Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Korien Yonker : Azərbaycanda seçki kampaniyası sakit məcrada gedir

Azərbaycanda seçki kampaniyası sakit məcrada gedir. Sechki-2018.az saytının xəbərinə görə, bu barədə  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korien Yonker bildirib.

“Ölkədə seçki kampaniyası martın 19-da başlayıb və kampaniya yalnız 22 gün davam edəcək. Seçki kampaniyasının sakit məcrada getdiyini söyləmək olar. Namizədlərə dəstək məqsədi ilə mitinqlər keçirilir, bunu həm Bakıda, həm də uzunmüddətli müşahidəçilərimizin çalışdığı regionlarda görmək olar. Mitinqlər əsasən hakim partiya tərəfindən təşkil edilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da bir mitinq keçirib. Hazırda kampaniya tam sakit keçirilir, amma o, hələ bitməyib. Gəlin gözləyək və nəyin necə olacağını izləyək”, – deyə missiya rəhbəri bildirib.

K.Yonker həmçinin rəhbərlik etdiyi missiyanın tərkibindən danışıb: “Əsas qrup 11 nəfərdən ibarətdir və Bakı şəhərindədir, uzunmüddətli müşahidəçilərin sayı isə 28 nəfərdir. Toplamda 14 komandadır, bütün ölkə boyu işləyirik. Onlar seçkiqabağı dövrü, o cümlədən seçki kampaniyasını təhlil edirlər. Seçki günündə ölkədə DTİHB çərçivəsində 220 qısamüddətli müşahidəçi işləyəcək. Bundan əlavə, ATƏT-in Parlament Assambleyasından və Avropa Şurasından  93 müşahidəçi bizə qoşulacaq. Onlarla birgə səsvermənin gedişatını və səslərin sayılmasını müşahidə edəcəyik, onların nəzarəti ölkənin bütün regionlarını əhatə edəcək. Bu, metodologiyamızın bir hissəsidir. Müəyyən hissəni istisna etsək, seçkilər barədə tam məlumat əldə edə bilməyəcəyik və bunun nəticəsində işi düzgün görməyəcəyik”.

ATƏT DTİHB missiyasının rəhbərinin sözlərinə görə, müşahidəçilər ölkədə bütün namizədlərlə görüşmək niyyətindədirlər: “Novruz bayramı ilə əlaqədar bunu etmək çətin idi. Amma niyyətimiz var. Bütün namizədlərlə, siyasi partiyaların, həm MSK, həm də seçki dairələri səviyyəsində seçki komissiyalarının, vətəndaş cəmiyyətləri, KİV, müxalifət partiyaları, diplomatik cəmiyyətin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırırıq”.

“Seçkiləri tam işıqlandırmaq üçün bu görüşlər zəruridir. Bunu 360 dərəcəli müşahidə adlandırıram. Yekunda tam mənzərə əldə etmək üçün seçki fəaliyyətini hərtərəfli, müxtəlif rakurslardan nəzərdən keçiririk”,- deyə  missiya rəhbəri qeyd edib.

K.Yonker vurğulayıb ki, bu, onun DTHİB missiyasının rəhbəri kimi yeddinci missiyasıdır. Azərbaycanda keçiriləcək seçkilərdən əvvəl o, Gürcüstan, Qazaxıstan, Serbiya, Bosniya və Herseqovinada və iki dəfə Qırğızıstanda ATƏT DTİHB-nin missiyasına rəhbərlik edib.

“DTİHB-də işə başlamazdan əvvəl siyasətçi, Hollandiya parlamentində deputat olmuşam, həmçinin AŞPA üzvü idim”, – o əlavə edib.

Bu ölkələrdə seçkilərin müşahidə xüsusiyyətləri və onların fərqli cəhətləri ilə əlaqədar məsələni şərh edən K.Yonker deyib: “Ölkələrin hər biri fərqlidir, onların hər birində müxtəlif siyasi şərait, müxtəlif siyasi mədəniyyət var, odur ki, onları müqayisə etmək çox çətindir. DTİHB uzun illər ərzində çox səlis iş metodikası, missiyanın necə yerinə yetirilməli olması ilə bağlı standart prosedurlar işləyib hazırlayıb. Yalnız ciddi iş apararaq, daim metodologiyamıza sadiq qalaraq Bakıda və regionlarda düzgün müşahidə apara bilərik. Seçkilərin ertəsi günü ilkin hesabatda seçki dövrü ilə bağlı zəruri qiymətləndirməni verə biləcəyik”.

K.Yonker vurğulayıb ki, ATƏT DTİHB-nin müşahidə missiyası bu il martın 9-da işə başlayıb və bütün seçki prosesini müşahidə etmək üçün aprelin 24-dək ölkədə qalacaq. (report)

 

 

https://www.sechki-2018.az/az/view/news/1260/korien-yonker-azerbaycanda-sechki-kampaniyasi-sakit-mecrada-gedir

1905.az STUDIO
info@azerbaijan-election.net