Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Türkiyə mediası: “Azərbaycan İlham Əliyevi seçdi”

Azərbaycanda baş tutan növbəti prezident seçkilərinə dünya miqyasında da böyük diqqət və maraq müşahidə edilməkdə, proses ən müxtəlif aspektlərdən çoxsaylı xarici media orqanları tərəfindən işıqlandırılmaqdadır. Burada ümumi yanaşma ondan ibarətdir ki, seçki prosesi  aşkarlığın və şəffaflığın təmin olunması ilə  demokratik prinsiplərə tam riayət olunması şəraitində baş tutub. Eyni zamanda, ona da diqqət yetirilir ki, bu seçkilər ölkənin gələcək inkişafı yolunda daha bir mühüm və uğurlu addım kimi qiymətləndirilməlidir. 

Digər tərəfdən, o da birmənalı həqiqətdir ki, seçkilərin işıqlandırılması və medianın bu prosesdə rolu da demokratiklik baxımından mühüm əhəmiyyət kəsb edir. Media azadlığı və fikir plüralizmi təmin olunan Azərbaycanda kütləvi informasiya vasitələri seçkiləri maneəsiz işıqlandırmaq hüququna malikdirlər və bundan da istifadə edirlər. Eyni zamanda, xarici media vasitələri də bu prosesdə yaxından iştirak edir, seçkilər barədə mövqelərini çatdırırlar. Qeyd olunan xüsusda qardaş Türkiyənin media orqanlarında seçkilərlə bağlı dərc edilən materiallar xüsusi diqqət çəkir.

Türkiyənin ən çox oxunan KİV-dən “Milliyət” qəzeti “Azerbaycan’da İlham Aliyev, yüzde 80’in üzerinde oy alarak seçimi kazandı” başlıqlı xəbəri manşetə çıxardıb. Qeyd edilir ki, keçirilən “exit-poll”ların nəticələrinə əsasən, İlham Əliyev 80 faizdən yuxarı səs toplayaraq növbəti dəfə Azərbaycan Prezidenti seçilib. Bildirilir ki, 8 namizədin iştirak etdiyi seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb. Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi qeydiyyatdan keçib.

“Türkiyə” qəzeti də “Azerbaycan’daki seçimlerden ilk sonuçlar geldi” başlıqlı xəbəri oxucularına son dəqiqə xəbəri olaraq çatdırıb. Qeyd olunub ki, seçkilərdə 4 təşkilat tərəfindən keçirilən “exit-poll”ların nəticələrinə əsasən, İlham Əliyev 80 faizdən çox səs toplayıb: “Bu isə o deməkdir ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi prezident seçib. “Exit-poll”ların nəticələri həmişə Mərkəzi Seçki Komissiyasının nəticələri ilə demək olar ki, eyni olur”.

“Yeniakit” qəzeti isə  “Sandık çıkış anketine göre Aliyev seçimi kazandı” başlıqlı xəbəri oxucularına çatdırıb. Bildirilir ki, İlham Əliyev 80 faizdən çox səs toplayaraq növbəti dəfə Azərbaycanın prezidenti seçilib.

Qardaş ölkənin çox oxunan  qəzetlərindən “Sabah” ölkəmizdə keçirilən prezident seçkilərinə geniş yer ayırıb. Qəzet “Azerbaycan cumhurbaşkanı seçimi için sandık başında” adlı xəbərdə yazır ki, saat 8-də başlayan seçkiləri 59 ölkədən 890 nəfərdən çox beynəlxalq müşahidəçi izləyib. Müşahidəçilər sırasında Türkiyədən olan deputatlar da yer alıblar.

“Hürriyet” qəzeti isə “Azerbaycan’da seçim günü… Sandık çıkış anketlerinde büyük fark” başlıqlı xəbərə yer ayırıb. Bildirilib ki, “exit-poll”un açıqladığı nəticələrə görə 80 faizdən çox səs toplayan İlham Əliyev Azərbaycanda növbəti dəfə prezident seçilib. O da vurğulanıb ki, seçici fəallığının nümayiş edildiyi seçkilər Azərbaycan xalqının demokratik iradəsini tam əks etdirdi.

“Yeni Şafak” qəzeti də “Azerbaycan’da seçimlerin galibi İlham Aliyev oldu” başlıqlı xəbəri manşetə çıxarıb. Bildirilib ki, Azərbaycan xalqı növbəti 4-cü dəfə  prezident İlham Əliyevə etimad göstərib: “80 faizdən çox səs toplayan İlham Əliyev seçkilərin qalibi olub”.

“İhlas Xəbər Agentliyi” isə “İlham Aliyev yeniden cumhurbaşkanı” başlıqlı xəbərə yer ayırıb. Yazılıb ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyev 82 faizdən çox səs toplayaraq yenidən dövlət başçısı seçilib.

“Euronews Türkiyə” isə “Sandık çıkış anketine göre Azerbaycan’da sürpriz yok. Aliyev 4. kez cumhurbaşkanı” başlıqlı xəbəri oxucularına çatdırıb. Bildirilib ki, İlham Əliyev 80 faizdən çox səs toplayaraq növbəti dəfə prezident seçilib. O da vurğulanıb ki, ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

Türkiyənin məşhur “A Haber”, “TRT Haber”, NTV və s. televiziya kanalları seçki günündə Bakıdan reportajlar hazırlayaraq seçkilərin dinc və sabit şəraitdə keçdiyini, heç bir pozuntu və yayınma hallarının müşahidə edilmədiyini diqqətə çatdırıblar.

“Sonhaberler.com”, “haberler.com”, “hukukihaber.net”, “sanalbasin.com”, “Karar.com”, “Yenihaberden.com”, “Mynet.com” və s. agentliklər isə dərc etdikləri xəbərlərdə Azərbaycanda növbəti prezident seçkilərinin keçirildiyini qeyd ediblər. Bildirilib ki, ölkə vətəndaşları müstəqillik dövrünün 8-ci prezident seçkisində liderini – İlham Əliyevi seçib.

Bütün bunlar  onu deməyə əsas verir ki, hər iki dövlət istər regionda, istər dünyada, istərsə də öz daxillərində cərəyan edən hadisələrə də kifayət qədər həssaslıqla yanaşır. Bu mənada Azərbaycanın qarşıdakı dövr üçün ictimai-siyasi həyatında mühüm rol oynayan prezident seçkilərinin  Türkiyənin  xüsusi diqqətdə saxlaması tamamilə təbiidir.

 

Elçin CƏFƏROV,

Azərbaycan” qəzeti

1905.az STUDIO
info@azerbaijan-election.net