlidir.

- Seçkilərə qısa müddət qaldığı bir zamanda ilk dəfədir ki, Azərbaycanın demokratik qüvvələri vahid bir təşkilatda bir araya gəliblər. Milli Şurada Azərbaycanın tanınmış siyasi partiyaları, ictimaiyyət nümayəndələri, ziyalıları təmsil olunublar. Belə bir birliyin yaradılması seçkilərə necə təsir göstərə bilər?
- Bu təşkilatın yaradılması yeni bir mərhələdir. Əvvəlki seçkilərdən fərqli olaraq Milli Şura demokratik qüvvələri birləşdirir. Hesab edirəm ki, seçkidə Milli Şuranın güclü fəaliyyəti olacaq.

 

azadliq.info

Tarix: 29-06-2013, 00:03 | Oxunub: 272 dəfə | Kateqoriya:Xəbərlər