SEÇKİ - 2013

Prezident seçkilərini izləyəcək AŞPA müşahidə missiyasının üzvləri təsdiqlənib

 

Prezident seçkilərini izləyəcək AŞPA müşahidə missiyasının üzvləri təsdiqlənib

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının sonuncu iş günü qurumun Bürosunun iclası keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov toplantıda Azərbaycanla bağlı müzakirələrin də keçirildiyini deyib. Büronun iclasında oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərindən əvvəl və səsvermə günü prosesi müşahidə edəcək AŞPA missiyasının rəhbəri və üzvlərinin siyahısı təsdiq edilib.
 
Bundan başqa, S. Seyidov Ermənistan xarici işlər naziri Edvard Nalbandiyanın AŞPA-da Azərbaycana qarşı qərəzli çıxışı və Azərbaycanla Ermənistan nümayəndə heyətləri arasında keçirilmiş görüşün də Büro iclasında müzakirə edildiyini söyləyib: “Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın AŞPA-nın plenar sessiyasının birinci iş günü etdiyi çıxışı bizim diqqətimizi xüsusi cəlb etdi. Təəssüf ki, o, Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi yox, Ermənistan xarici işlər naziri kimi çıxış etdi, bu isə Avropa Şurasının qaydalarının kobud şəkildə pozulması deməkdir. Bununla bağlı, Azərbaycan tərəfi öz etiraz məktubunu artıq Avropa Şurasının rəhbərliyinə təqdim edib. Orada bənd-bənd göstərilib ki, Edvard Nalbandyan çıxışında düzgün olmayan, reallığı əks etdirməyən, Azərbaycana qarşı tamamilə aidiyyəti olmayan məsələləri təqdim edib. Bu məsələlərin düzgün olub-olmaması bir tərəfə qalsın, yenə qeyd etmək istəyirəm ki, onun bu şəkildə, bu tərzdə çıxışı Avropa Şurasında qəbuledilməz bir məsələdir. AŞPA Monitorinq Komitəsinin üzvləri də buna öz etirazlarını bildirdilər. Bundan əlavə, Büronun iclasında məsələ yenidən gündəmə gəldi və eyni şəkildə bir daha təkrarlandı ki, Nazirlər Komitəsinə altı aylıq sədrlik müddətində bu cür hərəkət etmək olmaz və bunun qarşısı alınmalıdır. Mən də Azərbaycan nümayəndə heyətinin sədri kimi, Parlament Assambleyasının sədrinə bu məsələ ilə bağlı ünvanladığım məktubu gündəmə gətirdim”.

 

Apa.az

Tarix: 28-06-2013, 23:48 | Oxunub: 316 dəfə | Kateqoriya:Xəbərlər