SEÇKİ - 2013

Söyün Sadıqovdan yeni ilginc açıqlamalar

 

 Söyün Sadıqovdan yeni ilginc açıqlamalar


“Azərbaycan hakimiyyətinə xarici düşmən tapmaq lazımdır və onlar bizi düşmən kimi qəbul edirlər”

“İlham Əliyevin əsas rəqibi kimi Rüstəm İbrahimbəyovu görürəm”

“Hakimiyyətə İsraildən gəlmiş polittexnoloqlar məsləhət verir”

Rusiyada Azərbaycan Təşlilatları İttifaqının üzvü, “AzərRos”un keçmiş prezidenti, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov yeni açıqlamalar verib. Sadıqov Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsində onun rolu olduğu haqda iddiaları cavablandırıb. O, həmçinin qarşıdan gələn seçki ilə bağlı başqa mətləblərə də toxunub.
“Virtualaz.org”a danışan S.Sadıqov M.Əliyevanın namizədliyinin onun adı ilə bağlanmasına etiraz edib: “Mən anlamıram ki, Azərbaycan hakimiyyəti niyə öz uğursuzluğuna görə başqalarını günahlandırır. Birincisi, mən Sevda Xursudova adlı şəxsi heç vaxt tanımamışam və onun hansısa partiyasının mövcudluğu haqqında da eşitməmişəm. İkincisi isə bildirirəm ki, Mehriban Əliyevanın namizədliyi ilə bağlı hər hansı təklif irəli sürməmişəm”.
S.Sadıqov M.Əliyevanın namizədliyinin irəli sürülməsində hər hansı qəbahət görmədiyini də qeyd edib. O, Rusiyada Putin-Medvedev yerdəyişməsini misal göstərərək, “eyni şeyi Əliyev hakimiyyətinə də təklif edərdim” deyib. Sadıqovun fikrincə, İ.Əliyev kürsüsünü inandığı şəxsə ötürməklə Konstitusiyanı pozmaya (yəni 3-cü dəfə namizədliyini verməyə - red.) bilər və bu şəxs M. Əliyeva da ola bilər.
M.Əliyevanın namizədliyinin hakimiyyətə qazandıra biləcəyi üstünlüklərdən də danışan S.Sadıqov “Təəssüf ki, Azərbaycan hakimiyyəti daxilində qeyri-konstruktiv qüvvələr bunun qarşısını alır”, deyə bildirib.
Sadıqov Azərbaycanda Milli Şuranın yaradılması və Şuranın sədri Rüstəm İbrahimbəyovun şansları barədə də fikirlərini bölüşüb: "Sağlam, konstruktiv müxalifət bütün ölkələr tərəfindən qəbul olunur. Azərbaycan Milli Şurası Azərbaycanda müxalifət qüvvələrini yaxşı bir platforma ətrafında birləşdirən bir qüvvədir. Amma nədənsə hakimiyyət onlardan qorxur. Bu, yanlış taktikadır. Şəxsən mənim fikrim belədir ki, Milli Şura hakim Yeni Azərbaycan Partiyasından daha çox təşəbbüskardır. Və Milli Şuranın namizədı kimi Rüstəm İbrahimbəyov həqiqətən güclü rəqibdir. Rüstəm İbrahimbəyevə görə tarix üçün, seçkilərdə saxtakarlığın qarşısını almaq üçün bütün sosial və siyasi qüvvələri, gənclər təşkilatlarını, ziyalıları və digər fəal insanları birləşdirmək vacibdir".
O, qarşıdakı seçkilərdə İlham Əliyevin əsas rəqibi kimi Rüstəm İbrahimbəyovu görürdüyünü bildirb.
Bakıda İbrahimbəyova qarşı cinayət işi açıb, onu seçkiyə buraxmamağın mümkünlüyü haqda suala Sadıqov belə cavab verib ki, Azərbaycan hakimiyyəti belə bir addım atsa, ən böyük səhvini etmiş olar: "Rüstəm İbrahimbəyov  təkcə Azərbaycanda deyil, bütün dünyada ictimai xadim  kimi tanınır. Məşhur yazıçı və dramaturq, rejissor, nüfuzlu mükafatların sahibi, Azərbaycanın xalq yazıçısı, Azərbaycan və Rusiyanın əməkdar artisti fəxri adlarının sahibidir. Bu şəxs Azərbaycan müxtəlif sosial qrupların nümayəndələrini birləşdirməyə qadir olan adamdır. Bundan əlavə, o, “Oskar”  mükafatının qalibidir. Rüstəm İbrahimbəyov, Rəşid Behbudov və Müslüm Maqomayev kimi insanların sayəsində Azərbaycan bütün dünyada məşhur olub. Bütün dünya onun müdafiəsinə qalxacaq. Və mən düşünmürəm ki, hökumət bundan udsun”.
Sadıqov  onu Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edənlərə də cavab verib. İctimai fəaliyyətlə yanaşı həm də siyasi elmlərlə məşğul olduğunu qeyd edən Sadıqov deyib: "Mən yalnız Azərbaycandakı siyasi vəziyyəti deyil, Gürcüstan və Ermənistandakı siyasi vəziyyətləri də təhlil edirəm. Ona görə də mən heç kimin daxili işlərinə müdaxilə etmirəm və belə bir fikrim də yoxdur. Azərbaycanın rüşvətə bulaşmış rəsmiləri bizim Abbas Abbasov və Rüstəm İbrahimbəyovla birgə Rusiyada gördüyümüz işlərin heç yarısını da görmürlər. Bu gün mən hakimiyyəti başa düşürəm. Onlara xarici düşmən tapmaq lazımdır və onlar bizi düşmən kimi qəbul edirlər. Bildiyim qədər, bu gün Azərbaycanda İsraildən gəlmiş polittexnoloqlar oturublar və onlar hakimiyyətə belə məsləhətlər verirlər”.

 

azadliq.info

Tarix: 26-06-2013, 23:53 | Oxunub: 296 dəfə | Kateqoriya:Xəbərlər