Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

“ELS”in seçkiqabağı treninqləri başa çatıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2018-ci il prezident seçkilərində keçiriləcək “exit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində 3 gün ölkənin bütün regionlarında (Naxçıvan istisna olunmaqla) supervayzer və intervüerlər üçün təşkil etdiyi təlimləri başa çatıb.

Martın 30-dan aprelin 1-nə kimi mərkəzin təlimçiləri seçki günü ölkə ərazisindəki 118 dairənin 300 məntəqəsinin seçiciləri arasında sorğu aparacaq 600 intervüer, 85 supervayzerə tədqiqatın məqsədi, keçirilmə metodologiyası, iş qrafikı, vəzifə öhdəlikləri, sənədlər, o cümlədən anketlərlə işləməyi izah ediblər.

Seçimə düşən hər bir seçki məntəqəsinin qarşısında “ekzit-poll” tədqiqatını iki intervüer aparacaq. Orta hesabla hər 5 məntəqəyə 1 supervayzer təhkim olunacaq. Tədqiqatda ilk dəfə iştirak edəcək gənclərlə yanaşı, əvvəlki illərdə mərkəzin həyata keçirdiyi sosioloji sorğu və “ekzit-poll” tədqiqatlarında işləmiş peşəkarlar da var. Bakı, Abşeron, Sumqayıtda işləyəcək könüllülər üçün treninqləri üç gün ərzində “Ambassador Hotel”in konfrans zalında “ELS” MAM-ın sədri və eyni zamanda, sözügedən layihənin rəhbəri İradə Yaqubova keçirib.

Qeyd edək ki, martın 30-31 təlimlər Bərdə, Tərtər, Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Ağsu, Ağdaş, Qax, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Ağcabədi, Ağdam, Ucar, Beyləqan, Fizuli, Hacıqabul, Salyan, Şirvan, Masallı, Yardımlı, Cəlilabad, aprelin 1-də  Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Zaqatala, Balakən, Gəncə, Ağstafa, Qazax, Göygöl, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Goranboy, Yevlax, Kürdəmir, Lerik, Astara, Lənkəran, Biləsuvar, Neftçala rayonlarında “ekzit-poll” tədqiqatını aparacaq könüllülər üçün keçirilib.

Layihənin növbəti mərhələsində Mərkəzi qərargahdan regionlara “ekzit-poll” üçün tələb olunan müvafiq sənədlərin və ləvazimatların göndərilməsi prosesi başlayacaq. Aprelin 11-də intervüerlərin topladıqları anketlər gün ərzində 4 dəfə hesablanacaq, nəticələr mərkəzi qərargaha ötürüləcək.

Eyni zamanda, təcrübədə ilk dəfə olaraq saat 9.00-dan hər 1 saatdan bir qutuda toplanmış anketləri çıxararaq intervüerlər onlarda olan məlumatı sensorlu planşetdəki xüsusi proqrama daxil edəcəklər. “ekzit-poll”un yekün nəticələri seçki məntəqələri bağlanandan bir saat ərzində açıqlanacaq.

Qeyd edək ki, martın 24-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində “ekzit-poll” tədqiqatını aparması üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzini qeydə alıb.

2008-ci ildən etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə, istər prezident, istər parlament və bələdiyyə, istərsə də referendum zamanı “ekzit-poll” tədqiqatını uğurla həyata keçirən ELS” Müstəqil Araşdırmalar Mərkəzi İB bu sahədə kifayət qədər təcrübəyə və resurslara malikdir.

 

 

1905.az STUDIO
info@azerbaijan-election.net