SEÇKİ - 2013

Hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına dair TƏLİMAT

 

 

Hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına dair TƏLİMAT


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/49 saylı Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) (bundan sonra - seçkilərdə) hərbi qulluqçuların iştirakı və hərbi hissələrdə seçki məntəqələrinin yaradılması və həmin məntəqələrin seçki komissiyalarının fəaliyyəti qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 12.1-ci, 13.1-ci, 14.2.1-ci, 35.5-ci, 36.7-ci, 46.6-cı, 46.9-cu, 47.3-cü və 104-cü maddələri, həmçinin  "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsi və bu Təlimatla tənzimlənir.

1. Ümumi müddəalar

1.1. Hərbi qulluqçu dedikdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə müddətli və müddətdən artıq həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur.

1.2. Hərbi qulluqçuların da Azərbaycan Respublikasının digər vətəndaşları kimi aktiv və passiv seçki hüququ vardır və bu hüquqları həyata keçirərkən onlarla eyni hüquq və vəzifələrə malikdirlər.

1.3. Seçkilərdə hərbi qulluqçular qanunvericiliklə onlar tərəfindən əməl edilməli şərtləri yerinə yetirməklə (xidməti vəzifələrinin icrasından müvəqqəti azad edilmək, tabeçilik qaydasında birbaşa komandirinə məlumat vermək və s.) namizədliklərinin irəli sürülməsində, seçici imzalarının toplanmasında, seçkiqabağı təşviqat prosesində, seçki prosesinin aşkarlığının təmin edilməsi məqsədilə müşahidəçi qismində və s. iştirak edə bilərlər.

1.4. Hərbi qulluqçu səs verərkən ona seçki bülleteni (referendumda səsvermə bülleteni) onun şəxsiyyətini təsdiq edən sənəd1  təqdim edildikdə verilir.

2. Hərbi qulluqçuların seçki hüququnun həyata keçirilməsi

2.1. Hərbi qulluqçuların aktiv seçki hüququ

2.1.1. Hərbi qulluqçular aktiv seçki hüququna malik olan seçicilər olmaqla, seçkilərdə hərbi hissənin yerləşdiyi ərazidə yaradılan ümumi seçki məntəqələrində səs verirlər.

2.1.2. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

2.1.3. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti  orqanlarının təqdimatı əsasında ümumi məntəqələrdə səs verməsi mümkün olmayan (xüsusi rejim şəraitində qulluq edən) hərbi hissələrin hərbi qulluqçuları hərbi hissələrdə yaradılan seçki məntəqələrində Seçki Məcəlləsinin 104-cü maddəsində nəzərdə tutulmuş qaydada səs verirlər.

2.2. Hərbi qulluqçuların passiv seçki hüququ

2.2.1. Hərbi qulluqçular passiv seçki hüququndan  Seçki Məcəlləsinin 14.2.1-ci maddəsinin tələbi əsas götürülməklə istifadə edirlər2.

2.2.2. Hərbi qulluqçunun namizədliyi özü tərəfindən və ya buna hüququ olan digər subyektlər tərəfindən irəli sürüldükdə, bu barədə hərbi qulluqçu qanunvericiliyə uyğun olaraq özünün birbaşa komandirinə məlumat verir.

3. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılması

3.1. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.

3.1.1. Belə hallarda seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalmış, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.

3.2. Hərbi hissə ərazisində yaradılan seçki məntəqəsinin məntəqə seçki komissiyası   müvafiq dairə seçki komissiyası tərəfindən təşkil edilir.

3.3. Hərbi hissədə yerləşdirilən hərbi qulluqçuların, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçuların aktiv seçki hüququna malik olan ailə üzvlərinin və digər seçicilərin  sayı 100-dən az və 50-dən çox olduqda, hərbi hissənin ərazisində yaradılan seçki məntəqəsi üzrə seçicilərin ümumi yığıncağı keçirilərək onların sırasından açıq səsvermə yolu ilə 6 nəfərdən ibarət tərkibdə məntəqə seçki komissiyasının üzvləri seçilir. Komissiyanın fəaliyyəti, səlahiyyətli tərkibdə formalaşması və səsvermə qaydalarına dair tələblər ümumi əsaslarla yaradılmış məntəqə seçki komissiyaları ilə eynidir. Məntəqə seçki komissiyası təşkil edildikdən sonra onun tərkibi Seçki Məcəlləsinin 36.7-ci maddəsinə əsasən müvafiq dairə seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.

4. Hərbi hissə ərazilərində  seçki məntəqələrinin yaradılması və səsvermənin təşkilinə  dair tələblər

4.1. Hərbi hissədə seçki məntəqəsi hərbi hissə komandiri tərəfindən normal iş rejiminin təmin edilməsi məqsədilə elə yerdə təşkil edilməlidir ki, həmin seçki məntəqəsinə giriş maneəsiz olsun və hərbi hissənin xidmətkeçmə və iş rejimi pozulmadan bu Təlimatın 4.2-ci bəndində göstərilən şəxslərin seçki məntəqəsinə sərbəst gediş-gəlişi və orada olarkən öz səlahiyyətlərini tam həyata keçirməsi mümkün olsun.

4.2. Hərbi hissələrdə yaradılmış seçki

 məntəqələrində  səsvermə otağına Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının üzvlərinin, qeydə alınmış namizədlərin və onların səlahiyyətli nümayəndələrinin,  vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin, habelə referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxslərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin və müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır. Səsvermə günü seçki məntəqəsində olarkən həmin şəxslərin statusunu müəyyən etməyə imkan verən (Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş formada soyadı, adı, atasının adı, vəzifəsi göstərilmiş və fotoşəkli olan) lövhəcikləri onların üzərində olmalıdır.

4.3. Hərbi hissə ərazilərində yaradılan seçki məntəqələrində səslərin hesablanması və məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması Seçki Məcəlləsinin 100-cü və 106-cı maddələrinə, həmçinin Mərkəzi Seçki Komissiyasının həmin münasibətləri tənzimləyən müvafiq Təlimatına əsasən həyata keçirilir.

5. Yekun müddəalar 

5.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/27 saylı Qərarı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikası Prezidentinin seçkilərində hərbi hissələrdə seçkilərin təşkilinə dair" Təlimat, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 avqust 2005-ci il tarixli 21/89 saylı Qərarı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə hərbi qulluqçuların iştirakına dair" Təlimat və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-5 saylı Qərarı ilə təsdiq edilmiş  "Referendum zamanı  hərbi hissələrdə səsvermənin təşkilinə dair" Təlimat qüvvədən düşmüş hesab edilir.

 

1 Qeyd:  "Seçkilərdə (referendum

da) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı"nın 1.3-cü bəndinə əsasən həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün zabitin şəxsi vəsiqəsi və ya hərbçinin hərbi bileti

 

2 Qeyd: Hərbi qulluqçular hərbi qulluqda olduqları müddətdə tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü ola bilməzlər.

Tarix: 24-07-2013, 02:30 | Oxunub: 1289 dəfə | Kateqoriya:MSK xəbərləri