
Azərbaycanda prezident seçkisində 118 seçki dairəsinin 800 məntəqəsində «exit-poll» keçiriləcək. «Məntəqələrdə «exit-poll» tədqiqatının həyata keçirilməsinə 1600 intervüer, 220 supervayzer, 100 telefonçu və eyni sayda kömpüter operatoru cəlb edilib», bu barədə bazar ertəsi Trend News-a «ELS» Müstəqil Araşdırmalar Mərkəzindən məlumat verilib.
Azərbaycanda exit-poll tədqiqatı 4-cü, ¿quick-count¿ isə ikinci dəfədir həyata keçirilir.
«Exit-poll» və «quick-count»i «ELS» Müstəqil Araşdırmlar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası birgə keçirəcək.
«ELS» Müstəqil Araşdırmlar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası «exit-poll» və «quick-count» tədqiqatlarını keçirməyə tam hazırdır. Tədqiqatın keçirilməsi üçün bütün hazırlıq işləri başa çatdırılıb. «Exit-poll» və «quick-count» tədqiqatı üçün lazım olan bütün sənəd və ləvazimatlar hazırlanaraq tədqiqatın keçiriləcəyi məntəqələrə göndərilib», - deyə məlumatda qeyd olunub.
Məlumatda qeyd olunub ki, mərkəzdə tədqiqatın keçirilməsinə bir-başa nəzarət edəcək 100 nəfərə yaxın komanda-qərargah heyəti fəaliyyət göstərəcək. «Exit-poll» aparılan məntəqələrdə paralel olaraq «quick-count» tədqiqatı da həyata keçiriləcək. «Quick-count»u həyata keçirəcək heyət də eyni mərkəzdən idarə olunacaq. Bu işə isə 800 müşahidəçi cəlb edilib.
Tədqiqat çərçivəsində 120-160 min anketin toplanması gözlənilir. /Trend/