
Əsasını Məmməd Əmin Rəsulzadənin qoyduğu və Əbülfəz Elçibəyin inkişaf etdirdiyi Qurtuluşçu milliyyətçilikdən çağdaş Quruluşçuluğa keçid zərurəti meydana çıxmışdır. Qurtuluşçu milliyyətçiliyin başlıca hədəfi müstəmləkə strukturlarının dağıdılması və müstəqil dövlətimizin qurulması olub. Quruluşçuluq isə bu dövlətdə milli demokratik dünyagörüşünü hakim mövqeyə gətirməyi, milli dövlət quruculuğu işini tamamlamağı, millətin və dövlətin bütövlüyünü təmin etməyi, millətin öz dövlətinə bağlılıq duyğusunu artırmağı, ən yüksək səviyyədə düşüncə, təşəbbüs və iradə azadlığına sahib azad vətəndaşlardan ibarət cəmiyyət qurmağı əsas hədəf götürür.
1918-1920-ci illərdə Məmməd Əmin Rəsulzadənin başçılığı ilə millətimiz Azərbaycan Xalq Cümhuriyyəti adlı ilk milli demokratik dövlətimizi qurdu. Lakin həmin dövlətin mövcudluğuna rus-bolşevik istilası son qoydu. Milli azadlıq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu və 1992-ci ildə Əbülfəz Elçibəyin liderliyi ilə ikinci dəfə milli demokratik hakimiyyət quruldu. Millətə xidmətini cəmi bir il sürdürə bilən bu hakimiyyət antimilli bir çevrənin devrimi nəticəsində öz missiyasını sonadək həyata keçirə bilmədi. Bu dəfə milli demokratik mahiyyətdə bir hakimiyyətin qəti və həmişəlik formalaşdırılması üçün mübarizəyə başlayırıq. Böyük Quruluş Partiyası hər zaman millətin iqtidarı olacaqdır. Böyük Quruluş Partiyası bu mübarizənin öncülü və milli-demokratik dövlət quruculuğu missiyasını öz üzərinə götürən bir təşkilat olmaq iddiasındadır. Əminik ki, Milli Azərbaycan Quruluşu mövcud olan yerdə nə Qarabağımız, nə başqa torpaqlarımız işğal altında qalacaq, nə də Vətənimiz parçalanmış durumda olacaq.
Partiyanın təməl prinsipi QURULUŞÇULUQDUR.
QURULUŞÇULUQ - Azərbaycanda vətəndaş, cəmiyyət və dövlət münasibətləri sisteminin müasir bilgi çağının tələblərinə uyğun olaraq milli-demokratik məzmunda qurulmasıdır.
Quruluşçuluq; regionçuluğu, firqəçiliyi, qrupçuluğu ümummilli mənafelər və ümumbəşəri dəyərlərlə əvəzləmək, vətəndaşlarımızın, millətimizin və dövlətimizin strateji hədəflərini dərk etmək və bu hədəfləri gerçəkləşdirmək üçün çalışmaqdır.
PARTİYANIN MƏQSƏDLƏRİ VƏ VƏZİFƏLƏRİ
1. Partiyanın məqsədləri aşağıdakılardır:
- Dünya birliyi ilə, o cümlədən Türk Dünyası ilə inteqrasiyanın ən yüksək səviyyəyə çatdırılması, Azərbaycanda milli dövlətçilik ənənələrinə əsaslanan, şəxsiyyət azadlığını təmin edən demokratik, dünyəvi dövlətin inkişaf etdirilməsinə kömək etmək;
- İşğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasına kömək etmək;
- Azərbaycan Respublikasında milli və vətəndaş həmrəyliyinin ən yüksək səviyyəyə çatdırılması;
- Cəmiyyətdə hüququn aliliyi prinsipinin və sosial ədalətin təmin olunması;
- Dünya Türkləri arasında həmrəyliyin gücləndirilməsi;
- Vətəndaşlarımızın öz milləti və dövləti ilə qürur duyması və onun inkişafı üçün çalışmasına nail olunması;
- Sərbəst bazar iqtisadiyyatının formalaşdırılması və Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılması;
2. Partiyanın vəzifələri aşağıdakılardır:
- siyasi maarifçilik;
- vətənpərvərliyin təbliğ olunması;
- demokratiya, siyasi plüralizm, insan hüquqları kimi ümumbəşəri dəyərlərin və ideyaların təbliğ olunması;
- demokratik islahatların aparılması və demokratik təsisatların bərqərar olması;
- Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işini həyata keçirilməsi.
ƏSAS HƏDƏFLƏR
- Millətin siyasi və mədəni cəhətdən düzgün təşkilatlandırılması;
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, sərhədlərin toxunulmazlığı, hər cür xarici müdaxilənin və daxili təhdidlərin dəf edilməsi məqsədilə milli təhlükəsizlik sisteminin inkişaf etdirilməsi;
- Ölkədə ayrılıqçılıq, bölücülük (sinfilik, yerliçilik, məzhəbçılik, tayfabazlıq və s.) siyasətinə qarşı ictimai mübarizənin təşkili, aparılması və milli həmrəyliyin yaradılması;
- Beynəlxalq aləmdə millətlərarası və dövlətlərarası barışın qorunmasına dəstək verilməsi, dünya birliyinin terrorizmə qarşı mübarizəsində aktiv iştirak etmək;
- İşğal olunmuş bütün torpaqlarımızı azad etmək;
- Qaçqınların, məcburi köçkünlərin, əlillərin və sosial-iqtisadi durumun dözülməzliyi ucbatından ölkəni tərk etməyə məcbur olmuş vətəndaşlarımızın hüquqlarının müdafiə olunması, yoxsulluğun, işsizliyin aradan qaldırılması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, ölkənin abadlığının və xalqın rifahının təmin edilməsi;
- Bilgili, peşəkar, vətənsevər, milli kadrlar hazırlamaq və ya onların hazırlanmasına dəstək verilməsi;
- Xaricdə yaşayan həmvətənlərimizin və bütövlükdə Azərbaycan maraqlarının yüksək səviyyədə təmin olunması üçün lobbiçilik və diaspora fəaliyyətlərinin dəstəklənməsi;
- Türk dilinin Azərbaycan ərazisində yeganə rəsmi ünsiyyət vasitəsi kimi tətbiq olunmasına ictimai nəzarətin təşkili;
- Güney Azərbaycan türklərinin və digər türk topluluqlarının insan haqlarının müdafiə olunması;
- Türk cümhuriyyətləri ilə Azərbaycan arasında ən yüksək səviyyədə mədəni, siyasi və iqtisadi münasibətlərin qurulması;
- Azərbaycanın Avropa Birliyinə və NATO-ya inteqrasiyası.
- Azərbaycanın dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü dövlətləri sırasına daxil olması.