
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi.
1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır.
2000-ci ildə MM-ə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.
Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.
Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Yeni Azərbaycan Partiyasının tarixində vacib və əlamətdar hadisələr
• 16 oktyabr 1992-ci Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti
• 24 oktyabr 1992-ci il Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı
• 21 noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi
• 18 dekabr 1992-ci il Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi
• 1992-1993 YAP rayon təşkilatlarının yaradılması
• fevral 1993-cü il YAP sədri Heydər Əliyevin Bakıda partiya fəalları ilə görüşü
• Aprel 1993-cü il «Yeni Azərbaycan» qəzetinin ilk sayının çapdan çıxması
• May-iyun 1993-cü il Ölkədə 1993-cü ilin ortasında baş vermiş vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması üçün YAP-ın fəal ideoloji fəaliyyəti dövrü
• 9 iyun 1993-cü il YAP sədri Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi
• 15 iyun 1993-cüil Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi
• 3 oktyabr 1993-cü il YAP sədri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
• 19 noyabr 1994-cü il YAP-ın iki illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi və müşavirədə YAP Sədri, ölkə prezidenti Heydər Əliyevin çıxışı
• 12 noyabr 1995-ci il Çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində YAP-ın qələbə çalması
• İyun 1995-ci il YAP Qadınlar Şurasının və Gənclər Birliyinin təsis olunmaıs
• Noyabr 1997-ci il YAP-ın yaranmasının 5 illiyinə həsr olunmuş ümumrespublika forumunun keçirilməsi
• 2 fevral 1998-ci il YAP Gənclər Birliyinin ümumrespublika forumu. YAP sədrinin forumundakı nitqindən irəli gələn məsələlər Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etmşidir
• 11 oktyabr 1998-ci il YAP Sədri Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi
• 21 noyabr 1998-ci il YAP-ın yaranmasının 6 ilinə həsr olunmuş təntənəli yığıncağın kçeirilməsi
• 21-22 dekabr 1999-cu il YAP-ın I qurultayı
• 12 noyabr 2000-ci il arlamentə seçkilərdə YAP-ın qələbə çalması
• 21 noyabr 2001-ci il YAP-ın II qurultayı
• 26 noyabr 2002-ci il YAP-ın 10 illiyinə həsr olunmuş təntənələi yığıncağın keçirilməsi
• 10 may 2003-cü il Heydər Əliyevin anadan olmasının 80 illiyi
• 15 iyun 2003-cü il Qurtuluş bayramının 10 illiyi «Heydər Əliyevin hakimiyyətə qayıdışının 10 illiyi»
• 2 avqust 2003-cü il İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi
• 15 oktyabr 2003-cü il İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
• 12 dekabr 2003-cü il Heydər Əliyevin vəfat etməsi
• 26 mart 2005-ci il YAP-ın III Qurultayı