Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Möhtəşəm etimad, halal qələbə

Prezidentliyə namizədlər qalib alternativlərini – İlham Əliyevi böyük seçki zəfəri münasibətilə təbrik etdilər

Dünən günün sonunda Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin ilkin nəticələrini elan etdi. İlham Əliyevin seçki zəfərinin rəsmən bəyan olunması ilə paytaxtda və bölgələrdə vətəndaşlar kütləvi tədbirlər təşkil edərək sevinclərini bölüşdülər.
Seçkilərin ilkin nəticələri ilə bağlı əməkdaşlarımız Prezidentliyə namizədlərlə də əlaqə saxlayıblar. Onlar dünənədək siyasi rəqibləri, bu gün isə artıq yenidən Prezident seçilmiş İlham Əliyevi qəzetimiz vasitəsilə təbrik etdilər.

 

Zahid ORUC: 
“İlham Əliyevin qələbəsi Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir”

 

“Möhtərəm cənab Prezidenti 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə ürəkdən təbrik edir və ali şəxsiyyətinə ən xoş arzularımı bildirirəm” – deyən prezidentliyə namizəd Zahid Orucun fikrincə, səsvermənin nəticələri cənab İlham Əliyevin millətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərin insanlarımız tərəfindən dərin ehtiram və qədirbilənliklə qarşılandığını, milyonlarla vətəndaşımızın xeyir-duasına və inamlı səsinə çevrildiyini bir daha sübut etdi: “Prezidentin ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyəti təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Burada məğlub olan yoxdur”.
Prezidentliyə namizəd Zahid Oruc xüsusi vurğuladı ki, ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi: “Müasir dünyada mürəkkəb beynəlxalq hadisələrin cərəyan etdiyi bir şəraitdə respublikamızda əmin-amanlıq və vətəndaş sülhü hökm sürür. Cənab Prezidentin rəhbərliyi altında əhalinin sosial rifahının yüksəldilməsinə yönələn hər bir addım iqtisadi inkişafın yeni səhifələrini açır. Eyni zamanda, son illər idarəçilik sistemində daha böyük miqyas alan siyasi və struktur islahatları xalqımıza xidmət yolunda daha böyük əhəmiyyətə malikdir və tarixi dəyişikliklər kimi xarakterizə olunur. Ona görə də insanların inam və etimadı məhz İlham Əliyevin üzərindədir.
Möhtərəm Prezidentin böyük səs çoxluğu ilə qələbə qazanması ondan xəbər verir ki, xalq onun rəhbərliyi altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, İlham Əliyevin qələbəsi Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir”.
Zahid Oruc sonda Prezident İlham Əliyevə cansağlığı və güclü Azərbaycan naminə yorulmaz fəaliyyətində uğurlar arzuladı: “Liderlik missiyanızda Allah hər zaman yardımçınız olsun!”

 

Qüdrət HƏSƏNQULİYEV: 
“Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açan siyasi xətti dəstəklədi”

 

“Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açan siyasi xətti dəstəklədi. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçkilərin nəticələrinə münasibət bildirərkən belə deyib. Seçkilərin demokratik qaydada keçirildiyini söyləyən prezidentliyə namizəd vurğulayıb ki, Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmayıb.
Q.Həsənquliyev seçkilərdə böyük səs çoxluğu ilə qalib gələn cənab İlham Əliyevi təbrik edib: “Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev prezident seçkilərində qalib gəlib. Mən cənab İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan bəzi problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram”.
Prezidentliyə namizəd ümid edir ki, cənab İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki bəzi problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq.

 

Araz ƏLİZADƏ: 
“Yalnız İlham Əliyev azərbaycançılıq ideyasına sədaqət nümayiş etdirir”

 

İlham Əliyevi təbrik edən prezidentliyə namizəd Araz Əlizadə bu qələbəni möhtəşəm və gözlənilən hesab edir: “İlham Əliyevi şəksiz qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ona cansağlığı və həmişə xalqına xidmət etməyi arzu edirəm”.
Cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti nümunəvi siyasət adlandıran Araz Əlizadə vurğulayıb ki, sosial demokratlar bu xarici siyasəti bəyənir və tam müdafiə edirlər: “Çünki Azərbaycan sizin rəhbərliyiniz altında özünə böyük qardaş axtarmır, bərabərhüquqlu dost axtarır”.
Prezidentliyə namizədin sözlərinə görə, Azərbaycan Sosial Demokrat Partiyası bu seçkilərə “Azərbaycançılıq dövlətin və xalqın nicatıdır” şüarı ilə qatılıb. Lakin prezidentliyə namizədlərdən yalnız cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və müdafiə etdiyi azərbaycançılıq ideyasına sədaqət nümayiş etdirir.
“Gün o gün olsun ki, qələbə bayrağımız Şuşada dalğalansın”, – deyən Araz Əlizadə cənab Prezidentə fəaliyyətində uğurlar, ailəsinə isə səadət arzulayıb.

 

Razi NURULLAYEV: 
“İlham Əliyevin qələbəsi böyükdür, ədalətlidir”

 

“Səsvermənin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalibdir. İlham Əliyevin qələbəsi böyükdür, ədalətlidir. Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edir, həmçinin Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm”. Bu fikirləri isə prezidentliyə namizəd Razi Nurullayev söyləyib.
Prezidentliyə namizədin fikrincə, bu gün ölkəmizin hər bir vətəndaşının daha layiqli, daha xöşbəxt yaşaması üçün resurslar var, bunun üçün aparılan siyasi və iqtisadi islahatlar daha da dərinləşdirilməlidir: “Biz 30 illik barışmazlığın, radikallığın ziyanını çəkmişik. Onun üçün də seçdiyimiz yol danışıqlar yolu ilə Azərbaycanda siyasi islahatları dərinləşdirmək, müxalifətin də ölkənin taleyüklü məsələlərində iqtidarla bərabər iştirakına nail olmaqdır”, – deyən Razi Nurullayev vurğulayıb ki, hələ seçki kampaniyası zamanı ölkədə siyasi mədəniyyətə söykənən mübarizənin, o cümlədən sivil iqtidar-müxalifət münasibətlərinin tərəfdarı olduğunu bəyan edib: “Biz bu yöndə səylərimizi davam etdirəcəyik. Siyasi partiya olaraq ölkəmizdə təkamül yolu ilə tam demokratik inkişafın tərəfdarıyıq”.
Prezidentliyə namizədin sözlərinə görə, seçkiyə qatılarkən müxtəlif proqramlar hazırlayıblar və qeyd ediblər ki, bu layihələri özləri həyata keçirə bilməyəcəkləri təqdirdə, o zaman onu qalib namizədə təqdim edəcəklər: “Əsas məsələ ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində proqramların həyata keçirilməsidir. Biz də bu sahədə kömək göstərməyə hazırıq”.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan” qəzeti 12 aprel 2018-ci il.

1905.az STUDIO
info@azerbaijan-election.net