Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Bolqarıstanlı müşahidəçilər görüşlər keçiriblər

Görüşlərdə seçki, siyasi, hüquq ekspertləri və media təmsilçiləri iştirak ediblər 

MSK-nın dəvəti ilə prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirəcək Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü Təşkilatının üzvləri seçki, siyasi, hüquq ekspertləri və media təmsilçiləri ilə görüşüblər.
Görüşdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Tamam Cəfərova, Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimli, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli, eləcə də media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Bolqarıstan təşkilatı rəhbərinin müavini Katya Mixaylova açdı. O, bolqar müşahidəçilərini təqdim etdikdən sonra bildirdi ki, təmsil etdiyi təşkilatın 30 illik təcrübəsi var və 2003-cü ildən başlayaraq, Azərbaycanda seçkiləri müşahidə edirlər. Bolqarıstanlı müşahidəçilər Azərbaycanda prezident seçkisi kampaniyası ilə bağlı görüş iştirakçılarının fikirləri ilə maraqlandılar.
Mübariz Əhmədoğlu qeyd etdi ki, Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı böyük təcrübə mövcuddur. O, cəmiyyətin seçkilərlə bağlı yetərincə məlumatlı olduğunu qeyd etdi və prezidentliyə namizədlərin Azərbaycanın bütün siyasi palitrasını təcəssüm etdirdiklərini vurğuladı. M.Əhmədoğlu bir sıra Qərb dairələrinin Azərbaycandakı seçki prosesinə baxışının həddindən artıq siyasiləşdirildiyini bildirdi.
Sahib Məmmədov qeyd etdi ki, onun rəhbərlik etdiyi təşkilat ABŞ-ın “Artur ənd Filkinşteyn” təşkilatı ilə birgə exit-poll keçirəcək. Artıq seçkiqabağı ilkin nəticələrlə bağlı ilk məlumatlar bu gün verilib. S.Məmmədov bildirdi ki, exit-poll Azərbaycanın 10 regionundan 7-ni, 40 dairə və 200 məntəqədə keçiriləcək.
Tamam Cəfərli bildirdi ki, MSK-nın keçmiş üzvüdür. O, seçki prosedurları ilə bağlı ətraflı məlumat verdi və qeyd etdi ki, hazırki seçki məcəlləsi ədalətli və şəffaf seçki prosesinin keçirilməsinə tam imkan verir. T.Cəfərli beynəlxalq müşahidəçilərin heç də hamısının xoş niyyətli olmamalarından gileyləndi.
Qorxmaz İbrahimli namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində problemlə rastlaşmadığını bildirdi. O, özünün də seçkidə müşahidəçi kimi iştirak edəcəyini vurğuladı.
Sonda media nümayəndələri beynəlxalq müşahidəçilərin prezidentliyə namizədlərin mediaya çıxış imkanları ilə bağlı suallarını cavablandırdılar.
http://kaspi.az/az/bolqaristanli-musahideciler-grusler-keciribler/
1905.az STUDIO
info@azerbaijan-election.net