AVCİYA-nın seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini açıqlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini təqdim edib. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təmsil etdiyi qurum may ayından başlayaraq 4 mərhələdə seçkilərin müşahidəsini həyata keçirir. Hazırda qurum birinci – seçki öncəsi mühitin monitorinqi mərhələsini yekunlaşdırıb. Bu mərhələdə 12 qəzetin monitorinqi aparılıb, 3 bülleten nəşr olunub.

M. Zülfüqarlı deyib ki, iyun ayında seçki ilə bağlı xəbərlərin sayı nisbətən artaraq – 2,47 faiz olub. Lakin may ayı ilə müqayisədə 0,21 faiz geriləmə müşahidə edilib.

Tədbirdə qeyd olunub ki, monitorinq ölkədə rəqabət qabiliyyətli seçki mühitini əks etdirə bilən 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzet arasında aparılıb. Yazıların 50 faizi “seçki prosesləri”nə, 19 faizi “iqtidar-müxalifət” mübarizəsinə, 31 faizi “namizədlərin təbliğatı”na həsr olunub. Monitorinq zamanı bəlli olub ki, iyun ayından fərqli olaraq, qəzetlərin səhifələrində və onların internet saytlarında seçki ilə bağlı yazıların sayında kəskin şəkildə çoxalma baş verib. Belə ki, ümumilikdə 12 qəzetdə 676 yazı çap olunub, onların internet səhifəsində isə 285 yazı yerləşdirilib.

İyul ayı üçün 373 çap yazısı (50 faiz) “seçki prosesləri”nə, 120 yazı (19 faiz) “iqtidar-müxalifət” mübarizəsinə, 183 yazı isə (31 faiz) “namizəd olacaq və ya olmaq ehtimallı şəxslərin təbliğatı”na həsr olunub.

Monitorinq aşkar edib ki, iyun ayı ərzində seçki xəbərləri, informasiyaların ümumi sayının 10,27 faizini təşkil edib.

M. Zülfüqarlı müşahidəçilər üçün avqustun 10-dan seminar keçiriləcəyini açıqlayıb: “Bütün bölgələrdə və məntəqələrdə AVCİYA müşahidəçilərinin olmasını təmin edəcəyik. Sentyabrın ortalarında bu iş yekunlaşdırılacaq. Məqsəd şəffaf və demokratik keçirilən seçkilərə öz töhfəmizi vermək, o cümlədən seçki fəallığı və qanun pozuntusunun olub-olmamasını müəyyənləşdirməkdir”.

1905.az STUDIO
info@azerbaijan-election.net