
Əziz seçici!
Oktyabr ayının 15-də ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Sədri olduğum Yeni Azərbaycan Partiyası həmin seçkilərdə iştirak etmək üçün mənim namizədliyimi irəli sürmüşdür.
2003-cü ilin prezident seçkilərindən ötən beş il ölkəmizin həyatında mühüm tarixi hadisələrlə zəngin oldu, daxili və xarici siyasətdə, ictimai həyatın bütün sahələrində böyük nailiyyətlərlə yadda qaldı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi. Birgə səylərimiz nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olduq. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artdı. Ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdi. Dünyanın aparıcı dövlətləri enerji təhlükəsizliyi siyasətinin istiqamətlərini müəyyənləşdirərkən Azərbaycanla strateji əməkdaşlığa önəm verdilər.
Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaları uğurla həyata keçirildi. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmləndi. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açdı. Birgə addımladığımız bu illərdə qazandığımız nailiyyətlərin hamısı xalqın Azərbaycan Prezidentinə və onun apardığı siyasətə inamı və dəstəyi sayəsində mümkün oldu.
Müstəqilliyimizin ilk illərində ölkəmizi ağır böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdirənlərin populist çıxışlarına artıq heç kim inanmır. Həmin dövrdə yalançı vətənpərvərlik şüarları ilə hakimiyyəti zəbt edənlərin Azərbaycanı uçuruma yuvarlamasını xalqımız unutmayıb. Bununla belə, indi də ölkəmizdə aparılan quruculuq işlərinə qara yaxmağa və insanları çaşdırmağa çalışanlar var. Lakin heç kim bizi öz yolumuzdan çəkindirə bilməz.
Əziz həmvətənlər!
Mənim əsas məqsədim Azərbaycanı daha müasir və zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığımız işi davam etdirməkdir.
Məqsədimizə çatmaq üçün:
Dövlət gəlirlərindən əhalinin rifahı üçün səmərəli istifadə olunacaq.
Maliyyə sistemində şəffaflıq artırılacaq
Milli iqtisadiyyatın dinamik inkişafı ölkəmizi regional əhəmiyyətli güc mərkəzinə çevirmişdir. Keçən beş il ərzində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi 2,7 dəfə artmışdır. İqtisadi inkişaf tempinə görə ölkəmiz dünya dövlətləri arasında ön sıralara çıxmışdır.
Azərbaycanın iqtisadi potensialı və maliyyə imkanları əhəmiyyətli şəkildə genişlənmişdir. 2008-ci ildə dövlət büdcəsinin gəlirləri 10 milyard 484 milyon manat, xərcləri isə 11 milyard 61 milyon manat nəzərdə tutulmuşdur. Son 5 il ərzində ölkəmizin valyuta ehtiyatları 10 dəfədən çox artaraq, 15 milyard ABŞ dollarını keçmişdir. Hazırda respublikamız dünyanın 140-a yaxın ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. Bütün bu uğurlar milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmasına imkan yaradır.
Ölkəmizin artan gəlirlərindən hər bir Azərbaycan vətəndaşının bəhrələnməsini təmin etmək apardığımız sosial-iqtisadi siyasətin əsas qayəsini təşkil edir. 2003-cü ildə 77 manat olan orta aylıq əmək haqqı cari ildə 254 manata çatmışdır.
Bu sahədə qazandığımız uğurların davamı olaraq:
- ölkəmizin iqtisadi təhlükəsizliyi və makroiqtisadi sabitlik təmin ediləcək;
- 2009 – 2012 - ci illər üçün makroiqtisadi çərçivə hazırlanacaq və bununla bağlı çevik siyasət həyata keçiriləcək;
- vergi sistemini daha da təkmilləşdirmək və yığım bazasını genişləndirmək yolu ilə büdcə gəlirləri artırılacaq;
- vergidən yayınma hallarına son qoyulacaq, bu sahədə neqativ meyillər aradan qaldırılacaq;
- vergi sistemində şəffaflıq təmin ediləcək;
- maliyyə intizamı daha da gücləndiriləcək;
- büdcə təşkilatlarının fəaliyyətində maliyyə şəffaflığı təmin olunacaqdır.
Yeni iş yerlərinin yaradılması sahəsində gördüyümüz işləri davam etdirəcəyik.
Bu sahədə başlıca məqsədimiz hər kəsin işlə təmin olunmasıdır
Azərbaycan adambaşına düşən investisiyanın həcminə görə MDB-də birinci yeri tutur. Birbaşa xarici sərmayələrin həcminə görə də ölkəmiz regionda üstünlüyə malikdir. Təkcə 2008-ci ilin I yarısında 48 şəhər və rayon üzrə 327 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 40,7 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Qeyri-neft sektorunun inkişafı və bu sahəyə investisiya qoyuluşunun artması nəticəsində əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir. 2003-cü ildən indiyə qədər 706 min yeni iş yeri açılmışdır ki, bunun da 505 mini daimidir. Bu sahədə görülən tədbirləri davam etdirmək və hər kəsi işlə təmin etmək məqsədilə:
- yeni iş yerlərinin açılmasına yönəlmiş sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq;
- dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ildən-ilə çoxaldılacaq;
- sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdiriləcək;
- “Sahibkarlığın İnkişafı üçün Dövlət Proqramı (2008 – 2015 – ci illər)” həyata keçiriləcək;
- kiçik və orta sahibkarlığın inkişafını təmin edən maliyyə-kredit, vergi, səmərəli idarəetmə sistemi və institusional mexanizmlər təkmilləşdiriləcək;
- əmək bazarında sabitlik yaradılması məqsədilə daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsinə diqqət artırılacaq;
- regionlarda kiçik və orta sahibkarlığa, yeni emal müəssisələrinin yaradılmasına dəstək veriləcək;
- kadrların yenidən hazırlanması və ixtisasının artırılması sistemi təkmilləşdiriləcək;
- əmək bazarında baş verən prosesləri operativ və çevik qaydada tənzimləmək məqsədilə müvafiq informasiya bazası yaradılacaq;
- gənclərin məşğulluğunun təmin edilməsi ön plana çəkiləcək;
- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin olunmasına yönəlmiş tədbirlər həyata keçiriləcəkdir.
Yeni neft strategiyası: təbii sərvətlər xalqın mənafeyinə xidmət edəcək.
Neft gəlirləri hər bir ailənin rifahını daha da yaxşılaşdıracaq
Azərbaycanın iqtisadi qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizin xüsusi yeri vardır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılmasında da mühüm rol oynadı. “Şahdəniz” qaz yatağının istismara verilməsi ilə Azərbaycan özünün daxili tələbatını ödəmək imkanı qazandı və qaz ixracatçısına çevrildi. Son 13 ildə neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edildi. “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya” qəbul olundu. Geniş ixrac infrastrukturu yaratmağa nail olan ölkəmiz hazırda 4 nəqliyyat marşrutu: Bakı -Tbilisi – Ceyhan, Bakı - Supsa, Bakı – Novorossiysk neft boru kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə çoxistiqamətli ixrac potensialına malikdir. Bu, həm ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsi, həm də regionun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bizim ümdə vəzifələrimizdən biri təbii resurslardan ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün səmərəli şəkildə istifadə etməkdir.
Neft satışından əldə olunan gəlirlər hesabına geniş infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmiş, əmək haqqı və pensiyalar artırılmış, müharibə veteranlarına və əlillərə, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı gücləndirilmişdir. Neft gəlirlərinin daha səmərəli istifadə olunması və gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə yaradılmış Dövlət Neft Fondunun aktivlərinin həcmi bu gün 10 milyard ABŞ dollarını ötmüşdür. Zəngin təbii sərvətlərimizdən xalqımızın rifahı naminə səmərəli və məqsədyönlü istifadə olunması apardığımız siyasətin əsas istiqamətlərindən biri olaraq qalacaqdır:
- 2010-cu ildə neft hasilatının həcmi 65 milyon tona çatdırılacaq;
- neft məhsullarının istehsalı və emalının dünya standartlarına yaxınlaşdırılması təmin ediləcək;
- neft – qaz sektoruna investisiya cəlb etmək üçün yeni layihələr hazırlanacaq;
- Azərbaycan qazı Avropa bazarlarına çıxarılacaq;
- neft sənayesi infrastrukturunun təkmilləşdirilməsi prosesi sürətləndiriləcək;
- Xəzərin neft-qaz ehtiyatlarının tədqiqi davam etdiriləcək;
- neft gəlirlərindən istifadə etməklə hər bir ailənin həyatının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramı həyata keçiriləcək;
- neft gəlirlərinin xərclənməsində şəffaflıq daim təmin olunacaq;
- bugünkü və gələcək nəsillər arasında gəlirlərin düzgün bölüşdürülməsi prinsipi əsas götürüləcəkdir.
Əhalinin enerjiyə olan tələbatı təmin ediləcək
İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının tam və etibarlı şəkildə ödənilməsi əsas məqsədlərimizdən biri olmuşdur. Bunun üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə, yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramları həyata keçirilmişdir. Regionların elektrik enerjisinə və qaza olan tələbatını ödəmək məqsədilə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında, Astara, Şəki və Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları istifadəyə verilmiş, paylayıcı elektrik şəbəkələri yenidən qurulmuş və qaz xətləri çəkilmişdir. Bu gün ölkə əhalisinin 80 faizindən çoxu, o cümlədən bütün şəhərlər, habelə rayonlardakı bir çox yaşayış məntəqələri təbii qazla təchiz olunmuş, qəsəbə və kəndlərimizin gələcəkdə tamamilə qazlaşdırılmasını təmin etmək üçün intensiv işlər aparılmışdır.
Növbəti beş ildə bu sahədə aşağıdakı işlər görüləcək:
- əhalinin elektrik enerjisinə olan tələbatı tam təmin olunacaq;
- bütün rayon və kəndlərin qaz infrastrukturu yenidən qurulacaq;
- onların mavi yanacaqla təmin edilməsi prosesi başa çatdırılacaq;
- alternativ enerji mənbələrindən istifadə olunması məsələlərinə baxılacaq;
- enerji məsrəflərinin azaldılması yönündə tədbirlər görüləcək;
- enerjinin qənaətlə işlədilməsi üçün zəruri təbliğat işləri aparılacaq;
- enerjidən istifadə sahəsində texniki itkilər azaldılacaq və israfçılığın qarşısı alınacaq;
- elektrik ötürücü xətlərinin və yarımstansiyaların yeniləşdirilməsi davam etdiriləcək;
- elektrik enerjisi uçotu yeni prinsiplər əsasında qurulacaq;
- respublika üzrə abonentlərin enerji sərfini ölçən sayğaclarla təchiz olunması başa çatdırılacaqdır.
Qeyri-neft sektorunun davamlı inkişafı təmin olunacaq
Həyata keçirdiyimiz iqtisadi siyasətin əsas məqsədi Azərbaycanın hərtərəfli inkişafına nail olmaqdır. Dövlətimizin zəngin iqtisadi potensialı qeyri-neft sektorunu inkişaf etdirməyə, kənd təsərrüfatı və sənaye istehsalı sahələrini qabaqcıl mövqelərə çıxarmağa imkan verir. Azərbaycanın xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevrilməsinə nail olmaq ümdə vəzifələrimizdən biridir.
Son illərdə qeyri-neft sektorundakı inkişaf bu vəzifələrin həyata keçirilməsi üçün münbit baza yaradır. Belə ki, cari ilin I yarısında sənaye istehsalı bütövlükdə 14 faiz artdığı halda, qeyri-neft sektorunda artım 15,6 faiz təşkil etmişdir. Beş il ərzində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 73 faizdən 84 faizədək yüksəlmişdir. 2003-cü ildə qeyri-neft sektoruna daxil olan birbaşa xarici investisiyalar 45 milyon ABŞ dolları olmuşdusa, 2007-ci ildə bu rəqəm 439 milyon ABŞ dolları təşkil etmişdir.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıdakı illərdə aşağıdakı vəzifələr reallaşdırılacaqdır:
- müasir texnologiyaların tətbiqi əsasında qeyri-neft sektorunun tarazlı inkişafına və
ixrac potensialının artırılmasına nail olunacaq;
- təbii sərvətlərdən və əmək resurslarından səmərəli şəkildə istifadə etməklə sənayenin davamlı inkişafı təmin olunacaq;
- rəqabətə davamlı, ixrac yönümlü və dünya standartlarına cavab verən sənaye məhsulları istehsal ediləcək;
- “Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramı (2009-2012)” həyata keçiriləcək;
- yerli xammalla işləyən emal müəssisələrinin inkişafına diqqət artırılacaq;
- orta və kiçik emal müəssisələrinin fəaliyyətinə hərtərəfli kömək göstəriləcək;
- qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi stimullaşdırılacaq;
- əlavə investisiyaların cəlb edilməsi məqsədilə biznes mühiti daha da yaxşılaşdırılacaq;
- xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes- tədris mərkəzlərinin yaradılması yönündə tədbirlər görüləcək;
- müasir texnologiyalar istehsal edən müəssisələrin sayının artırılmasına nail olunacaq;
- geniş tələbatı ödəmək üçün istehsal təyinatlı müəssisələrin yaradılması həvəsləndiriləcək;
- xidmət sahələrinin daha da genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində tədbirlər davam etdiriləcək;
- iqtisadiyyatın ən perspektivli sahələrindən olan turizmin hərtərəfli inkişafına zəruri dəstək göstəriləcəkdir.
Kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması davam etdiriləcək.
Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunacaq
Kənd təsərrüfatının inkişaf etdirilməsi apardığımız iqtisadi siyasətin mühüm tərkib hissələrindən biridir. Bu məqsədlə aqrar sektorda sahibkarlığın inkişafına lazımi şərait yaradılmışdır. Kənd təsərrüfatı istehsalı bütün vergilərdən azad edilmişdir. Taxıl istehsalını stimullaşdırmaq üçün buğda əkininin hər hektarına görə fermerlərə 40 manat əvəzsiz maliyyə vəsaiti verilmiş, güzəştli şərtlərlə yanacaq və gübrə ayrılmışdır. Fermer təsərrüfatlarının inkişafı üçün kreditlər verilmiş, lizinq xidmətlərinin göstərilməsi sahəsində mühüm addımlar atılmışdır. İstehsalın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər nəticəsində kənd təsərrüfatı iqtisadiyyatın dinamik inkişaf edən sahəsinə çevrilmişdir. 2008-ci ilin birinci yarısında aqrar sektorda artım sürəti son illərdə ən yüksək həddə çataraq, 10,7 faiz təşkil etmişdir.
Məqsədimiz kənd təsərrüfatı istehsalını daha da artırmaq və ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu sahədə aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
- fermerlər üçün güzəştli kredit sisteminin tətbiq olunması;
- subsidiyaların həcminin və onların ayrıldığı sahələrin dairəsinin genişləndirilməsi;
- kənd təsərrüfatı məhsullarının ixracına dövlət yardımı proqramının həyata keçirilməsi;
- regionlarda emal müəssisələrinin yaradılmasına dəstək verilməsi;
- kənd təsərrüfatı sahəsində servis xidmətlərinin inkişaf etdirilməsi;
- aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi.
Regionların sosial-iqtisadi inkişafını müasir
dövrün tələbləri səviyyəsinə qaldıracağıq
2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004 – 2008)” qəbul olunması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Regionların inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Həmin proqramın icrası ilə əlaqədar olaraq, ayrı-ayrı iqtisadi zonaların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı təsdiq olundu və yerinə yetirildi. “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” həyata keçirildi. Nəticədə həmin qəsəbələrin kompleks inkişafı təmin edildi, kommunal xidmətlər yaxşılaşdırıldı, məktəblər və səhiyyə ocaqları tikildi, yollar salındı, yeni iş yerləri açıldı.
Dövlət büdcəsi hesabına həyata keçirilən proqram və layihələrdə regionların inkişafı məsələlərinə xüsusi diqqət yetirildi. Yeni iş yerləri əsasən regionlarda özəl sektorun inkişafı nəticəsində yaradıldı. Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artdı. Biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldü. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə yeni elektrik stansiyaları tikildi, qaz kəmərləri, su və kanalizasiya xətləri çəkildi.
2006 – 2015- ci illəri əhatə edən “Azərbaycan Respublikasının avtomobil yollarının yeniləşdirilməsi və inkişafı” və “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı” dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin ardıcıl yerinə yetirilməsinə başlanıldı. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı”nda müəyyənləşdirilmiş vəzifələr uğurla həyata keçirildi. 2004-2007-ci illər ərzində ölkəmizdə 3652 kilometr yol tikildi, yenidən quruldu və təmir olundu. Bu dövrdə 25 yeni körpü tikilib istismara verildi.
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, Samur - Abşeron kanalının rekonstruksiyası, Bakı-Astara, Bakı-Quba və Bakı-Qazax avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması üçün dövlət tərəfindən lazımi vəsait ayrılır və intensiv işlər aparılır.
Regionların sosial-iqtisadi inkişafı sahəsində gördüyümüz işlər davam etdiriləcək və bu istiqamətdə:
- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009- 2013)” həyata keçiriləcək;
- paytaxtla regionların sosial – iqtisadi inkişafı arasındakı fərqlər azaldılacaq;
- dövlət investisiya xərclərində regionların inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə ayrılan vəsait artırılacaq;
- regionlarda kommunal xidmətlərin həcmi və keyfiyyəti daha da yüksəldiləcək, bütün kənd və qəsəbələr qazla təchiz ediləcək;
- əhalinin mal və xidmətlərə olan tələbatı daha yüksək səviyyədə təmin ediləcək;
- beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionların sosial-iqtisadi inkişafına yönəlmiş yeni layihələr hazırlanacaq və həyata keçiriləcək;
- regionların potensialından səmərəli şəkildə istifadə olunmaqla, yeni sənaye sahələri, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kommunal xidmət və digər infrastruktur obyektləri yaradılacaq;
- bölgələrdə rabitə və informasiya texnologiyalarının tətbiqi sürətləndiriləcək, yaşayış məntəqələrinin telefonlaşdırılması işi başa çatdırılacaq;
-müasir texnologiyalar tətbiq etməklə nəqliyyat infrastrukturu inkişaf etdiriləcək;
- təhsil, səhiyyə və mədəniyyət obyektlərinin müasirləşdirilməsi davam etdiriləcəkdir.
Vətəndaşlarımızı layiqli həyat şəraiti ilə təmin edəcəyik.
Yoxsulluğun aradan qaldırılması üçün təsirli tədbirlər görüləcək
İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalətin qorunması apardığımız siyasətin mühüm prinsiplərindəndir. Keçən 5 ildə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün təsirli tədbirlər görülmüşdür. Minimum əmək haqqının məbləği 5 il ərzində təxminən 8,3 dəfə artırılaraq, 9 manatdan 75 manata çatdırılmışdır. Pensiyaların baza hissəsi də ilbəil artırılmış və 75 manata bərabər olmuşdur. Bu isə 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur. Tələbələrin təqaüdləri 20 dəfəyə qədər artırılmışdır. Orta aylıq əmək haqqı 3,3 dəfə artaraq, 254 manat təşkil etmişdir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Yeni iş yerlərinin açılması yoxsulluğun səviyyəsinin azaldılmasına böyük təsir göstərmişdir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi mexanizminin işə salınması vətəndaşlarımızın rifah halının xeyli yaxşılaşmasına səbəb olmuşdur. Hazırda 467 min nəfəri əhatə edən 100 min ailəyə ünvanlı sosial yardım göstərilir. Son beş ildə Azərbaycanda yoxsulluq həddi 45 faizdən 16 faizə qədər azalmışdır.
İqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla, qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdiriləcək, o cümlədən:
- yeni iş yerlərinin açılması təşviq ediləcək;
- əmək haqlarının artırılması xətti davam etdiriləcək;
- minimum əmək haqqı ilə istehlak səbətinin dəyəri arasındakı fərq minimuma endiriləcək;
- “2008 – 2015-ci illər üçün Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və
Davamlı İnkişaf Dövlət Proqramı” həyata keçiriləcək;
- işsizliyə görə dövlət müavinətləri artırılaraq, yaşayış minimumu həddinə
qaldırılacaq;
- çoxuşaqlı ailələrə dövlət qayğısı gücləndiriləcək;
- kasıblıq həddində yaşayanlara ünvanlı sosial yardımların həcmi artırılacaq;
- pensiyaların minimum həddinin artırılması və istehlak səbətinə uyğunlaşdırılması
yönündə təsirli tədbirlər görüləcək;
- ana və uşaqlara, işsiz qadınlara, ailə başçısını itirmiş ailələrə dövlət qayğısı gücləndiriləcək;
- müharibə veteranlarına, şəhid ailələrinə və əlillərə verilən müavinətlər artırılacaq;
- gənc ailələrə mənzil almaq və ya ev tikmək üçün uzunmüddətli güzəştli kreditlər veriləcək;
- tələbələrin təqaüdü artırılacaq;
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binalarının tikilməsi davam etdiriləcəkdir.
Qaçqın və məcburi köçkünlərə
dövlət qayğısı davam etdiriləcək
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın soydaşımızın problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Bu sahədə mühüm qərarlar qəbul edildi, sosial məsələlərin həllini təmin etmək məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı.
2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı” qəbul edildi. 5 il əvvəl çadır düşərgələrinin ləğvi ilə bağlı verdiyim vədin yerinə yetirilməsi qarşımızda duran mühüm məsələlərdən biri oldu. Dövlət Neft Fondundan ayrılan vəsaitin hesabına Azərbaycanda mövcud olan çadır düşərgələrinin hamısı ləğv edildi, 18 mindən çox məcburi köçkün ailəsi 58 yeni tikilmiş qəsəbəyə köçürülərək, fərdi evlərlə təmin olundu. Kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün onlara əvəzsiz maliyyə yardımı göstərildi.
Münaqişə nizama salınana qədər qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli diqqət mərkəzində olacaq. Bu məqsədlə:
- qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş vəsaitlərin həcmi artırılacaq;
- yeni salınmış qəsəbələrdə kiçik emal müəssisələri yaratmaqla məcburi köçkünlər işlə təmin olunacaq;
- qaçqın və məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdıqları ərazilərdə torpaq sahəsi ilə təmin olunmaları üçün əlavə tədbirlər görüləcək;
- onların sosial problemlərinin həlli yönündə beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçiriləcək;
- qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün yeni mənzillərin tikilməsi və qəsəbələrin salınması davam etdiriləcək;
- işğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində beynəlxalq təşkilatlara əməkdaşlıq genişləndiriləcəkdir.
Gənclərin sağlam və hərtərəfli inkişafı əsas məqsədlərimizdən biri olacaq.
İdmanın inkişafına diqqət artırılacaq
Gənc nəslin sağlam böyüməsi və hərtərəfli inkişafı qarşımızda duran əsas vəzifələrdəndir. Gənclərin yaxşı təhsil alması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı” həyata keçirilir. İdmanın maddi-texniki bazasının inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən çoxsaylı olimpiya kompleksləri inşa olunur. Hazırda ölkəmizdə 14 olimpiya idman kompleksi fəaliyyət göstərir, 23-ü isə tikilməkdədir.
İdman infrastrukturu genişlənmiş və müasirləşmişdir. Bütün bunların nəticəsidir ki, nəinki Bakıda, hətta digər şəhər və rayonlarda istənilən beynəlxalq yarışın keçirilməsi mümkündür. Bu, həm idmanın inkişafı üçün mühüm bir vasitə, həm də bölgələrin inkişafına böyük təkandır.
Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda yüksək göstəricilər nümayiş etdirmişlər. 2004-cü ildə ölkəmiz Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında bir qızıl, dörd bürünc medal qazanmaqla 50-ci yeri tutdu. Sevindirici haldır ki, hər dəfə ölkəmizi olimpiadada təmsil edənlərin həm sayı artır, həm də göstəricilərimiz yaxşılaşır. Əgər Afina olimpiadasında ölkəmizi 38 idmançı təmsil edirdisə, Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya oyunlarında onların sayı artaraq 44 nəfər oldu. Son olimpiadada idmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq, Azərbaycanı 204 ölkə arasında 39-cu yerə çıxardılar.
İnformasiya cəmiyyətinin tələblərinə uyğun, yüksək hazırlığa malik mütəxəssislər hazırlamaq gənclər siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdir.
Böyüməkdə olan nəsli ölkəmizə layiq vətəndaşlar kimi formalaşdırmaq qarşımızda mühüm vəzifə olaraq qalır və buna nail olmaq üçün:
- gənclərin qabiliyyət və bacarığına uyğun təhsil almalarına dövlətin dəstəyi gücləndiriləcək;
- ixtisaslı gənclərin işlə təmin olunmasına hərtərəfli yardım ediləcək;
- gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə və məşğulluğunun təmin edilməsinə kömək göstəriləcək;
- gənc ailələrə mənzil - məişət problemlərinin həlli üçün güzəştli kreditlər veriləcək;
- idmanın inkişafını və bədən tərbiyəsinin kütləviliyini təmin etmək məqsədilə səylər daha da artırılacaq;
- Azərbaycanın ayrı-ayrı bölgələrində müasir idman komplekslərinin tikintisi davam etdiriləcək;
- yerli idman klublarının maddi-texniki bazası möhkəmləndiriləcək;
- orta və ali təhsil müəssislərində idmanın tədrisi gücləndiriləcək;
- gənclər arasında vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılacaq;
- narkomanlığın, QİÇS-in və digər neqativ halların profilaktikası sahəsində işlər gücləndiriləcəkdir.
Təhsil, elm və mədəniyyətin inkişafına dövlət qayğısı davam etdiriləcək
Son beş ildə ölkəmizdə təhsil, elm və mədəniyyətin inkişafı üçün geniş və səmərəli tədbirlər gördük.
Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları və avadanlıqlarla təmin olunması üçün çoxsaylı dövlət proqramları həyata keçirildi. 2003-2008-ci illər ərzində yeni məktəblərin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair dövlət proqramları reallaşdırıldı. 1400-dək yeni məktəb tikildi, 300-dək məktəb əsaslı təmir olundu.
Ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul imtahanlarında məzunların göstəriciləri ötən ilə nisbətən xeyli yüksəldi, 600-dən çox bal toplayanların sayı 1100 nəfərdən 1582 nəfərə çatdı.
Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı qəbul edildi. “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012)” təsdiq olundu.
Mədəniyyət abidələrinin qorunması, bərpası və təmiri sahəsində əsaslı tədbirlər görüldü. Çoxcildli Azərbaycan Ensiklopediyasının nəşrinə başlanıldı. Görkəmli Azərbaycan və dünya yazıçılarının əsərləri latın qrafikası ilə yenidən nəşr edildi. Azərbaycan elminin və mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə xalqımızın çoxsaylı tanınmış ziyalılarına və istedadlı insanlarına Prezident təqaüdü verildi.
Təhsil, elm, mədəniyyət və mənəvi sərvətlərin inkişafı ilə bağlı gördüyümüz işlər bundan sonra da davam etdiriləcək və bu məqsədlə:
- 2009-2015-ci illər üzrə Elmin İnkişafına dair Milli Strategiya və bununla bağlı Dövlət Proqramı həyata keçiriləcək;
- elmin inkişafına istiqamətlənmiş büdcə xərclərinin həcmi artırılacaq;
- yeni texnologiyaların tətbiqinə dövlətin dəstəyi gücləndiriləcək;
- məktəbəqədər tərbiyə sistemi təkmilləşdiriləcək;
- orta və ali məktəblərdə tədrisin keyfiyyəti yüksəldiləcək və müasir standartlara uyğunlaşdırılacaq;
- “Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar Dövlət Proqramı (2008-2012)” həyata keçiriləcək;
- təhsilin maddi-texniki bazası möhkəmləndiriləcək, məktəb binalarının tikintisi sürətləndiriləcək, məktəblərin kompüterləşməsi işi davam etdiriləcək;
- müəllimlərin sosial müdafiəsi gücləndiriləcək;
- mədəniyyətin inkişafına dövlət qayğısı daha da artacaq;
- milli mədəniyyətimizin dünyada təbliği üçün zəruri şərait yaradılacaq;
- mədəni irsin qorunması təmin ediləcək, daşınar mədəniyyət sərvətlərinin və muzey fondlarının sayı artırılacaqdır.
Informasiya-kommunikasiya texnologiyalarının
inkişafı ölkəmizin müasirliyinin göstəricisidir.
Ölkəmizin demokratiya yolu ilə tərəqqisini təmin edəcəyik. İnsan hüquq və azadlıqlarının qorunması əsas məqsədlərimizdən biri olacaq
Azərbaycan öz inkişaf xəttini müəyyənləşdirərək, demokratik və açıq cəmiyyət qurulmasını prioritet kimi qəbul etmişdir. Ölkəmizdə bu sahədə böyük uğurlar qazanılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına yönəlmiş ciddi addımlar atılıb. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Milli Fəaliyyət Planı təsdiq edilib. İnsanların konstitusion hüquqlarından istifadə etməsinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları imzalanıb, amnistiyalar verilib. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin olunmasında məhkəmələrin mühüm rol oynadığı nəzərə alınaraq, məhkəmə-hüquq sistemində köklü islahatlar aparılıb. Hakimlərin şəffaf və çoxpilləli proseduralar əsasında təyin olunmasına, onların müstəqilliyinin artırılmasına nail olunub.
Vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının inkişafına dövlət dəstəyi göstərilməsi üçün vacib qərarlar qəbul olunmuşdur. 2007-ci ildə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. 2008-ci ilin dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının proqram və layihələrinin maliyyələşdirilməsi üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Qarşıdakı illərdə həmin məbləğin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulur.
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin tarazlı inkişafı təmin olunub. Söz və mətbuat azadlığının inkişafı sahəsində ardıcıl addımlar atılır. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq olunub, aparıcı qəzetlərin redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımı ayrılıb. Demokratik dəyərlərin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb. Ölkəmizin davamlı inkişafının demokratiya ilə sıx şəkildə bağlı olduğunu nəzərə alaraq, bundan sonra da aşağıdakı mühüm addımlar atılacaqdır:
- demokratik dəyərlərin və prinsiplərin ölkəmizdə dərin kök salması təmin olunacaq;
- müasir cəmiyyətin tələblərinə uyğun olaraq, demokratik təsisatlar getdikcə təkmilləşdiriləcək;
- söz və mətbuat azadlığına dövlət səviyyəsində ardıcıl dəstək veriləcək;
- vətəndaşlar dövlət orqanlarının fəaliyyəti ilə bağlı obyektiv və operativ məlumatlarla təmin olunacaq;
- vətəndaş cəmiyyəti institutlarının dövlət quruculuğu prosesinə cəlb olunması ardıcıl təmin ediləcək;
- qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün ayrılan dövlət vəsaitinin həcmi ildən-ilə artırılacaq;
- yerli idarəetmə orqanları möhkəmləndiriləcək və inkişaf etdiriləcək;
- insan hüquqlarına dair Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunlaşdırılması işi davam etdiriləcəkdir.
Bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizə gücləndiriləcək.
İdarəetmədə şəffaflıq təmin olunacaq, bələdiyyələrin fəaliyyətinə yardım göstəriləcək
Ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar dövlət idarəçiliyinin çevik sistemini yaratmağa imkan vermişdir. Dövlətin bir sıra funksiyalarının vətəndaş cəmiyyətinə ötürülməsi prosesi uğurla gedir, hökumətin fəaliyyətinə ictimai nəzarət güclənir.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiq edilməsi, dövlət qulluqçularının müsabiqə əsasında seçilib yerləşdirilməsi, onların ixtisas hazırlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün “İnformasiya əldə etmək haqqında” Qanuna müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet səhifələri yaradılmış, onların ictimaiyyətlə əlaqələri genişlənmişdir.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələr vətəndaşların özünüidarə institutu kimi artıq formalaşmışdır. Ölkəmizdə mövcud olan 2756 kənd, qəsəbə və şəhər bələdiyyəsi yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin, kommunal problemlərin həllində yaxından iştirak edir. Bununla belə hesab edirik ki, bələdiyyələr üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün öz imkanlarından maksimum istifadə etmirlər. Ona görə də bu sahədə müvafiq normativ hüquqi baza gücləndiriləcək və geniş maarifçilik işləri aparılacaqdır.
Bütün bunlarla yanaşı, idarəçilikdə bəzən bürokratik əngəllər, məmur özbaşınalığı özünü göstərir. Korrupsiya və vəzifədən sui-istifadəyə yol verilir. Bu halların aradan qaldırılması üçün “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006)” qəbul edilərək həyata keçirilib. Korrupsiyaya qarşı Mübarizə Komissiyası yaradılıb.
Dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və ictimai narazılıq yaradan halların aradan qaldırılması üçün:
- idarəçiliyin təkmilləşdirilməsini nəzərdə tutan islahatlar davam etdiriləcək;
- vətəndaş cəmiyyəti təsisatları gücləndiriləcək və hökumətin fəaliyyətinə ictimai nəzarəti artırmaq üçün onlara şərait yaradılacaq;
- dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılacaq;
- müsabiqə əsasında dövlət qulluğuna qəbul proseduru daha da təkmilləşdiriləcək;
- bələdiyyələrlə dövlət orqanlarının əməkdaşlığı gücləndiriləcək;
- məmur özbaşınalığı hallarına, rüşvətxorluğa və korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılacaq;
- dövlət qulluqçularının gəlirlərinin deklarasiya edilməsi həyata keçiriləcək;
- büdcə vəsaitlərinin xərclənməsinə ictimai nəzarət gücləndiriləcək;
- dövlət idarəetmə sistemində çalışanların əmək haqqının artırılması xətti davam etdiriləcəkdir.
Balanslaşdırılmış xarici siyasət kursu davam etdiriləcək
Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdir. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir. İndi xalqımızın mənafeləri beynəlxalq aləmdə layiqincə qorunur, ölk&